«Bir neçə məmurun bank hesabları dondurulsa, ölkədə çox böyük dəyişikliklər olacaq»
«Təcridxanaya basqın zamanı daxili qoşunlar, qara maskalılar məhbuslara divan tutub»
Qurban Məmmədov: «Azadlıq» qəzetinin fəaliyyətini dayandırmaması üçün evimi də satmağa hazıram»
Müsahibimiz keçmiş siyasi məhbus, Milli Şuranın üzvü Qurban Məmmədovdur. Q.Məmmədov həbsdə olduğu müddətdə hakimiyyətin repressiya siyasəti daha da sürətləndi. Ölkənin tanınmış ictimai-siyasi xadimləri, vəkilləri, hüquq müdafiəçiləri həbsə atıldı. Müsahibəmizə elə bu məqamla başlamaq qərarına gəldik.
– Qurban bəy, həbsə girməmişdən əvvəlki Azərbaycanla hazırkı Azərbaycan arasında hansı fərqlər var? Nələr dəyişib?
– Azərbaycanda həyata keçirilən tikinti layihələri, çəkilən yollar millətin inkişafı, tarixi kökləri baxımından dəyişiklik hesab edilə bilməz. Sadəcə olaraq dəyişən odur ki, ötən müddət ərzində ölkədə irtica daha da güclənib, vətəndaş cəmiyyətinə basqı daha da güclənib. Adamların daxilindəki mənin, şəxsiyyətin əzilməsi prosesi gedir. Vətəndaşlarımızın əzilmə, onların simasız bir kütləyə çevrilməsi prosesi güclənib. Hətta son bələdiyyə seçkilərində cəmiyyətdə baş verən süstlük, tam biganəlik məni qorxutdu. Dünyada, tarixdə kütləvi şəkildə intihar edən millətlər olub. Avropada vaxtilə Ket tayfaları olub. Bu tayfalar Roma Imperiyasının hücumları nəticəsində Sezarın basqısına tab gətirə bilmədiyindən özlərinə qəsd ediblər. Toparlana bilməyən, öz rəhbərlərinə inanmayan xalqlar kütləvi şəkildə intihar ediblər. Həmin xalqların bəzilərinin dilləri yaşasa da, özləri yoxdur. Cəmiyyətdə sosial biganəlik, ümidsizlik daha da dərinləşib.
“Təcridxanaya hücumdan sonra ola bilsin ki, məhbuslardan kimlərsə ölüb”
– Həbsdən çıxdıqdan dərhal sonra verdiyiniz müsahibədə 14 saylı cəzaçəkmə müəssisəsində baş verənlərlə bağlı maraqlı məqamlara toxundunuz. Həmin hadisəyə rəsmi strukturlar hələ də gözlənilən reaksiyanı verməyiblər. Bundan başqa, həmin olaydan sonra “Tubzon”a köçürülən məhbuslardan da xəbər yoxdur. Nə baş verir?
– Mən hakimiyyətin hazırda bu məsələdə tutduğu mövqeyə həm təəccüblənirəm, həm də təəssüflənirəm. Təəssüflənirəm ona görə ki, bütün bunlar bizim dövlətdə baş verir. Azərbaycanı idarə edən hakimiyyət dünyada kifayət qədər tanınıb. Bu tip əməllərlə hakimiyyət özünü daha da nüfuzdan salır, batırır. Amma təəccüblənirəm ona görə ki, cəmiyyət onsuz da hər şeyi bilir. Nahaq qan yerdə qala bilməz. Nə qədər gizlətməyə çalışsalar da, Elşad Babayevin döyülməsini görən adamlar var. Mən və başqa məhbuslar həmin müəssisədə olmuşuq. Elşad Babayev ölən zaman onun yanında bir məhbus olub. Həmin təcridxanada məhbusu cəzalandıran zaman əvvəlcə “doplixod” deyilən bir yerə yerləşdirirlər. Həmin yerdə məhbus susuz, paltarsız şəkildə bir müddət saxlanılır. Elşad Babayevin də başına bu zülm gətirilib. Bunu mənə məhbuslar danışıblar. Əgər