«Bir millətin və məmləkətin azadlığı ilk növbədə onun şairinin, yazıçısının, aliminin azadlığından başlayır»
Azərbaycanın görkəmli şairi Məmməd İsmayılın “Azadlıq” qəzetinə müsahibəsi.
– Məmməd bəy, hazırda Türkiyədə yaşayırsınız, çalışırsınız. Oradan baxanda Azərbaycanın, onun insanlarının siyasi, iqtisadi durumundan tutmuş mənəvi-psixoloji durumunacan ümumi mənzərəni necə görürdünüz, indi – 20 gündən artıqdır burada olduğunuz müddətdə necə görürsünüz?
– Mən bu məmləkətin qayasından, daşından qopub Türkiyəyə gedən bir parçasıyam. Özümlə o qayanın, o daşın bir xassəsini aparmışam, boşluğum isə burada qalıb. Nə qədər unutmağa çalışsam da bu, mümkün deyil, burada o qalan boşluğun məni özünə çəkməsindən təbii nə ola bilər. Nə qədər “orada nə baş verir, versin mənə nə?” demək istəsəm də, – ki, mən bunu heç vaxt demirəm, deyə bilmərəm də! – hər zaman daxilimdə Azərbaycan haqqında düşünmək, Azərbaycanda baş verənləri izləmək və saf-çürük etmək ehtiyacı duyuram. Bilirsən, Türkiyə türklərinin bir sözü var, “adaptə olmaq”, yəni uyğunlaşmaq. Mən fiziki cəhətdən bəlkə də Türkiyəyə asan uyğunlaşa bildim, çünki oranın ümumi ab-havasından, yaşam atmosferindən irəli gələn bir rahatlığı var. Amma mənəvi cəhətdən o rahatlığı tapa bilirəmmi? Əmin ol ki, yox. Sanki gizli naqillərlə, gözə görünməyən xətlərlə içimə bir mənfi enerji dolur, o mənfi enerjinin mənbəyi də buradır – Azərbaycandır, onun düşdüyü ağır vəziyyətdir. Buradakı problemləri bütün varlığımda hiss edirəm və bəzən mənə elə gəlir ki, Türkiyədə yox, əslində elə Azərbaycanda, o dərdlərin, qayğıların içində yaşayıram. Bilirsən ki, hazırda Çanaqqalada işləyirəm, oradan Istanbula 6 saatlıq yoldur. Mən o yolu könül rahatlığı ilə gəlirəm. Amma hər dəfə Istanbuldan bura, anamın uyuduğu torpaqlara uçarkən təyyarə Bakının üzərinə çatanda, Anadolu türkləri demiş, “allak-bullak” oluram, sanki eyni vaxtda minlərlə iynə sağdan-soldan bədənimə sancılır, dəhşətlər içində təyyarədən enirəm və enən kimi, mənim üçün hər dəfəki eyni bəlalar başlayır.
– Hansı bəladan söhbət gedir?
– Əzizim, hər bir insanın öz aurası var, bu fərqli auralar birləşib bütöv bir məmləkətin (Həm də millətin!) ümumi havasını, atmosferini yaradır. Azərbaycanda vəziyyət belədir ki, ümumi halda insanların aurasına kin, nifrət havası hakimdir, bu da istər-istəməz məmləkətin havasını dözülməz edir, sanki boğulursan… Ilin 365 gününü belə bir havada yaşayanlar bəlkə də bunu bir o qədər hiss etmirlər, amma Azərbaycana kənardan ayaq basan hər kəs ilk andan, ilk addımdan kin, nifrət, həsəd havasından boğulduğunu, hər tərəfi sarmış qazanc aurasının, yalan aurasının, yaltaqlıq aurasının içində nəfəsinin çatmadığını asanlıqla hiss edə bilər. Baxırsan – binalar gözəl, küçələr gözəl… Amma bu gözəlliyin içində bir çəkilməz faciə, bir ağrı var…
– Dediyiniz o gözəllikdə çatışmayan, insanı ağrıdan nədir, Məmməd bəy?
