Məhəmməd Talıblı: «Bu cür sürətli xərclənmə vəsaitin tükənməsinə aparır»
Dövlət Neft Fondunun (DNF) 2014-cü ilin yanvar-iyun ayları ərzində büdcə gəlirləri 6,493 milyard manat, büdcə xərcləri isə 5,163 milyard manat təşkil edib. Xərclərin təqribən 79,5 faizi xərclənib. DNF-nin yaydığı hesabatda bildirilir ki, ilin ilk altı ayı ərzində Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6,374 milyard manat təşkil edib. Bu ilin yanvar-iyun tarixləri ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirləri isə 118,8 milyon manat olub (“Bizim yol”).
Hesabata görə, Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 4,883 milyard manat vəsait dövlət büdcəsinə transfert edilib.
2014-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 26,2 milyon manat təşkil edib.
2014-cü ilin ilk altı ayı ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fond 6,5 milyon manat gəlir əldə edib. Burada qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 78,1 milyon manat, ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların dəyişməsindən dəyən zərər isə 71,6 milyon manat olub.
Neft Fondunun gəlirləri gələcək nəsillər üçün nəzərdə tutulsa da, biz hazırda fərqli mənzərəni müşahidə edirik. NF əldə etdiyi gəlirlərin, demək olar, hamısını ya büdcəyə transfertlər, ya da birbaşa investisiya lahiyələrinə yönəltməklə xərcləyir.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, NF-nin aktivlərinin idarə olunması hazırda aşağı faizlərlə həyata keçirilir. NF-nin vəsaitlərinin gələcək nəsillərə saxlanılması ilə bağlı əvvəlki bəyanatlara hazırda riayət edilmədiyini deyən M.Talıblı vurğuladı ki, bu formada xərcləmə ondan xəbər verir ki, neft gəlirlərinin sürətlə xərclənməsi kursu götürülüb: “Əvvəlki illərlə bağlı müqayisə aparsaq görərik ki, Neft Fondunun illik gəlirlərinin 97 faizi həmin il ərzində xərclənir. Bu cür sürətli xərclənmə vəsaitin tükənməsinə aparır. Aktivlərin idarə olunması isə hazırda yüksək faiz gətirmir. Hətta bəzi illərdə bu heç bir faizə çatmır. Ölkədəki komerssiya bankları isə maliyyə vəsaitinin tapılması üçün xarici banklara müraciət edirlər. Bu isə ölkədəki faiz dərəcələrinin yüksəlməsinə səbəb olur”.
M.Talıblı hesab edir ki, NF-nin aktivlərinin hazırda idarə olunması siyasəti tamamilə yanlışdır. “Eyni zamanda əldə olunan gəlirlərin sürətlə xərclənməsi və düzgün idarə olunmaması gələcək nəsillərin ehtiyaclarının qarşılanmasında effektiv olmayacaq. Çünki Neft Fond ölkə iqtisadiyyatını post neft dövrünə hazırlamalı idi. Bu dövr isə qeyri-neft sektorunun inkişafına vəsaitlər tələb edəcəkdi. Neft gəlirlərinin aşağı düşdüyü bir zamanda Neft Fondunun vəsaitlərinin tükənməsi ciddi fəsadlar yarada bilər”, deyə M.Talıblı vurğuladı.
Xəyal