«Hakimiyyət repressiya siyasətini çox davam etdirə bilməyəcək»
Fuad Qəhrəmanlı: «Bizim problemimiz həm də ondadır ki, hamı geopolitikadan danışmağı, politoloqluq etməyi sevir»
Hakimiyyət əvvəllər beynəlxalq aləmdə özünə demokratik obraz yaratmağa, üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə çalışan bir imic yaratmağa çalışırdı. Ancaq indi sanki bütün bunlar Ilham Əliyev üçün maraqlı deyil və dünyanın sərt tənqidlərinə rəğmən müxalifətə,vətəndaş cəmiyyəti qurumlarına və dindar kəsimə qarşı repressiyalar davam etməkdədir. Bu dəyişikliyin səbəbi nə ilə bağldır? Müsahibimiz AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı ilə bu və başqa suallara aydınlıq gətirməyə çalışdıq:
“Azərbaycanı çox təhlükəli perspektivlər gözləyir”
– Bir vaxtlar vardı ki, müxalifət və vətəndaş cəmiyyəti institutları ölkədə demokratik dəyərlərin boğulması, korrupsiyanın dövlət siyasətinə çevrilməsi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmağa, Ilham Əliyev hakimiyyətinin ölkənin demokratik inkişaf perspektivlərini məhv etməsinə, Qərbə inteqrasiyada maraqlı olmadığına inandırmağa çalışırdı. Artıq bu mərhələ arxada qalıb və indi dünya yaxşı bilir ki, ölkədə insan haqlarının boğulması mövcud hakimiyyətin mahiyyətindən qaynaqlanır və bu prosesin qarşısı alınmazsa, Azərbaycanı çox təhlükəli perspektivlər gözləyir. Iqtidar da artıq dünyanı aldada bilmədiyini gördüyü üçün əvvəlki imitasiya siyasətindən də imtina edib tam öz mahiyyətinə uyğun davranır. Əslində bu gözlənilən idi. Çünki, Ərəb baharından sonra Qərbin Azərbaycana münasibətdə demokratiya tələbi əsas prioritetə çevrildiyi üçün hakimiyyət ya bununla razılaşmalı ya da ki, demokratik institutlara qarşı səlib yürüşünə keçərək daxildən ola biləcək təzyiqlərin qarşısını almalı idi. Görünən odur ki, Ukrayna hadisələrindən sonra Ilham Əliyev eyni perspektivin ölkəmizdə də təkrarlana biləcəyindən narahat olaraq vətəndaş cəmiyyətinin, demokratik müxalifətin repressiyalar yolu ilə önünü kəsməyə çalışır. Ukraynaya görə beynəlxalq səviyyədə çox ciddi zərbələr alan Putinin əldə etdiyi nəticələrdən biri də Azərbaycan üzərində ciddi təsir imkanı qazanması oldu. Buna görədir ki, indiki repressiya siyasətində Rusiyanın təsirləri, himayəsi hiss olunmaqdadır. Ilham Əliyevin Qərbdən gələn tələblərə etinasız münasibəti də məhz Rusiya amili ilə bağlıdır.
“Sanksiyaların dilə gətirilməsi o deməkdir ki, proseslər sürətlənə bilər”
– O zaman belə çıxır ki, hakimiyyətin başlatdığı repressiyaların sonu hələ ki, görünmür?
