Qorunmayan əmanətlərin sayı artıb
2014-cü ilin I rübündə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,6% artaraq 6,077 mlrd. manata çatıb. Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumata görə, fiziki şəxslərin məcmu əmanətləri maliyyə sektoru istisna olmaqla, ümumi əmanətlərin 67%-ni təşkil edib.
Məlumata görə, illik müqayisədə qorunmayan əmanətlərin həcmində artım müşahidə olunub. Əgər 2013-cü ilin I rübündə fiziki şəxslərin əmanətlərinin 34%-i, yəni 1,76 mlrd. manatı qorunmayan əmanətlər idisə, bu ilin eyni dövründə fiziki şəxslərin əmanətlərinin 41,3%-ni, yəni 2,51 mlrd. manatını qorunmayan əmanətlər təşkil edib.
Fond, 2013-cü ilin avqustunda qorunan əmanətlər üzrə faizin yuxarı həddini 12%-dən 10%-ə salan ərəfədə (2013-cü ilin 3-cü rübünün sonunda) əhalinin əmanətlərinin (cəmi 5,8 mlrd. manat) 34%-ni (1,97 mlrd. manatını) qorunmayan əmanətlər, 66%-ni (3,87 mlrd. manatını) isə qorunan əmanətlər təşkil edirdi.
Qorunmayan əmanətlərin artmasının səbəbi nədir?
Xatırladaq ki, ötən ilin əvvəlində qorunan əmanətlər 38 faiz təşkil etdiyi halda daha sonra 36 faizə düşdü. 2013-cü ilin avqust ayında Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlərin faizini 12 faizdən 10-ə saldı. Daha sonra gözləmək olardı ki, qorunan əmanətlərin həcmi artmaqda davam edəcək. Insanlar tərəddüd edəcək və qorunmayan əmanət yatırtmayacaq. Amma proseslər başqa situasiyanı göstərdi. Situasiya ondan ibarət oldu ki, insanlar hansı bankların bağlanma ehtimalının olmadığını bilərək yenə də həmin banklarda yüksək faizlə əmanət yerləşdirməkdə davam edirlər. Çünki məqsəd yüksək gəlir götürməkdir. Bu səbəbdən də qorunmayan əmanətlərin sayı azalmaq əvəzinə bir qədər də artıb.
Fizzə