əksini sübut etmək istəyirlərsə, həmin yeri açsınlar, mən mətbuat işçiləri ilə bərabər ora baxış keçirərək, hadisənin necə olduğunu sübut edirəm. Hazırda “Tubzon”da saxlanılan məhbuslara gəlincə, dekabrın 22-də təcridxanaya basqın zamanı, daxili qoşunlar, qara maskalılar məhbuslara güclü divan tutub. Məhbusların başına elə müsibət açılıb ki, onların xəsarət almaması, daxili orqanlarının zədələnməməsi mümkün deyil. Hətta ola bilsin ki, kimlərsə ölüb. O cür təzyiqə məruz qalan insanın sağ qalması möcüzə olar. Güman ki, onların arasında ağır xəsarət alan, işgəncəyə məruz qalanlar var deyə onları bu qədər müddətdir ki, yaxınları ilə görüşdürmürlər. Sizin qəzetiniz vasitəsilə hakimiyyət orqanlarına, Mədət Quliyevə müraciət edirəm. Baş verən neqativ məqamları dərhal aradan qaldırmaq lazımdır. Əgər hətta lazım bilsələr, şəxsən mən məhbusların valideynləri ilə birgə “Tubzon”a, 14 saylı həbsxanaya gedərək məsələyə aydınlıq gətirməyə hazıram. 14 saylı təcridxanada döyülənlərin on bir nəfəri ağır vəziyyətdə “Tubzon”a aparılıb. Digərlərini isə 14 saylı həbsxanada yerləşən cərimə təcridxanasına aparıblar. Oradan da məhbusları bir-bir tibb məntəqəsinə gətirərək, yardım ediblər. Amma onu da vurğulamaq lazımdır ki, dustaqların hərəkətlərində də qanunsuzluğun müəyyən əlamətləri var. Məhbusların törətdikləri dağıntılar, nəzarətçilərə, zabitlərə hücum edib onları döyməsi bəyənilə bilməz, kəskin qınanılmalıdır. Amma ilk baxışda məhbusların hərəkətlərində cinayət əməli olsa da, biz onların bunu niyə etdiyini düşünməliyik. Onlar bu addımı məhbus yoldaşlarının vəhşicəsinə döyülərək öldürülməsinə və qatilinin gizlədilməsinə etiraz əlaməti olaraq ediblər. Ona görə məhbusların addımları son zərurət halında edilmiş hərəkət kimi dəyərləndirilməlidir. Məhbuslar cəzalandırılmamalı idilər və bundan sonra da onlara cəza tətbiq edilməməlidir. Dövlət vətəndaşına sahib çıxmalıdır ki, dövlətlə vətəndaş arasında münasibətlər mülayimləşsin, barışıq yaransın. Yoxsa, hazırda baş verənlərin davam etməsi yolverilməzdir. Görünür, hakimiyyətdə müəyyən addamlar var ki, ölkədə vəziyyətin qarışmasının tərəfdarıdır. Çünki bu cür hadisələr artdıqca, xalq birdən-birə ayağa qalxa bilər. Bunu hamının başa düşməsi lazımdır. Azərbaycanda kortəbii üsyanlara doğru addımlar atılır. Bu nə müxalifətə, nə hökumətə, nə də millətə xeyirdir. Həmin gün mən və ya başqası da ölə bilərdi. Bu cür halların baş verməsinin qarşısı alınmalıdır. Hakimiyyətdə olanlardan da heç kim bundan sığortalanmayıb. Ortada Əli Insanov, Fərhad Əliyev nümunəsi var. Ona görə bu məsələdə ictimai qınaq gücləndirilməlidir. Bir an da olsun Elşad Babayevin qatillərinin işlərini nəzarətsiz qoymaq olmaz.
“Toplumu bu qədər sıxmaq olmaz”
– Sizin həbsinizdən dərhal sonra ölkənin tanınmış simaları bir-bir azadlıqdan məhrum olundu. Bu cür addımlarla hakimiyyət nəyə nail olmağa çalışır?
