Boris Nemtsov: «Dünyada belə təəssürat yaranıb ki, Kremldə əyləşən psixi cəhətdən xəstə insandır»
«Azərbaycanda baş verən cinayətləri, hüquq müdafiəçilərinə, müxalifətə qarşı törədilənləri xalq unutmayacaq»
Rusiya müxalifətinin Koordinasiya Şurasının üzvü, tanınmış siyasətçi və dövlət xadimi, “Həmrəylik” hərəkatının yaradıcısı və lideri, “RPR-PARNAS” siyasi partiyasının həmsədri, Yaroslavl vilayət dumasının üzvü Boris Nemtsov “Azadlıq” qəzetinə müsahibə verib.
Nemtsov hazırda Putin rejiminə, xüsusən də onun Ukrayna siyasətinə qarşı kəskin və ardıcıl çıxışları ilə fərqlənir.
Onunla müsahibəmizin mövzusu da əsasən Putin rejiminin hazırkı siyasəti və bu siyasətin qonşu dövlətlərlə münsibətlərə təsiri olub. Nemtsov eyni zamanda Azərbaycanda demokratikləşmə və insan haqları sahəsində vəziyyətlə bağlı suallara da cavab verib.
– Rusiya barəsində iki fikir mövcuddur. Biri budur ki, Rusiyanın imperialist maraqları dünyada təhlükəsizliyə ciddi təhdiddir. Ikinci fikirə görə, Rusiya dövlətinin və cəmiyyətinin belə maraqları yoxdur, yürüdülən aqressiv siyasət hakimiyyətin öz niyyətini gizlətmək cəhdidir. Siz bu barədə nə düşünürsünüz?
– Düşünürəm ki, hazırda Putinin başlıca amalı nəyin bahasına olursa-olsun hakimiyyəti əlində saxlamaqdır. Əgər buna görə Gürcüstan, Ukrayna, hətta Azərbaycanla müharibə etmək lazımdırsa, bu, olacaq. Bu şəxs strateji düşünə bilmir. Əgər o strateji düşünsəydi, anlayardı ki, yürütdüyü siyasət ağılsızdır və Rusiyaya qarşı yönəlib. Amma Putinin qarşısına qoyduğu hədəf tam başqadır – hakimiyyəti əlində saxlamaq. Gürcüstanla müharibədə olduğu kimi, Ukrayna ilə də aparılan hərbi əməliyyatlarda da onun hərəkətləri vətəndaşlar tərəfindən dəstəklənir. Bu isə reytinqin artması və hakimiyyətin daha da möhkəmlənməsi deməkdir. Putinin yürütdüyü siyasətdə bütün məntiq bundan ibarətdir.
“Rusiyanın hazırkı imici çox dəhşətlidir”
– Rusiyanın hazırda Ukrayna, o cümlədən Qərblə olan gərgin münasibətləri ölkə iqtisadiyyatına böyük zərbə vurdu. Bəs bu prosesin Rusiya üçün hər hansı müsbət tərəfləri varmı?
– Mən hər hansı müsbət tərəf, məqam görmürəm. Ötən müddət ərzində ölkədən milyardlarla vəsait çıxarılıb. Iqtisadiyyat hazırda tənənzülünü yaşayır. Rusiya Federasiyasının regional büdcələri demək olar ki, müflisləşib. Dövlətin hətta dərman preparatları almağa vəsaiti yoxdur. Ölkənin infrastrukturu, yolları dağılır. Istehsalatın inkişaf etdirilməsi üçün investisiya qoyluşu yoxdur. Rusiyanın hazırkı beynəlxalq imici çox dəhşətlidir. Beynəlxalq aləm Rusiyadan nə gözləyə biləcəyini bilmir. Dünyada belə təəssürat yaranıb ki, Kremldə əyləşən psixi cəhətdən xəstə insandır. Bütün bu məqamların heç biri Rusiyaya kömək etmir və dövlətin maraqlarına uyğun deyil.
“Problemin həlli Rusiyanın demokratikləşməsindədir”
– Bu baş verən hadisələrdən Putin özü üçün hansı dərsləri götürüb? Ümumiyyətlə götürübmü?
– Putinin baş verənlərdən əsas qazancı şəxsi reytinq əldə etmək oldu. Putin üçün ikinci mühüm nəticə əzilmiş müxalifətdir. Üçüncü vurğulanmalı məqam ölkədəki korrupsiya ilə bağlı hər hansı diskussiyanın yolverilməzliydir. Putinin götürdüyü nəticələr bax, bunlardır. Ümumiyyətlə atdığı bütün addımlar deməyə əsas verir ki, Putin ömürlük prezidentlik yolunu tutub. Baş verənlərə qısa qiymət versək, onu demək olar ki, bu olaylardan Putin böyük qələbə qazandı, Rusiya isə total şəkildə məğlubiyyətə uğradı.
– Belə bir fikir var ki, postsovet məkanındakı hazırkı böhranlı durumun ömrü Rusiyanın demokratikləşməsindən və ya öz imperialist iddialarından əl çəkməsindən asılıdır. Rusiyanın göstərdiyi təsirin fonunda postsovet məkanındakı proseslərin perspektivini necə qiymətləndirirsiniz?