– Bu gözəllikdə çatmayan, əskik qalan çox şey var, amma ən önəmlisi ədalətin yoxluğudur. Ədalət hər şeyin başıdır, onun olmadığı yerdə başqa nədən söhbət gedə bilər ki?! Ədalətin yoxluğudur yaraşıqlı binalarla insanların kədərli üzü arasında bu dərin uçurumu, ziddiyyət yaradan. Baxın ətrafınıza, nə qədər insanın üzündə sevinc, təbəssüm, işıq görürsünüz? Belə yaraşıqlı, bəzəkli binaları olan şəhərin insanları niyə bu qədər qaraqabaq, kədərli görünürlər, niyə mənfi enerji saçmaqdadırlar? Səbəb məhz o dediyim ədalətin yoxluğudur. Bir ovuc adam ölkənin yeraltı-yerüstü bütün sərvətlərinə sahiblənib, özlərinə təmtəraqlı həyat qurub, yerdə qalanlar isə səfalət adlı bataqlıqda çürüyüb getməkdədirlər. Qonşusu səfalət içində yaşayan zənginin davamlı xoşbəxtliyinə inanmaq sadəlövhlük olardı. Ikinci ən önəmli çatışmazlıq – azadlığın yoxluğudur. Bir millətin və məmləkətin azadlığı ilk növbədə onun şairinin, yazıçısının, aliminin azadlığından başlayır. Hanı, varmı bizim bütün ruhu, qəlbi ilə azad olan belə şairimiz, yazıçımız, yaradıcı adamımımz? Varsa da sayları bir əlin barmaqlarından azdır. Azadlıq fiziki hadisə deyil. Məhbəsə düşüb də azad olmaq mümkündür. Servantesi xatırlayın. O, dünya ədəbiyyatının şah əsərlərindən saydığımız “Don Kixot” romanını türmə divarları arxasında yazmışdı. Çünki daxilən azad idi, düşüncəsi, ilhamı azad idi. Dediyim odur ki, dəbdəbəli saraylarda yaşayıb kölə olmaq da mümkündür, dəmir barmaqlıqlar ardına atılıb azad olmaq da.
– Bayaq “Bir millətin və məmləkətin azadlığı ilk növbədə onun şairinin, yazıçısının, aliminin azadlığından başlayır” söylədiniz. Bu məntiqdən çıxış etsək, Azərbaycan nə qədər azaddır?
– Bilirsən, bəlkə bir az şablon səslənəcək, amma gerçəklik ondan ibarətdir ki, əsl şair, yazıçı, küll halında yaradıcı adamlar hər zaman dövrlərinə, rejimlərinə müxalifdə olmuşlar. Onların hakimiyyətlərə qarşı duruşu həmin hakimiyyətləri özlərinə çəki-düzən verməyə, eyiblərini düzəltməyə məcbur etməlidir. Yaxşı, şair-yazıçı da dövrünün eybəcərliklərinə güzgü tutmayacaqsa, rejimlər nəyə baxıb xətalarını, əyriliklərini görəcəklər? Şair-yazıçının sözü, qələmi müxalif olmayacaqsa, onun yaşadığı mühitin murdarları kimdən qorxacaqlar, kimdən çəkinəcəklər? Indi Azərbaycanda elə vəziyyət yaranıb ki, şairi, yazıçını, alimi “əl quzusu”na çeviriblər, birini orden-medalla susdururlar, o birini təqaüdlə, digərini evlə…
– Amma məsələn, siz – Məmməd Ismayıl “əl quzusu” olmadınız, bunun üçün edilən təklifləri geri çevirdiniz. Deməli, əsas məsələ yaradıcı adamın iradəsidir…
– Əlbəttə! Rejimlər həmişə istəyir ki, şairlə, yazıçı ilə toqquşmada olmasın. Bunun üçün də onları susdurmaq, tabe etdirmək üçün əlindəki geniş imkanları işə salır. Bütün çağlarda belə olub, indi də belədir. Sadəcə, gərək yaradıcı adamın iradəsi, əxlaqı çatsın ki, yalnız əldə etmək haqqında düşünməsin, bir az da imtina etmək haqqında düşünsün. Təxminən 10-15 il əvvələdək mənə də təkliflər olurdu ki, alım payımı, sakitcə oturum. Amma mən bunu necə qəbul edə bilərdim?! Ona görə də bu gün Məmməd Ismayıl hazırki Azərbaycan mühitinin ağ şalvarında qara yamaqdır. Elə Yazıçılar Birliyinin son qurultayında baş verənlər də bunu göstərdi. Axı mən orada qeyri-adi nə demişdim, ya nə etmişdim? Mətbuatda az qala bunu elə təqdim etdilər ki, guya mən böyük qəhrəmanlıq-zad eləmişəm. Halbuki heç bir qəhrəmanlıqdan söhbət getmir, mən orada ən adi həqiqətləri dilə gətirmişdim. Bəziləri bunu sinirməyib dəli oldu ki, Məmməd Ismayıl necə belə danışa bilər?! Onda bu cəsarət hardandır? Onlar öyrəniblər ki, tost desinlər, tost eşitsinlər. Axı biz hansı dövrdə yaşayırıq, bu gün alternativsiz seçki keçirmək nə deməkdir? Bütün fikirlər şablon, Sovet dövründəki qurultaylarda edilən çıxışların daha primitiv şəkildə təkrarı. Mən də çıxdım, bunları dedim. Təzə çəkilən yollarına, təzə tikilən binalarına baxıb, elə bilirdim ki, Bakıda çox şey dəyişib, amma çıxışım ətrafinda yaranan yersiz dedi-qodulardan belə gördüm ki, dəyişən görüntüdür, insanların düşüncəsində isə dəyişən bir şey yoxdur.
– Məmməd bəy, açıq danışaq: bütün bu yaşananlardan sonra Yazıçılar Birliyinin sədri Anar Rzayevin lehinə səs verməyiniz nə qədər məntiqli addım idi? Axı həmin təşkilatda vəziyyətin bu yerə çatması ilk növbədə onun “əsər”idir.