– Göbelsin bir “Yalan” adında nəzəriyyəsi var. Həmin nəzəriyyədə deyilir ki, “yalanı hər an, tez-tez və ən böyük formada danış”. Çünki ən böyük yalanı eşidəndə insanlar deyir ki, bu qədər də olmaz. Həmin nəzəriyyədə də uyğun olaraq hakimiyyət addımlar atır. Hakimiyyət insanın ağlına gəlməyən adamları həbs edir ki, başqaları qorxsun. Intiqam Əliyev kimi vətəndaşı həbs olunan dövlətə, vətənə nə dövlət, nə də vətən deyərlər. Bu, ağlagələn bir şey deyil. Təbii ki, Intiqam Əliyev, Leyla Yunus və başqa tanınmışların həbsindən sonra cəmiyyətdə dərhal belə bir rəy oturuşur ki, “yəni bu şəxsləri həbs edən hakimiyyət mənə nə edər”. Necə 98-ci ildə məni bir vəkil kimi tutan zaman cəmiyyətdə şok yaşanmışdı, hazırda da toplumda eyni hisslər hökmrandır. Hakimiyyət bu adamları həbs etməklə nəsə uğur əldə etməyib. Bu tip hərəkətlərin bir geri dönümü var. Nifrəti və qəzəbi içinə yığan toplum bir gün yay kimi açılacaq. Allah dövlətimizi həmin açılışdan qorusun. O zaman Azərbaycanda böyük faciələr ola bilər.
“Evimi AXCP-yə ofis kimi də təklif etmişdim, Əli Kərimli buna razılıq vermədi”
– Hakimiyyət eyni zamanda azad mətbuata qarşı da basqılarını gücləndirib. “Azadlıq” qəzeti bir neçə dəfə fəaliyyətini dayandırmalı olub. “Azadlıq” radiosunun fəaliyyətinə əngəllər yaradılır. Baş verənləri necə dəyərləndirirsiniz?
– Mən bütün bu məlumatları təcridxanada olarkən eşidirdim. “Azadlıq” qəzeti ilə bağlı durum ürəyimi ağrıdır. Çünki bu qəzeti mən öz doğma qəzetim bilirəm. Bu qəzetin meydanda yayılmasında, rayonlara paylanmasında şəxsi rolum olub. Hətta mən bəzi yoldaşlara təklif etmişdim ki, evimi qəzetə görə satmağa hazıram. Təki qəzet fəaliyyətini dayandırmasın. Hətta öz evimi AXCP-yə ofis kimi də təklif etmişdim. Amma Əli Kərimli buna razılıq vermədi. Sonrakı hadisələr göstərdi ki, bunlar AXCP-nin ofisini də partlatmağa hazır imiş. Baş verənlər acınacaqlıdır. Söz və mətbuat azadlığının olmadığı ölkədə ilk növbədə batan rejimlərin özü olur. Ona görə də xalq, toplum öz söz adamlarına sahib çıxmalıdır. Millətin çox ləyaqətli övladları var. Onlar demokratik qüvvələrə yardım etmək istəyirlər. Sadəcə olaraq bunun yolunu bilmirlər. Həmin işi təşkil etmək lazımdır və həmin iş adamlarını da hakimiyyətdən qorumaq gərəkdir. Hər halda dünyada mətbuata basqı üzrə dövlətlərin siyahısında birinci olmaq dövlətimizə başucalığı gətirmir. Xaricə gedəndə bəzən Azərbaycandan olduğumuzu gizlətməyə çalışırıq. Adam utanır ki, iyirmi faiz torpağı işğal altında olduğu halda dubinkanı əlinə alıb silahsız dustağı döyüb, öldürür, məhkəməsində bazar var.
“Hakimiyyətə qarşı sanksiyalar çoxdan tətbiq olunmalı idi”
– Dünyanın aparıcı ölkələrində Azərbaycanla bağlı durum müzakirə olunur. Ölkəmizdə bu cür durumun yaranmasına görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi nəzərdə tutulub. Bu cür tendensiyanı necə dəyərləndirirsiniz?