– Bu fikirlə tam razıyam. Əgər Rusiya demokratikləşsəydi, ölkədə hakimiyyət bölgüsü, iqtidarın seçilməsi olardı və müxalifətçilər həbsxanalarda yatmazdı. Demokratik Rusiyanın qonşuları ilə əlaqələri də daha yaxşı olardı. Rusiyanın maraqları tələb edir ki, ölkənin ətrafında dost, müttəfiq dövlətlər olsun. Məlumdur ki, istənilən diktaturanın hökm sürdüyü ölkə özünə həmişə düşmən axtarır. Çünki bu, mövcud iqtidar üçün siyasi hakimiyyəti əlində saxlamaq üçün bir vasitədir. Düşmənin tapılması və ona qarşı mübarizə cəmiyyəti ətrafında birləşdirmək üçün gözəl imkan yaradır. Ona görə də Rusiyanın demokratikləşməsi qonşu ölkələrin, o cümlədən Azərbaycanın stabiliyinə və inkişafına bir təminatdır.
“Putin Azərbaycana rəqib kimi baxır”
– Azərbaycanın Rusiya ilə əlaqələri son bir il ərzində gərgin idi. Düzdür, Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində münasibətlərdə müəyyən istiləşmə yaşandı. Amma hər bir halda Azərbaycanda tez-tez “Rusiya təhlükəsi” barədə danışılır. Siz, necə düşünürsünüz, Azərbaycan üçün həqiqətənmi “Rusiya təhlükəsi” mövcuddur?
– Putin Azərbaycana rəqib ölkə kimi baxır. Çünki Azərbaycan geniş enerji resurslarına malikdir. Ölkəniz iqtisadi baxımdan inkişaf edir. Diktatura və korrupsiya ilə bağlı problemlərinin olmasına rəğmən, ölkə müstəqil siyasət yürüdür. Bu isə Putini çox qıcıqlandırır. Düşünürəm ki, Rusiyanın Azərbaycana birbaşa hərbi təcavüzü təhlükəsi yoxdur. Məsələ ondadır ki, Putin öz imkanlarını yaxşı bilir. O, bir neçə cəbhədə eyni zamanda mübarizə apara bilməz. Ukraynanın Putinə göstərdiyi və hələ də tam adekvat olmayan müqaviməti Rusiya prezidentini tədricən özünə gətirib. Putin düşünürdü ki, Ukraynanın şərqindəki proseslər də Krımda olduğu kimi cərəyan edəcək. Hər şey sakit keçəcək, məntiqsiz təbliğat işə yarayacaq və Putin Ukraynanın şərqində də qan tökmədən möhkəmlənəcək. Amma hadisələr göstərdi ki, Ukrayna ərazi bütövlüyü uğrunda mübarizə aparmaq əzmindədir. Hadisələrin məhz bu cür gedişatı Putini ayıltmaqla yanaşı, həm də müəyyən dərəcədə şoka saldı. Əlbəttə, Putin sona qədər Ukraynadan demokratik inqilaba görə qisas alacaq. Ukrayna ilə Rusiya arasında silahlı qarşıdurmanın səbəbi məhz Maydan hərəkatı oldu. Amma bütün bunlara baxmayaraq, Putinin eyni zamanda hamıya müharibə elan edəcəyi və aktiv hərbi əməliyyatlara başlayacağı az inandırıcıdır. Onsuz da Putin üçün ətrafda hamı düşməndir. Onun neçə illik idarəçiliyi məhz bu cür durumun yaranmasına gətirib çıxarıb.
– Azərbaycanda eyni zamanda o da vurğulanır ki, dövlət başçısı Ilham Əliyevin əsas dayağı Rusiya prezidenti Vladimir Putindir. Bunu deməyə bir sıra əsaslar var. Hətta bu yaxınlarda “Washinqton Post” qəzetində belə bir başlıqlı məqalə də dərc olundu: “Ilham Əliyev Putinə bənzəməyə çalışır”. Sizin bu barədə baxışlarınızı bilmək istərdik…
– Sizin gözəl bir atalar misalınız var: “Su axar, çuxurunu tapar”.
– Yəqin ki, Azərbaycanda son zamanlar baş verən proseslərdən xəbəriniz var. Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə qarşı total hücuma keçib. Tanınmış hüquq müdafiəçiləri həbs olunublar. Azərbaycanda baş verənlər Rusiyadan necə görünür?
– Açığını deyim ki, Azərbaycanda baş verənlər Rusiyadakı ictimai fikrin tam diqqət mərkəzində deyil. Mən Azərbaycanda baş verənlərlə bağlı təəssüflənirəm. Başa düşürəm ki, Ilham Əliyev Putindən ən iyrənc repressiya növlərini örnək götürür və ona istinad edir. Baş verənlərə görə əvvəl-axır cavab veriləcək. Azərbaycanda baş verən cinayətləri, hüquq müdafiəçilərinə, müxalifətə qarşı törədilənləri xalq unutmayacaq. Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etməsini, ölkənin inkişaf potensialının böyük olduğunu nəzərə alarıqsa, Ilham Əliyevin yerində olsam, diktatura qurmaqdansa, Türkiyənin örnəyindən istifadə edərdim. Düzdür, Türkiyədə də problemlər az deyil, amma orada hakimiyyət xalqın səsi ilə seçilir, insanlar etiraz edə, fikirlərini sərbəst şəkildə deyə bilirlər, müxalifətin səs hüququ tanınır, müstəqil telekanallar var və s. Ona görə də Ilham Əliyev Putindən yox, Türkiyədən nümunə götürsə, daha yaxşı olar. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan həm adət-ənənə, həm də dini baxımdan Rusiyadansa, Türkiyəyə daha yaxındır. Mən anlamıram, Ilham Əliyev nəyə görə Putindən nümunə götürür?!
Fizzə Heydərli,
Xəyal Şahinoğlu