– Yanılırsan, bu daha çox “yuxarı”dan qurulan idaretmə sisteminin nəticəsidir. Hər yerdə necə, Yazıçılar Birliyində də eləcə. Mən Anarın lehinə ona görə səs verdim ki, alternativ namizəd yox idi.
– Amma boykot edə bilərdiniz.
– Bu barədə başqa müsahibələrdə geniş cavablar verdiyimdən təkrara lüzum görmürəm. Həm də mənim niyyətim gəlib orada Anarla düşmən olmaq deyildi. Mən öz sözümü dedim və bəlkə də həmin qurultayı böyük biabırçılıqdan xilas etdim. Nə vaxtsa, bu qurultayın çıxışlarını qaldırıb baxanda görəcəklər ki, heç olmasa, bir nəfər çıxıb bütün problemləri orada oturanların üzünə söyləyib. Bilirsən, artıq hamı başa düşməlidir ki, tənqidi fikirə görə dünya dağılmır. Tənqidsiz, müxalif fikirsiz, özgür düşüncəsiz bir ölkə artıq ölkə deyil, əvvəlcədən qurulmuş teatr səhnəsidir. Mən də buna üsyan edirdim, nə vaxtadək teatr davam edəcək?! Bir ölkənin ki, düşünən beyini, danışan dili olan adamlar tost demək və tost eşitmək həvəsindədirlər, o ölkənin insanlarını kim eyitəcək, kim aydınladacaq? Mənə qədər aldığı müsahibələri birinci səhifəsindən başlayıb 2 səhifə yarım dərc edən “Ədəbiyyat qəzeti” mənimlə müsahibəni yarıbayarı azaldıb “və s.” səhifəsində dərc edir. Bunun adı qisas almaq, “biz sənə yerini göstərərik”dir? Bilirsən, əzizim, hərdən eşidirəm, mənə də deyirlər, “bunun başı xarabdı, o boyda vəzifələrdə işlədi, özünə, övladlarına bir gün ağlaya bilmədi, indi də bu yaşda düşüb çöllərə…”
– Belə münasibət sizi kədərləndirir?
– O mənada kədərləndirir ki, axı bu adamlar niyə elə fikirləşir, şair, yazıçı illah yaltaqlıq eləyib özünə, balalarına gün ağlamalıdır?! Budurmu Azərbaycan toplumunun milli ideologiyası,azərbaycanlı zehniyyəti?! Mən qalanda mən öz halımdan məmnunam. Ona görə də çıxıb istənilən yerdə, istənilən tribunadan özgür danışa bilirəm, doğru bildiklərimi heç kimdən və heç nədən çəkinmədən söyləyirəm. Bu çox dəhşətli vəziyyətdir ki, indi pul bizdə çoxlarının “allah”ına çevrilib. Bir millətin ki, pul “Allahına” çevrilə o millətin sabahından nə gözləyərsən? Başda oturanlar hesab edirlərsə ki, bu qədər pulları var, həmin pulla təkcə maşınlar, mülklər yox, həm də adamları, onların əqidəsini, ruhunu satın almaq mümkündür və alırlar, belə ölkədə necə dözəsən, nə qədər dözəsən?! Mən də buna görə çıxıb getdim Türkiyəyə, təvazökarlıqdan uzaq səslənməsin, hansı ki, orada Məmməd Ismayılın dəyərini bilirlər, anlayırlar. Burada isə təsəvvür edin ki, adım, şeirlərim dərsliklərdən çıxarılıb. Bu ölkənin ədəbiyyat dərsliklərində əsərlərimə yox, heç adıma da adıma rast gəlməzsiniz. Elə vəziyyət yaradıblar ki, adamlar mənim adımı çəkməkdən də qorxur, ehtiyatlanırlar. Halbuki başqa ölkələrdə yaradıcılığıma verilən dəyər göz qabağındadır.
– Vətəndə sizə olan münasibəti özünüzə dərd eləyirsiniz?
– Əsla! Əgər indi mənim yazdıqlarım Ankarada, Istanbulda, Rusiyada, Fransada və s. ölkələrdə dərc edilib təqdir olunursa, şeirlərimə, adıma Azərbaycanda yasaq gətirilməsindən niyə narahat olmalıyam? Bu həmin vəziyyəti yaradanların utancıdır. Həm də Azərbaycan onun mürtəce yönəticilərindən ibarət deyil ki? Şükürlər olsun ki, millətimiz sevgidən qısır deyil. Və…uzaqda olsam da, o millət sevgisini damarlarımda çağlayan qanda davamlı hiss edirəm.
– Məmməd bəy, Azərbaycanda qalıb haqq sözü deyənlərin aqibəti göz önündədir, həbsə doldurulan müxalif fikirli insanların sayı görünməmiş şəkildə, günbəgün artır. Bu həbslər haqqında, azad düşüncələrinə görə şərlənərək, siyasi sifarişlə məhbəsə atılan insanlarımız barədə nə deyə bilərsiniz?
(ardı növbəti sayımızda)