– Bu barədə “Azadlıq” qəzetində bir məqaləm də çap olunub. Mən bəzən Avropanın və ABŞ-ın Azərbaycanda demokratik rejimin yaranmasında maraqlı olduğuna inanmıram. Hərdən Qərbdən gələn reaksiyalara təəccüblənirəm. Azərbaycanda neçə ildir seçki saxtalaşdırılır. Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar çoxdan tətbiq olunmalı idi. Amma gec də olsa hakimiyyətə qarşı bu addımı atmaq istəyirlərsə, sağ olsunlar. Hakimiyyətə qarşı təzyiq yolu yalnız budur. Ölkədə baş verənlər yalnız bir dövlətin daxili işi ola bilməz. Rejimlərin müəyyənləşməsini artıq xalqların daxili işi kimi qəbul etmək olmaz. Dünya qloballaşır. Dünya vahid bir orqanizmdir. Insan bədənində bir barmaq ağrayan zaman bütün orqanizm əziyyət çəkir. Hazırda Rusiya kimi böyük dövləti sanksiyalar ilə çökdürüblər. Buna da səbəb idarəçilik sistemidir. Dövlətlərin birində diktaturanın qurulması gec-tez bütün dünyanı narahat edir. Bu baxımdan düşünürəm ki, seçkinin keçirilməsi bütün dünya üzrə vahid bir mərkəzə verilməlidir. Seçkini onlar keçirməlidirlər. Çünki Azərbaycanda seçkilərin saxtalaşdırılması nəticəsində həm qonşulara, regiona, o sıradan Amerikaya ziyan dəyir. Ona görə mən Azərbaycana sanksiyaların tətbiqi ilə bağlı səsləndirilən fikirləri müsbət dəyərləndirirəm. Bu siyahını daha da genişləndirmək lazımdır. Sanksiyalarla bağlı Qənimət bəyin “Azarbaycan Saatı” üçün hazırladığı veriliş, ümumiyyətlə, son buraxılış çox uğurlu idi. Çalışmaq lazımdır ki, beynəlxalq təşkilatların bu istiqamtdəki təşəbbüsləri bir qədər sürətləndirilsin. Düşünürəm ki, Azərbaycanda bir neçə məmurun xarici banklardakı hesabları dondurulsa, onlara viza verilməsə, ölkəmizdə çox böyük dəyişikliklər olacaq.
– Uzun illər idi ki, hakimiyyət ölkənin tanınmış şəxslərini, demokratik düşərgəni nəzarətdə saxlayıb. Dövlətin hüquq mühafizə sistemi buna cəlb olunub. Nəticədə ölkədə dini təriqətlər möhkəmlənib. Indi məlum olur ki, azərbaycanlılar Suriyada, IŞID-in nəzarəti altında olan ərazilərdə vuruşur. Baş verənlər Azərbaycana hansı təhlükəni vəd edir?
– Bu nəticələr Azərbaycan hakimiyyətinin son on beş ildə apardığı yarıtmaz siyasətin nəticəsidir. Din dövlətdən ayrıdır deyərək bir yandan ölkədə dinə basqı uyqulamaq, digər yandan bəzi cərəyanları təşviq etmək yolverilməzdir. Bu siyasətin ən dəhşətli faciələrini yaxın üç-dörd ildə hiss edəcəyik. Azərbaycanda vicdan azadlığı yoxdur. Ölkədə dini dəyərlərin, təriqətlərin güclənməsini alqışlayıram. Çünki, Azərbaycanın bəzi polisləri, məmurları, prokurorları kimi Allahsızlıqdansa, şeytana uymaqdansa, xoşlamasaq da hər hansı təriqətə mənsub olmaq daha məqsədəuyğundur. Çünki birincilərin ziyanı daha böyükdür. Amma Azərbaycan telekanallarında əxlaqsızlığın reklamı əvəzinə elmi, düşündürücü, dini tərbiyə olan verilişlərə yer verilsəydi, bu cür durum yaranmazdı. Açıq şəkildə bəyan və müzakirə olunmalıdır ki, şiələr, vəhabilər nə istəyir, sələfilər kimdir, Islam nədir, biz necə yaşamalıyıq? Dəyərlərimiz televiziya vasitəsilə təbliğ olunsaydı, belə durum yaranmazdı. Biz nə qədər desək də ki, tolerantıq, amma gec-tez Azərbaycanda dini sahədə partlayış gözləyirəm. Buna yol vermək olmaz. Allah dili insana danışmaq üçün verib. Ölkədə baş verənlər müzakirə olunmalıdır. Peyğəmbər oxuya bilmirdi. Allahın ona göndərdiyi ilk söz “oxu” idi. Ölkədə vətəndaşı təhsil almağa, oxumağa qoymurlar. Oxumaq istəyənə isə “Quran”, kitab yox, mahnı oxudurlar. Mən özüm namaz qılıram. Dinin tələblərinə əməl etməyə çalışıram. Amma Azərbycanda əsl Islam təbliğ olunmur. Biz bəzən geyimimizlə, hərəkətlərmizlə bəzi müsəlman qardaşlırımızı qıcıqlandırırıq. Xristian dünyasına fikir verin. Onlarda müəyyən sapıntılar, kənara çıxmalar var. Amma Azərbaycanı hələ də xilas etmək mümkündür, hələ də gec deyil.
Xəyal