Məmməd İsmayıl: «Basqılarla, repressiyalarla tarixdə indiyədək kim nəyə nail olub ki, bunlar da nəyə nail olsunlar?!»
Azərbaycanın görkəmli şairi Məmməd Ismayılın “Azadlıq” qəzetinə müsahibəsi.
Başlanğıcı ötən sayımızda
– Məmməd bəy, Azərbaycanda qalıb haqq sözü deyənlərin aqibəti göz önündədir, həbsə doldurulan müxalif fikirli insanların sayı görünməmiş şəkildə, günbəgün artır. Bu həbslər haqqında, azad düşüncələrinə görə şərlənərək, siyasi sifarişlə məhbəsə atılan insanlarımız barədə nə deyə bilərsiniz?
– Həmin həbslər Azərbaycanı yönətənlərin təfəkkürünün nəticəsidir. Belə basqılarla, repressiyalarla indiyədək kim nəyə nail olub ki, bunlar da nəyə nail olsunlar?! Ovuca alınan xəmir kündəsini nə qədər bərk sıxsan, barmaqların arasında daha çox xəmir çıxacaq. Dönüb tarixə baxaq, “mənəm-mənəm” deyib döşünə döyən bütün rejimlər əvvəl-axır tarixin tozlu səhifələrinə gömülüblər. Günəşin belə, doğuşu olduğu kimi batışı var. Ən uzun çay belə, hardansa başlayıb hardasa bitir. Yaxşı və ya pis olmasından asılı olmayaraq, bütün hakimiyyətlərin taleyi də belədir. Repressiya ilə, qorxu mühiti yaratmaqla bəlkə öz acınacaqlı sonunu yubada bilərsən, amma onu qiyamətədək uzada bilməzsən axı. Bilirsən, əsas məsələ odur ki, bir hakimiyyətin ömrü başa çatdıqdan sonra ondan geriyə hansı işlər, əməllər qalır. Tarix əvvəl-axır bunu saf-çürük edir, qiymətini verir. Indi Azərbaycanı idarə edənlər də bu haqda yaxşı-yaxşı düşünməlidirlər. Dünya, gör-götür dünyasıdır axı?! Dünyada, xüsusilə də Yaxın Şərqdə baş verən hadisələr ağlı başında olanlara bir mesaj olmalıdır. Allahın barmağı yoxdur ki, gəlib yalana heykəl qoyanların basıb gözünü çıxartsın. Tarixin lənətindən qorxmaq lazımdır. Indi hansı çağda yaşayırıq ki, hamıdan özün kimi düşünməyi tələb edəsən, əksini düşünənləri cəzalandırasan?!
– Cəmiyyətdə “vintləri” bu qədər bərkidəndən sonra da azad gələcəklə bağlı ümidləri qorumaq lazımdırmı?
– Mütləq! Mən bu gün baş verənlərin sonunun gözəl olacağına adım kimi əminəm. Sonsuzadək belə davam etməyəcək və proses ədalətin qələbəsi ilə başa çatacaq. Bu inam hər kəsdə olmalıdır. Sən həbslər haqqında soruşdun. Bilirsən ki, Türkiyədə də son bir neçə ildə aydınları, generalları həbs etdilər. Amma bu məhkumluq nisbi idi, onlar orada da öz azadlıqlarını qoruyub-saxladılar, mübarizələrini aparıb sözlərini dedilər, sonunda oradan başı dik, alnı açıq çıxdılar. Azərbaycandakı həbslər, basqılar da ədalətin, həqiqətin qələbəsi ilə bitəcək. Bu qaçılmazdır. Həm də onu da unutma ki, bu cür həbslərin yaxşı tərəfi də var. Demək, hələ cəmiyyətdə sağlam qüvvələr var, deməli, Şərə qarşı müqavimət davam edir. Ümumiyyətlə, biz hər evdən heç olmasa, bir qurban çıxarmağı öyrənməliyik. “Qurban” deyərkən, nəyi nəzərdə tuturam? Hər evdən ən azı bir qurban həyatını millətin, məmləkətin taleyi ilə bağlı məsələlərə həsr etməyi bacarmalıdır. Nələrsə əldə etməkdən çox, nələrdənsə imtina etməlidir. Dünyada bunun örnəkləri nə qədər desən var, Qandini, Mandelanı xatırlasaq, yetərli olacaqdır. Amma hələlik nə yazıq ki, bu gün bizdə ətrafımıza baxsaq, azadlıq uğrunda yarışdan daha çox qazanc yarışı görərik. Pula dəli bir hərislik var. Bir məmləkətdə maddiyyata bu qədər bağlılıq dəhşətdir. Ancaq hər şeyə rəğmən kimlərsə hələ də toplumda mənəvi missiyasının fərqindədirlərsə, həyatları, azadlıqları bahasına Şərə qarşı çıxırlarsa, deməli, nikbin olmamaq üçün əsas yoxdur. Salam olsun demokratik toplum uğrunda cəza evlərinə atılan bütün siyasi məhbuslara!