– Yox, bu o demək deyil ki, hakimiyyət öz oyun qaydalarını istədiyi müddətə qədər diktə edə biləcək. Azərbaycanda avtoritarizmin güclənməsi Ilham Əliyev hakimiyyətinin resursları ilə tək başına mümkün deyil. Azərbaycan hələ ki, geopolitiik baxımdan Rusiya ilə eyni məkana aiddir. Əslində AB-nin assosiasiya sazişi təklifi ölkəmizi bu geopolitik məkandan çıxarıb Avropaya bağlamaq məqsədi güdürdü. Lakin Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrdən fərqli olaraq Rusiya hələ ki, Azərbaycanın Avropaya inteqrasiyasının qarşısını ala bilib. Bu həm də o deməkdir ki, ölkəmizdə avtoritarizmin perspektivi Rusiyanın buradakı təsirinə bağlıdır. Bu gün Rusiya Qərbin sanksiyaları qarşısında çox çətin duruma düşüb. Neft qiymətlərinin azalmasının davam etməsi və Qərbin yeni sanksiyaları gündəmə gətirməsi bu gün üçün olmasa da, çox yaxın gələcəkdə Rusiyanın dövlət kimi milli güc ünsürlərini sarsıdacaq. O zaman öz daxili problemlərinə başı qarışan, zəifləmiş Rusiyanın daha əvvəlki kimi qonşularını öz geopolitik iddialarına tabe etdirməyə gücü çatmayacaq. Əksinə indiki proses Rusiyanın özünü Qərbin təsirləri qarşısında müdafiəsiz, ölkə kimi immun sistemi sıradan çıxmış vəziyyətə salacaq. G-20 toplantısında Putinin üzləşdiyi vəziyyət Rusiyanın beynəlxalq izolyasiyasının davam edəcəyini göstərdi. Bu o deməkdir ki, perspektivdə Rusiya Azərbaycana himayədarlıq edə bilməyəcəyi üçün iqtidarın təkbaşına xalqa və dünya birliyinə qarşı durması çox çətin olacaq. Ancaq hakimiyyətə qarşı iqtisadi sanksiyalar anonsunun verilməsi onu göstərir ki, proses gözlənilmədən sürətlənə bilər. Bu halda iqtidarın indiki siyasəti davam etdirməsi ona çox baha başa gələ bilər.
“Xalqın gözü kənarda olmalıdır”
– Bu məsələdə daxili faktorun rolu nədədir? Sizcə, biz oturub geopolitik dəyişikliklərimi gözləməliyik?
– Əsla. Bizim elə ən böyük problemlərimizdən biri də odur ki, xalq olaraq məsələlərə “politoloq” kimi baxmağa çalışırıq, geopolitik məsələlərə çox aludə oluruq. Baxın Misirdə xalq “Təhrir” meydanına çıxanda heç kim düşünmürdü ki, Amerika nə deyəcək, Avropa hansı mövqeyi tutacaq. Hətta hadisələrin ilk günü xalqın meydana çıxmasına rəğmən Amerika və Avropa Hüsnü Mübarəki müdafiə edirdilər. Ancaq xalq meydanda elə bir vəziyyət yaratdı ki, Qərb xalqın mövqeyini müdafiə etməyə məcbur oldu və onilliklər ərzində streotipləşmiş yanaşmadan imtina olundu. Ona görə biz də xalq olaraq öz problemlərimizdən ötrü meydana çıxanda, korrupsioner, saxta bir hakimiyyətdən yaxa qurtarmaq üçün mübarizə aparanda, bizi maraqlandırmamalıdır ki, kənardan kim nə deyəcək və ya qlobal proselər hansı istiqamətdə cərəyan edir. Təəssüf ki, bizdə meydanda durub etiraz etməli olan, bu rejimin siyasətinə görə əziyyət çəkən insanlar bəzən “geopolitik dəngələr” qurmaq və qlobal proseslərlə bağlı “proqnoz” verməklə məşğul olurlar. Xalqın gözü kənarda olmamalıdır. Bu ölkədə dəyişikliyi yalnız Azərbaycan xalqı edə bilər. Kənar yalnız yardımçı faktordur. Ona görə də biz kənara əsas faktor kimi baxmaq anlayışından imtina etməli, xalq olaraq məsuliyyəti öz üzərimizdə hiss etməliyik.
