Qubad İbadoğlu: «Bu yola necə başlamışıqsa, elə də davam edəcəyik»
«Müsavat Milli Şuranın 9 noyabr mitinqinə dəstək verməməkdə düzgün addım atmadı»
Müsavat Partiyasının qurultayından sonra mübahisələr səngimək bilmir. Tənqidlər, bir-birlərini ittihamlar, partiyadan xaric edilmələr və s. Noyabrın 8-də isə başqanlığa keçmiş namizəd Qubad Ibadoğlunun tərəfdarlarıyla görüşü keçirilib.
Narazılar “Işçi Qrup” yaratdılar
“Report”un məlumatına görə, görüşdə Q.Ibadoğlunun tərəfdarı, partiyanın Məclis üzvü Vurğun Əyyub deyib ki, qurultaydan yola necə başlamışıqsa, elə də davam edəcəyik. Onun sözlərinə görə, partiyada narazılara qarşı təhqir kampaniyası aparılır: “Sözümüzü həmişə açıq demişik, başqalarından fərqli olaraq, təhqir, böhtanla məşğul olmamışıq. Müsavatın yaradıcılarından olan Vurğun Əyyubu sonradan partiyaya gəlmiş şəxs qovmaqla hədələyir. Bu hərəkətlərə son qoymalıdırlar”.
V.Əyyub qeyd edib ki, qurultayın legitimliyini tanımır: “Qurultaydan sonra Məclisə səlahiyyət verilməyib. Amma bunlar Divana seçkilər keçirirlər. Bu da nizamnamə pozuntusudur”.
Q.Ibadoğlu çıxışı zamanı bildirib ki, görüşü təşkil etməkdə məqsəd partiyada birlik, barışıq yaratmaqdır: “Müsavatda münasibətlər gərginləşməli deyil. Hesab edirəm ki, partiya inkişaf etdirilməlidir. Bu yola necə başlamışıqsa, elə də davam edəcəyik. Partiyada qalıb, fəaliyyətimizi davam etdirmək əzmindəyik”.
Başqanlığa keçmiş namizəd qeyd edib ki, Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) təqdim edilən arayışa verilən rəydən görünür ki, MNTK arayışı araşdırmayıb. O bildirib ki, MNTK rəyin hazırlanması zamanı opponent mövqeyindən çıxış edib: “Onlar bizə hüquqi deyil, siyasi cavab veriblər. MNTK çox maraqlı faktları üzə çıxarıb. Burada açıq-aşkar görünür ki, qurultay nümayəndələrini kvota ilə müəyyən ediblər, bu da mərkəzdən idarə olunub. Belədirsə, deməli, nizamnamə qaydaları pozulub. Biz Müsavat Partiyasının nizamnamə əsasında idarə olunmasının tərəfdarıyıq. Təəssüflər olsun ki, qurultaydan sonra da partiyanın idarə olunmasında problemlər mövcuddur. Hazırda partiyada strukturlaşma göstərir ki, burada bir qrupun maraqları təmin olunur. Bu da partiyanın inkişafına əngəl olur”.
“Ziyalıları təhqir edirlər, onların başında Arif Hacılı dayanır”
Q.Ibadoğlu partiyadakı gərginliyi həll etmək üçün Işçi Qrupunun yaradılmasının vacibliyini vurğulayıb: “Fraksiya yaratmaq niyyətində deyilik. Yaradılan istənilən fraksiya bir qrupun maraqlarına cavab verəcək. Biz qrupbazlıqla məşğul olmayacağıq. Fraksiyanın pis nümunəsini Azərbaycan Xalq Cəbhəsində (AXC) görmüşük. Ona görə də onu Müsavat partiyasına tətbiq etmək niyyətində deyilik. Amma bu məsələ diqqət mərkəzindədir. Fraksiya yaradılsa belə, qrup maraqlarına deyil, ideoloji maraqlara cavab verəcək. Biz çoxluğun maraqlarını əsas götürürük. Düşünürəm ki, partiyada mövcud durumla bağlı Işçi Qrupunun yaradılması vacibdir. Həmin qrupda istənilən partiya üzvü təmsil oluna bilər”. Başqanlığa digər sabiq namizəd Səxavət Əlisoy partiyada qurultaydan sonra baş verənlərə görə Arif Hacılını ittiham edib: “Partiya rəhbərliyi bizə qarşı sosial şəbəkələrdə kampaniya aparırlar. Ziyalıları təhqir edirlər, onların başında Arif Hacılı dayanır. Qardaşlarının vasitəsilə bunu həyata keçirir. Kim Arif Hacılıya tabe olmur, onu hədəfə alırlar. Bunlara qarşı mübarizə aparmaq lazımdır, buna görə də Müsavatda fraksiya yaradılmalıdır”.