– Məmməd bəy, qarşıdan 75 illik yubileyiniz gəlir. Bununla bağlı, Azərbaycandan gözləntiləriniz nədir?
– Sən “Azərbaycandan gözləntilər” deyərkən hansısa rəsmi təltifi nəzərdə tutursansa, deyim: nə mən bunu istəyərəm, nə mənə bunu təklif edərlər. Ümumiyyətlə, mənim heç bir mükafatda, ya da fəxri adda gözüm yoxdur, öz adım dünyanın ən gözəl adıdır, Məhəmməddir. Yaşadığı dönəmdə sənətkarı əhatə edən çevrə, dost yaxud düşmən olmasına baxmayaraq onunla bu və ya başqa bir şəkildə yolları kəsişənlər, onu sadəcə, görənlər və görüş şahidləri yaşamağa haqqı olan sənətkarların müasirləri kimi gələcək nəsillər üçün maraq kəsb edirlər. Yeri gəlmişkən, tarixçilərin dəyərləndirməsində iqtidar sahibləri də eyni ölçüyə tabe olur… Amma dostum M.Sinelnikovun təbiri ilə desək, necə deyərlər, heç də bütün iqtidar sahibləri sənətkarlara münasibətdə ağılla hərəkət edib yüksək davranış səviyyəsinə çata bilmirlər. Burada qeydə dəyər istisnalar da yox deyilr. Məsələn, Yuli Sezarı xatırlamaq mümkündür. Qədim dünyanın önəmli yunan şairi Katul Sezar haqqında sətirləri min illərcə ağıllardan silinməyən öldürücü satiralar yazmışdı. Amma Katulun dəyərini bilən, onun sözlərinin ölümsüzlüyünü hiss edən Sezar, nəinki Katulla yaxşı davranmış, hətta dəfələrlə onu saraya kef məclislərinə dəvət etmiş, epiqramların müəllifi ilə onun yazdıqlarına əsla eyham vurmadan həvəslə söhbət etmişdi. Bəli, belə bir davranış və cavab üçün, görünür, Sezar ruhunun böyüklüyü gərəkmiş.
Bədənin ən kiçik, gözəgörünməz üzvü vicdandır, amma onun sızlaması bütün ağrıların başında gəlir. Mənimçün indiki halda elə, ya belə, gecələr başımı vicdan rahatlığı ilə yastığa qoyuramsa, bundan gözəl mükafat ola bilməz. Azərbaycandan gözləntim bu məşəqqətli günlərin bitməsidir. Hara gedir bu məmləkət?! Necə olacaq bu millətin axırı?! Yadındadırmı belə misralar yazmışdım bir zamanlar:
“Allah, o günahı qurban yuyarsa,
Qurbanın mən olum, mənə ölüm ver!”
Azərbaycan ədalətli, demokratik bir ölkə olsun, başqa heç bir istəyim yoxdur. Həyatımı bu günədək ləyaqətlə yaşağa çalışdım, beləcə də başa vuracağam. Xalq Cəbhəsi hakimiyyəti devriləndən sonra mənə dəfələrlə təklif olundu ki, öz vəzifəmdə (Dövlət Teleradisunun sədri – red.) qalıb işləyim. Mən də cavab verdim ki, başqa komanda ilə gəlmişəm, onlarla bərabər də getməliyəm. Ondan sonra heç yerdə işləməyimə, ailəmin güzəranını təmin etməyimə imkan vermədilər, mən də məcbur olub Tovuza, doğulub böyüdüyüm kəndimə qayıtdım, başqa yolum yox idi. Məmməd Ismayıl keyfinəmi, var qazanmağamı ölkəni tərk etmək zorunda qaldı? Nə etmişdi Məmməd Ismayıl? Vətən xaini idi yoxsa? Doğruların yanında yer almaq nə zamandan top-tüfənglə qarşılanmalıdır? Göydə Allahından, yerdə Allaha inamından başqa heç nəyi qalmayanda iki il yarım övladlarını aclığın pəncəsindən qurtarmaq üçün əlləri qabar-qabar olub kənddə kartof əkib becərəndə, axırda əlini üzünə tutub bir parça çörək arxasınca xaricə üz tutanda, övladlarının üzünə bütün qapılar qapananda, ölkədən didərgin salınanda kimsənin vicdanı sızlamadı. Nəydi universitetləri fərqlənmə diplomu ilə bitirən, hər biri üç-dörd xarici dil bilən övladlarımın günahı? Atalarının həqiqəti söyləməsimi?! Qoçaqlıq üzünə nə söylənirsə söylənsin, tutduğu vəzifədən dördəlli yapışıb qalmaq deyil, qoçaqlıq azadlığının əlindən alındığını, qəfəsə salındığını görüb tutduğun ən böyük vəzifə olsa da, ondan istefa edib özgür ola biləcəyin məkanda hər şeyi sıfırdan başlamaqdır… Mən bu yolu seçdim. Seçdiyimə də əsla peşiman deyiləm!
