«Əliyevin cavabları uzun, cansıxıcı idi və özünütərif, özünüaldatma üzərində qurulmuşdu»
Pol Flinn Böyük Britaniyada Leyboristlər Partiyasından olan siyasətçidir. O, 1987-ci ildən Britaniya parlamentinin deputatıdır. Həmçinin 1997-ci ildən Böyük Britaniyanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin üzvüdür. Son illərdə Britaniya parlamentinin Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə ən çox danışan deputatlarından biridir. Iyunun 25-də AŞ PA-nın sessiyasında Azərbaycandakı vəziyyətə diqqət çəkərək, prezident Əliyevə ölkədəki siyasi məhbuslar və seçkilərin saxtalaşdırılması haqda sual vermişdi.
Pol Flinn Londonda fəaliyyət göstərən hüquq müdafiəçisi Rebekka Vinsentin Azərbaycanla bağlı bir sıra suallarını cavablandırıb. “Azad Avropa” radiosunda yayımlanan müsahibənin təcrüməsini təqdim edirik:
– AŞ PA-nın son sessiyasında siz Azərbaycan prezidenti Ilham Əliyevə belə bir sual ünvanladınız: “Azərbaycanda siyasətçilər və jurnalistlər yalan ittihamlarla həbs olunur, ölkədə seçkilər saxtalaşdırılır. Mən bu prosesin içində olan adamlarla danışmışam. Biz qarşıda Azərbaycanın öz standartlarını Avropa Şurasının standartları səviyyəsinə qaldıracağı bir il görəcəyik, yoxsa Azərbaycanın ürəkağrıdan təcrübəsi digər üzv ölkələri də insan haqları sahəsində onun səviyyəsinə düşməyə təşviq edəcək?”.
Cavabında Əliyev açıq-aşkar əsəbiləşdi, sizi yalan danışmaqda ittiham etdi və Azərbaycanda jurnalistlərin həbsini, seçkilərin saxtalaşdırılmasını inkar etdi. Sizcə niyə sualınız Əliyevin bu cür əsəbi reaksiyasına səbəb oldu?
– Onun reaksiyası xoşagəlməzdir. Sual verənlərin nəyəsə etiraz etmək üçün cəmi 30 saniyə vaxtı vardı. Cavablar isə uzun, cansıxıcı idi və özünütərif, özünüaldatma üzərində qurulmuşdu. Mən çalışıram ki, şifahi suallarım qısa, lakin hədəfə dəyən olsun. Prezidentin suala uzun-uzadı cavab vermək imkanı kimi üstünlüyü vardı. Ehtimal ki, o, belə birbaşa suallara öyrəşməyib. Güman edirəm ki, mənim dediklərim doğru olduğuna, səslənən şərhlər bir çox parlamentarilər arasında geniş yayılaraq, narahatlıq yaratdığına görə o, belə qəzəblənmişdi. Əgər Azərbaycan insan hüquqları sahəsində nümunədirsə, bu o deməkdir ki, Avropa Şurasının nüfuzu risk altındadır. Mən Əliyevin reaksiyasından razıyam. Çünki bu, Əliyevin təkəbbürlü və pis xasiyyətli olmasının nümayişi idi və belə davranışı onun yaratmağa çalışdığı təəssüratı alt-üst elədi. Bunun özü sübut edirdi ki, Əliyev tənqidə dözümsüzdür.
– Sizcə, insan haqları sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirə bilməyən Azərbaycan tipli ölkələrə Avropa Şurası kimi təşkilatlarda rəhbər vəzifələr həvalə olunmalıdırmı? Həmin təşkilatlar üçün bunun nəticəsi necə ola bilər?
– Xeyr. Avropa Şurasının təyin etdiyi məruzəçini qəbul etməkdən imtina edən Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmək hüququndan məhrum edilməli idi. ATƏT-in seçkilərlə bağlı hesabatı da nəzərə alınaraq, Azərbaycan kənarda qoyulmalı idi. Avropa Şurasının Azərbaycandakı seçki ilə bağlı yarınma xarakterli hesabatı isə biabırçılıq idi və AŞ PA tərəfindən qəbul olunmamalıydı.
– Əliyev Avropa Şurası ilə yanaşı, digər beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Birliyi və NATO-dakı çıxışında da bəyan edib ki, Azərbaycanda siyasi məhbus yoxdur. Sizcə, bu inkar taktikası effektlidirmi?
– Xeyr, belə deyil. Bu, reallıqdan çox uzaq, qətiyyən həqiqətəuyğun olmayan absurddur.
– İyunun 25-də AŞ PA-nın hüquq məsələləri və insan haqları komitəsi “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan haqlarının bundan sonrakı vəziyyəti” mövzusunda yeni məruzəçi təyin etdi. Məruzəçi xüsusən, siyasi məhbuslarla bağlı vəziyyəti araşdırmalıdır. 2013-cü ilin yanvarında AŞ PA-da Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsinin qəbul olunmamasından sonra ölkədə siyasi motivli həbslərin sayının kəskin artmasına dair informasiyaların fonunda yeni məruzəçi təyin olunmasına dair qərarı pozitiv addım kimi qiymətləndirmək olar. Amma bu vəzifə ispaniyalı deputat Pedro Aqramunta həvalə olundu. Halbuki, o, xeyli müddətdir Azərbaycandakı rejimə məddahlığına görə ölkənin vətəndaş cəmiyyətinin təmsilçiləri tərəfindən tənqid olunur. Bu mənada, yeni məruzəçilə bağlı ümidləriniz varmı?
– Aqramuntun balanslı hesabat hazırlayacağına heç bir ümid ola bilməz. Uzun müddətdir Əliyev rejimini tənqid etməyən şəxsin balanslı hesabat hazırlayacağını düşünmürəm. Təəssüf ki, AŞ PA deputatlarının bir çoxu lobbilərin təsiri altındadır.
– Siz uzun müddət Azərbaycanda insan haqlarının durumu ilə bağlı vəziyyəti Britaniya parlamentində qaldırmısınız, bu mövzuda müzakirələrin aparılması, qətnamələrin qəbulu üçün çox çalışmısınız. Amma eyni zamanda, biz onu da görürük ki, AŞ PA-da Böyük Britaniyanı təmsil edən digər deputatlar bu məsələdə susqunluq nümayiş etdirirlər. Sizcə niyə?
– Bunu demək çətindir. Mühafizəkar deputatlar repressiv rejimlərin nümayəndələri ilə yaxşı münasibətdədir. Azərbaycana tez-tez gedən və Əliyev rejiminin dostlarından olan Mayk Hankok təmsil etdiyi Liberal Demokrat Partiyasını pis vəziyyətdə qoydu. Mənim Sosialist dostlarım bu cür məsələlərdə daha diqqətli olmalıdılar.