Partiyanın Məclis üzvü Rüfət Əliyev isə çıxışı zamanı deyib ki, növbədənkənar qurultayın keçirilməsi vacibdir: “Narazıları bir araya gətirmək lazımdır. Bunun adı fraksiya da ola bilər. Bundan sonrakı mərhələdə isə imza toplayaq, növbədənkənar qurultayın keçirilməsini tələb edək”. Tədbirdə çıxış edənlərin bəziləri də növbədənkənar qurultayın keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Sonda Müsavat Partiyasındakı mövcud vəziyyətin təhlil edilməsi üçün Işçi Qrupu yaradılıb. Işçi Qrupunun formalaşdırılması üçün Qubad Ibadoğlu, Səxavət Əlisoy, Tural Abbaslıya səlahiyyət verilib.
“Müavinlərin səviyyəsiz çıxışlarından üzülürəm”
“Müsavat Partiyasının qurultayında say komissiyasında təmsil olunurdum. Burada hər hansı bir saxtakarlığın olması mümkün deyildi. Lakin əsas olan seçkiöncəsi proseslərdir. Məhz seçkiöncəsi proseslərə görə qurultayın nəticələrini legitim hesab etmirəm və Arif Hacılını başqanlıqdan istefa verməyə çağırmışam”. Bunu “Report”a Müsavat Partiyasının Zəngilan rayon təşkilatının sədri Rüfət Əliyev deyib.
O, Müsavatın kiminsə şəxsi mülkü olmadığını deyib: “Buna görə də hələ istefa verməyi düşünmürəm. Amma gərək sözün keçməyən yerdə sözünü deyil, yerini dəyişməlisən”.
R.Əliyev hazırkı başqan müavinlərinin qurultaydan narazı qalanları aşağıladıqlarını da deyib: “Bizimlə bağlı tədbir görəcəklərini deyirlər. Nə istəyirlər, etsinlər. Müavinlərin səviyyəsiz çıxışlarından üzülürəm. Elman Fəttah kimi savadlı insan partiya rəhbərliyinin tam nəzarətinə keçib. Onun öz fikri yoxdur. Bu insanlar aşağılamaq ritorikasından kənara çıxa bilmirlər”.
O, Müsavat Partiyasının hazırkı rəhbərliyinin Milli Şuranın 9 noyabr mitinqinə dəstək verməməkdə düzgün addım atmadığını söyləyib: “Müsavat Partiyası Milli Şuranın mitinqinə niyə qatılmadı? Mitinq tərəfdarları olan insanlar indi Milli Şuranın təşkil etdiyi mitinqə dəstək vermədilər. Müsavat görün nə vəziyyətdədir ki, proseslərdən kənarda qalıb. Yəqin ki, Qubad Ibadoğlunun tərəfdarları mitinqə dəstək verəcək”.
Müsavat Partiyasının başqan müavini Elman Fəttah isə “Report”a açıqlamasında onun və partiyanın barəsində deyilənləri əsassız saydığını bildirib. O deyib ki, partiyanın seçkili orqanlarında idarəçilik demokratik sistemlərə əsaslanıb: “Kiminsə partiya haqqında mənfi rəy bildirməsinə təəssüflənirəm. Müsavat Partiyasının başqan müavinlərinin və üzvlərinin hər hansı təsir altına düşməsi ilə bağlı deyilənlər də doğru deyil. Partiyada tam demokratiyanın olmamasını iddia etmək böhtandır”.
Başqan müavini qeyd edib ki, partiyada müavinlər səviyyəsində qurultaydan narazı qalanların aşağılanması ilə bağlı deyilənlər də həqiqətəuyğun deyil: “Partiyada heç kimi mövqeyinə görə aşağılanmır. Müsavatda tam demoratik mühit mövcuddur. Hər hansı partiya üzvü mənim barəmdə mənfi fikir səsləndirsə belə, onun haqqında fikirlərim dəyişməz qalır. Yəni etikadan kənar ifadələrə belə, aqressiya göstərmirəm”.