Yəni dediyim odur ki, mənim şəxsi mənada Azərbaycanı idarə edən adamlardan heç vaxt bir istəyim, təmənnam olmayıb, olsaydı, bunu 20 il əvvəl də edə bilərdim, 15 il əvvəl də. Onda da Məmməd Ismayıl olmazdım…
– Siz bunları danışırsınız, çevrəmizdən isə məsələn, bahalı maşınlar şütüyür, o bahalı maşınların içində həyatını maddi baxımdan hər cür təmin etmiş və maddiyyatdan kənarda heç bir qayğısı olmayan adamlar oturub, indi onlardan hər hansı biri təsadüfən sizi dinləsə, yəqin bu dediklərinizə qəhqəhə ilə gülərdi…
– Əvvəla, adamı dəhşət bürüyür ki, ilahi, bu ölkədə biriləri hansı keyfiyyətləri, bacarıqları ilə özlərinə bu cür dəbdəbə, təmtəraq düzəldiblər. Elələri var, qarşısına beş qoyun qatıb örüşə göndərsən, üçünü itirib qayıdar, amma sürdükləri həyata, həyatlarındakı komforta baxırsan, əlin üzündə qalır. Mən inanmıram, tarixin başqa hansısa dövründə haramın əli bu ölkədə bu qədər uzun olmuş olsun, hər yerə çata bilsin. Iş o yerə çatıb ki, yüksək vəzifələrdə işləyənlər çəkinib-eləmədən müsahibələr verib şirkətləri, holdinqləri haqqında “qürurla” danışır, bunlara haqq qazandırırlar. Adamdan soruşmazlarmı, bir bu qədər şirkətin, holdinqin ilkin parası hardandır? Belə bir “cah-cəlal” bir zamanlar sizlərdən daha yüksək vəzifələrdə işləmiş bizlərin niyə yoxdur? Və sizin bu qədər gəlirinizin illik vergiləri haraya ödənilir? Yoxsa Vergilər Nazirliyi ancaq kasıbların dərisini soymaq üçün yaradılıb?! Nədən Azərbaycanda, başqa sivil ölkələrdə olduğu kimi, vergi birincisi olanın adı açıqlanmır? Yoxsa amerikan milyarderi Rokfellerin dediyi sözlər bizdəki varlılların həyat devizidir: “Məndən mövcud varımın ilk milyonunu necə qazandığımı soruşmayın, yerdə qalanların son qəpiyinə qədər cavabını verim”.
Sualına gəlincə, bilirsən, dünyada 40 il də yaşamaq olar, 70 il də, 100 il də. Amma önəmli olan odur ki, dünyadan əliboş getməyəsən. Hər insan dünyaya missiya ilə gəlir, amma bir var bu missiyanı dərk edəsən və həmin missiya ilə üzüağ bir ömür yaşayasan, bir də var missiyanı dərk etməyib unudub Tanrının hüzuruna üzüqara gedəsən. Ikincilərin sənin dediyin o qəhqəhəsi, o şaqqanağı bizi təəccübləndirməməli, incitməməlidir. Əslində bizim onlara yazığımız gəlməlidir ki, niyə, nə üçün yaşadıqlarının fərqində deyillər. Heç insan ömrünün də məqsədi pula hərislik, sərvətə düşgünlük ola bilərmi? Ola bilərsə, bundan dəhşətli bir faciə, bundan ağır bir bədbəxtlik təsəvvür etmirəm. Möminin qəlbi Allahın iki barmağı arasındadır, demirlərmi?
