Nemət Əliyev: «Bunun əsas səbəbi hökumətin yeritdiyi iqtisadi və sosial siyasətin səhv olmasıdır»
Iqtisadi cəhətdən geriyə addımlamaqda davam edirik, bunu axır ki, rəsmi tərəf də etiraf edib. Belə ki, Azərbaycanda keçən il Ümumi Daxili Məhsul (ÜDM) istehsalı cəmi 0,1 faiz artıb. Hesabat ilində ÜDM artımı qeyri-neft sektorunda müəyyən qədər olsa da, neft sektorunda 9,3 faiz azalma müşahidə edilib. ÜDM istehsalına görə Azərbaycanın dünyada lider ölkə olmasını hallandıran rəsmi çevrənin söylədiklərinə rəğmən, istehsal kəskin şəkildə aşağı düşüb. Azərbaycanın 0,1 faiz artımla MDB məkanında ən axırıncı yeri tutduğu da bəlli olub.
Iqtisadçı-ekspert Nemət Əliyevin qənaətincə, hökumət vaxtilə danışdığının indi əzabını çəkməyə məcburdur. Zamanında hökumət ÜDM istehsalının aşağı düşməsi barədə çağırışlara məhəl qoymayıb, ona görə də real mənzərə yaranıb: “Nəticədə ÜDM istehsalının artım tendensiyası kəskin şəkildə aşağı düşüb. Bunun ümdə səbəbi hökumətin yeritdiyi iqtisadi və sosial siyasətin səhv olmasıdır. Azərbaycan hökuməti qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatı, emal sənayesinin inkişafına lazım olan dəstəyi verməyib, o istiqamətdə həlli vacib olan problemləri həll etməyib, monopoliya, korrupsiya, rüşvətxorluq və haqsız rəqabətin aradan qaldırılması istiqamətində konkret iş görməyib. Nəticədə ÜDM istehsalı bu qədər aşağı düşüb. Nəinki bir sektorda, ölkə üzrə ÜDM-in səviyyəsi kəskin şəkildə aşağı düşəcək”.
N.Əliyev vurğuladı ki, anbarlarda 10 milyon tondan çox xam neft var, Azərbaycan hələ onun satışını həyata keçirə bilməyib. Ciddi işlər görülməlidir ki, ÜDM-nin artım tempinin aşağı düşməsinin qarşısını almaq mümkün olsun. Bunu, xüsusilə qeyri-neft sektorunu inkişaf etdirməklə aradan qaldırmaq mümkündür: “Hökumət ciddi tədbirlər görməlidir, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətində real iş görülməsə, artım tempinin aşağı düşməsi prosesi davamlı olacaq”.
Nigar