Qaldı ki, cəmiyyət olaraq bizim indiki mərhələdəki rolumuza, əsas işimiz demokratik müqavimət potensialımızı qorumaq olmalıdır. Bilməliyik ki, hakimiyyət də avtoritarizmin perspektivinin olmadığını bilir və bu üzdən də gələcəkdə onu gözləyən daxili təhlükənin qarşısını almaq üçün demokratik institutları maksimum əzməyə, zəiflətməyə çalışır. Ona görə də cəmiyyətdə kütləvi qorxu və ümidsizlik yaranmasına imkan vermədən demokratik mübarizəni davam etdirmək, müvəqqəti çətinliklərə dözməyi bacarmalıyıq. Həbslərə demokratik prosesi qorumaq naminə verilən qurbanlar kimi baxmalıyıq.
– Son vaxtlar diqqətçəkən məqamlardan biri də hakimiyyət təmsilçilərinin ölkədə baş verənlərlə bağlı, bank faizlərinin yüksək olmasıyla bağlı təniqidi fikirlər səsləndirmələridir. Sizcə bunun səbəbi nə ilə bağlıdır? Nə baş verir?
– Fikir verdinizsə, ilk belə tənqidi fikirləri Ramiz Mehdiyev səsləndirdi. Sonra YAP-çı deputatlar bu işə qoşuldu. Bu elə onu göstərir ki, bu cür tənqidi fikirlərin səslənməsi siyasi texnologiya kimi düşünülüb. Ona görə də bu tənqidləri səmimi saymaq, mövcud problemlərə görə narahatlıqdan qaynaqlandığını düşünmək sadəlöhvlük olardı. Hesab edirəm ki, hakimiyyət müxalifətə qarşı repressiyaların cəmiyyətdə tənqidi fikir boşluğu yaratmayacağı mesajını verməyə çalışır. Yəni müxalifətsiz də problemləri görürlər və buna görə narahat olurlar. Həm də korlanmış, mənfi imiclərini özünə tənqidi münasibət bildirməklə dəyişməyə çalışırlar. Ancaq bu texnologiyanın ictimai rəyə təsir göstərəcəyinə inam azdır. Çünki, hər kəs mövcud problemlərin əsas səbəbkarının bu hakimiyyət olduğunu yaxşı bilir və bu halda məsuliyyət daşıyanlar elə danışırlar ki, sanki günahkar kənardadır. Cəmiyyət də bunu görür və ona görə də bu cür tənqidlərlə insanların hakimiyyətə münasibətini dəyişmək, etimad yaratmaq mümkün deyil.
“Mitinqlər iki qütblü siyasi sistemə keçidi başa çatdırdı”
– Milli Şura məhbuslarla bağlı bir neçə aksiya keçirib. Bu aksiyalara münasibətdə hökümətin mövqeyi ilə özünü müxalifət adlandıranların mövqeyi fərqlənmədi?
– Əvvəla Milli Şuranın keçirdiyi iki mitinqi kifayət qədər uğurlu aksiyalar saymaq olar. Hər bir hadisəni, aksiyanı biz mövcud şəraitin xüsusiyyətlərinə görə qiymətləndirməliyik. Bu baxımdan son mitinqləri təbii ki, seçki dövrünün aksiyaları ilə müqayisədə yox. Məhz siyasi repressiya və təzyiqlərlə cəmiyyətin susdurulmağa çalışıldığı, heç bir siyasi təbliğat kampaniyasının getmədiyi vəziyyətin şərtlərinə görə qiymətləndirməliyik. Bu baxımdan minlərlə insanın Milli Şuranın çağırışına cavab olaraq meydana çıxması bir neçə mühüm məqama görə önəmlidir. Əvvəla aydın oldu ki, iqtidarın siyasi repressiyalar yolu ilə cəmiyyəti qorxutmaq, susdurmaq istəyi alınmadı. Minlərlə insanın meydana çıxması bu siyasətin perspektivsizliyini göstərdi. Digər tərəfdən aydın oldu ki, ölkədəki iki qütblü siyasi sistem formalaşıb, bir tərəfdə Milli Şura, digər tərəfdə isə