– Məmməd bəy, bir az da ədəbiyyat haqda danışaq. Siz Azərbaycanda həm də ədəbi mənada hadisə olmuş “Gənclik” jurnalını yaratmısınız. Bu günün bir çox tanınmış imzaları ilk dəfə həmin dərgidə çap olunublar. Bilmək istəyirəm: günümüzdə Azərbaycanda yeni şer və nəsr axtarışlarını necə dəyərləndirirsiniz? Bunu həm də ona görə soruşuram ki, belə cəhdləri yaşlı ədəbi nəsil inkar edir, top-tüfənglə qarşılayır…
– Dünyaya gəlmək bizdən asılı olmadığı kimi, hansı məkanda və zamanda doğulmaq da bizdən asılı deyil. Bu mənada indiki ədəbi gəncliyin şansı ondadır ki, onları ölkənin, nə də olsa, özgürlük zamanı qarşıladı. Və hamı öz təcrübəsindən bilir ki, pismi, yaxşımı, hər kəs gözümüzü açdığımız dünyanın bizdən əvvəl gələnlərin, ya da bizdən sonra gələnlərin yox, məhz onların dünyası olduğunu düşünür. Bic və hiyləgər dünya da əvvəl-əvvəl bu sahiblənməyə pis gözlə baxmır. Bu o zamana qədər davam edir ki, gələnlərin atadan-anadan hazır məhəbbəti və enerjisi hələ tükənməyib, hələ doymuş məhlula, sönmüş vulkana dönməyə çox qalır, bu mənada böyüklərin qəbul edib-etməməsindən asılı olmayaraq, ədəbiyyata yeni gələnlərin yenilik ehtiraslarına dözmək olar. Bu lazımdır da. Çünki gənclik ömrün ən inqilabi, özünü arama, tapmaq, özül bağlamaq mərhələsidir! Bic və hiyləgər dünya onu da bilir ki, qazanmaların arxasınca itirmələr başlayacaq! Daşıyıcı raketlərin vəzifəsi peykləri yer cazibəsindən, çəkimindən qurtarana qədərdir. Atadan, anadan verilən hazır məhəbbətin də ömrü bir o qədər olur. Əsas olan bundan sonrasıdır. Indiki ədəbi gəncliyin şansı ondadır ki, onların gəlişləri Azərbaycan ədəbiyyatının inqilabi altmışıncı illər nəslinin tarixə qovuşma və onlardan sonrakı nəsillərin isə iki rejim arasında, yol ayrıcında, tərəddüd dönəmində, ara zamanda çabalamalarındadır. Bəlkə buna görə də onlar bu boşluqdan şüuraltı şəkildə yararlanmağa, olanları inkara və özlərini bir an öncə təsdiqə can atdılar. Unutdular ki, hər ədəbi nəsil elə onlar kimi dünyaya və ədəbiyyata gəlir. Intəhası, bu gün ədəbiyyat meydanında at oynadan gəncliyin şansı, dediyim kimi, onları özgürlük zamanının qarşılamasıdır. Çox zaman gərək Azərbaycan ədəbiyyatında, gərəksə dünya ədəbiyyatında olsun, onlara təlqin edilmiş eyni adları təkrarlamaq yerinə, özlərinin oxu və təsdiq siyahısını oluşdursunlar. Ucalıqlar ancaq çəkilən zəhmətlərlə əldə edilir. Bugünkü gəncliyn ədəbiyyatın qürbətindən vətəninə bir an öncə keçmələrini arzu edərdim.
– Maraqlıdır, Məmməd Ismayıl bu gün 75 yaşda deyil, tutaq ki, 35 yaşda olsaydı, özünü AYB, yoxsa tutaq ki, Azad Yazarlar Ocağı (AYO) sıralarında görərdi?
– Söz sözü çəkər. “Ah-ah”la “ha-ha” arasında ucuzla baha arasındakı fərq qədər fərq var, halbuki, sadəcə bir sözün yeri dəyişməsi mənanı dəyişir. Bir halda ki yenidən 35 yaşa dönmək imkanım yoxdur, o zaman bu sualın da cavabı havada qalır. Istilik soyuqluqla, soyuqluq istiliklə bir yerdədir deyirlər. Bu sualı hələ yeni ədəbiyyata gələnlərə ünvanlamaq daha doğru olardı. Dünyaya gələn hər kəsin özüylə bərabər bir can yoldaşı da doğulur, bəzilərinə diləklər, həvəslər, bəzilərinə isə sevgilər yoldaşlıq edir. Aradıqları şey bəzilərinin arzularına uyğun olaraq qarşılarına çıxır, bəziləri isə… onu axtarmaq yolunda can verir. Amma bu yolda arzusuna qovuşma həvəsiylə ölmək də böyük bir işdir.