Bu sahəni monopoliyada saxlayanlar vətəndaşları talan edir
Azərbaycanda dərman sahəsinin monopoliyada olduğu sirr deyil. Dərman vasitələrinin bahalığı da məhz inhisarla bağlıdır. Iş hətta o yerə çatıb ki, ölkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə dərman preparatlarının qiymətinin bahalığından narazılığını ifadə etmək məcburiyyətində qalıb. O, bu sahədəki vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verdiyini vurğulayıb.
Lakin məsələ burasındadır ki, dərman sahəsini inhisarda saxlayan şirkətlərin hakim ailəyə məxsusluğu barədə iddialar var. Məlumat üçün deyək ki, hazırda bazarda “Avromed”, “Zəfəran”, “Zeytun” və “Riad Farm” şirkətləri hegemonluq edir. Bu şirkətlərdən “Riad Farm” istisna olmaqla digərlərinin hakim ailəyə bağlılığı barədə məlumatlar var. “Riad Farm”a gəlincə, bu şirkət də Ilham Əliyevin əmisi oğluna məxsusdur. Indi keçən dərman mafiyasının inhisarçılıq nəticəsində əldə etdiyi qazanca.
Rəsmi məlumatlara görə, 2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan 140 milyon dollar dəyərində dərman idxal edib. Bu aya 20 milyon dollar edirsə, deməli, il ərzində Azərbaycan 240 milyon dollar dəyərində dərman idxal edir.
2015-ci ilin yanvar ayının 21-də Milli Məclisin deputatı, “Avromed” şirkətinin idaretməsini həyata keçirən Cavanşir Feyziyevin müsahibəsi yayılıb. Həmin müsahibədə deputat bildirib ki, əhali il ərzində dərmana 700 milyon dollar xərcləyir. Göründüyü kimi Cavanşir Feyziyevin söylədiyi məbləğlə, rəsmi açıqlanan məbləğ arasında 460 milyon – yarım milyard dollara yaxın fərq var. Bu, fərq dərman mafiyasının illik qazancıdır. Cavanşir Feyziyev həmin müsahibədə onu da qeyd etmişdi ki, Azərbaycanda 2000-ə yaxın aptek fəaliyyət göstərir. Əgər ölkəyə il ərzində 240 milyon dollarlıq dərman idxal edilirsə bu hər aptekin payına ayda təxminən təxminən 10 min dollarlıq dərman düşür. Bu isə gündəlik 333 dollar edir. Azərbaycanda hansısa aptekin günlük alverinin 333 dollar olduğuna inanmaq isə sadəlöhvlükdən başqa bir şey deyil. 333 dollar bəzi hallarda iki resseptdə yazılan dərmana bəs etmir. Göründüyü kimi monopolistlər əhalini sadəcə soymaqla məşğuldur. Yeri gəlmişkən, Cavanşir Feyziyev yenə həmin müsahibədə qeyd etmişdi ki, əgər dövlət tənzimlənməsi həyata keçirilərsə dərmanların qiymətini minimum 25 faiz ucuzlaşdırmaq mümkündür. Bu dərmanların alındığı qiymətdən dəfələrlə baha qiymətə satıldığını bir daha ortaya qoyur.