iqtidar. Çünki Milli Şuradan kənarda heç bir qurum elə bir ictimai etimada və sosial bazaya sahib deyil ki, belə bir aksiya keçirsin. Hətta bundan sonra vaxtı ilə Milli Şurada olub ayrılmışların yaratdığı Insan Haqları və Demokratiya adlı marginal təşkilatı cəhd etsə də, adi bir piket keçirə bilmədi. Yeri gəlmişkən, bu quruma daxil olanların mitinqləri tənqid etməsi də təkcə onların sosial bazasının olmaması, cəmiyyətdə müxalifətçi kimi əvvəlki nüfuzlarını itirmələrindən doğan aqressiya ilə bağlı deyildi. Bu həm də hakimiyyətin əlində alətə çevrilənlərin seçdiyi siyasi kursla bağlıdır, hakimiyyətdən gələn direktivlərlə idarə olunmalarından irəli gəlirdi. Təsəvvür edin, mitinqlərin əleyihinə danışanlar öz toplantılarında Əli Həsənova müraciət qəbul edirlər ki, onları qəbul etsin. Hakimiyyətə minnətçi düşənlərlə, ona qarşı prinsipial mübarizə aparanlara da ictimai rəyin münasibəti təbii ki, fərqli olacaq və buna görə kimlərsə narahatdırlarsa, səbəbi özlərində görsünlər. Həm bu mənzərə, həm də ki, mitinqlər onu göstərdi ki, dəyişikliklərə nail olmaqdan ötrü həm güclü olanın, həm də ki, səmimi, prinsipial mübarizə aparanın yanında olmaq, Milli Şurada təşkilatlanmaq gərəkdir. Əks təqdirdə enerji və insan resursları boşuna sərf olunmuş olar. Ona görə də nostalji hissləri ilə mövqeyini dəyişmiş, daxili ixtilaflar girdabında süqut etmiş təşkilatlarda ilişib qalmağın heç bir mənası və əhəmiyyəti qalmayıb.
– Bələdiyyə seçkiləri kampaniyası başlasa da hər hansı siyasi kampaniyanın gedişi hiss olunmur. AXCP-nin bu məsələdə mövqeyi necədir?
– Hazırda ölkədə seçki mühitinin olmaması faktı onu göstərir ki, hakimiyyət ölkədə seçki institutunu faktiki ləğv edib. Hətta iqtidar deputatlarından biri parlamentdə bildirdi ki, bələdiyyələrdə yerlər satılıb və artıq hamı bilir ki, icra hakimiyyətləri kimləri bələdiyyə üzvü təyin edəcək. Bu biabırçılığın etirafı idi və bu üzdən də cəmiyyətdə seçkilərə heç bir maraq hiss olunmur. AXCP olaraq biz də bunu əsas götürərək partiya kimi seçkidə iştirak etməməyə qərar verdik və eyni zamanda bu məsələdə fərdi iştirak məsələsini də üzvlərimizin öz şəxsi qərarına buraxdıq. Əlimizdə olan məlumata görə üzvlərimiz də partiyanın seçkidə iştirak etməməklə bağlı mövqeyini bölüşürlər və bu saxtakarlıq prosesində iştirak etmirlər. Soruşula bilər ki, bəs o zaman prezident və parlament seçkiləri də eyni seçki məcəlləsi ilə keçirildiyi halda o prosesdə niyə iştirak edirik? Ona görə ki, bələdiyyələrdən fərqli olaraq parlament və prezident seçkilərinə həm dünyanın, həm də ki, cəmiyyətin marağı, diqqəti olur və bu seçki kampaniyasının yaratdığı fürsətlərdən istifadə edib hakimiyyətə qarşı ölkə miqyasında geniş əks təbliğat kampaniyası qurmaq mümkün olur. Bu fürsətlərin hansı birində xalqın mübarizə əzmi kütləvi şəkildə olacaqsa, o zaman biz bu fürsəti dəyərləndirərək ölkədə demokratik dəyişiklikləri də gerçəkləşdirməyə çalışacağıq.
Xəyal