"Freedom House"un rəhbəri Əliyev rejimini ciddi cəzaların gözlədiyini anons etdi VİDEO
David Kramer: "Baş verən basqılar fonunda Azərbaycana baxmağın vaxtı çatıb"
ABŞ-da yerləşən "Freedom House" beynəlxalq insan haqları təşkilatının rəhbəri David Kramer Azərbaycanda yaranmış vəziyyətlə bağlı "Amerikanın səsi" radiosuna müsahibə verib. Kramer Azərbaycanda insan haqları sahəsində iyrənc situasiya yaşandığını deyib və Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiqinə çağırıb. Onun sözlərinə görə, Azərbaycandan xeyli az siyasi məhbusları olan Belarus və Rusiyaya sanksiyalar tətbiq olunduğu halda Azərbaycana fərqli yanaşma məntiqə sığmır. Kramer bildirib ki, İlham Əliyevin yürütdüyü mürtəce siyasət Azərbaycanı ABŞ və Avropanın rəhbər tutduğu dəyərlərdən uzaqlaşdırır. Müsahibəni təqdim edirik.
– Hazırda Azərbaycanda müşahidə olunan sivil cəmiyyət fəallarına, dissidentlərə qarşı basqıları necə dəyərləndirirsiniz? Sizcə bu basqıların səbəbləri nədir?
– Azərbaycan müstəqil olandan bəri ölkədə ən şiddətli basqıları görürük. Zənnimcə, bu, Ermənistanla Dağlıq Qarabağ üzərində artan gərginliklərlə, təmas xəttində baş verən toqquşmalarla əlaqəlidir. Ehtiyat edirəm ki, prezident Əliyev bu gərginliklərdən sui-istifadə edərək daxildə basqılar həyata keçirir. O, fəalları və tənqdiçilərini Ermənistana casusluqda ititham edib ki, bu da Azərbaycanda olduqca ağır ittihamdır. Azərbaycanda iyrənc bir situasiya yaşanır. Həbslər artır. Leyla Yunusa lazımi tibbi xidmət göstərilmir, ərindən ayrı saxlanılır. Bugünlərdə İlqar Nəsibovun qəddarcasına döyülməsini gördük. Daha sonra Seymur Həzi həbs olundu. Eybəcər situasiyadır. Narahatam ki, hökumət bu basqıları həyata keçirmək üçün təhlükəsizlik arqumentindən istifadə edəcək.
– Bu yaxınlarda bildirmisiniz ki, İlham Əliyev və onun hökuməti ölkədə təşviq etdikləri təhlükəli və mürtəce duruma görə cavabdeh tutulmalıdırlar. Təklif etmisiniz ki, ABŞ və Avropa İttifaqı bu dəhşətli insan haqları pozuntularını törədənlərə qarşı sanksiyalar tətbiq etsin. Bu barədə ətraflı nə deyə bilərsiniz?
– Gəlin, regiona baxaq: Artıq 10 ildir ki, Belarus Lukaşenko rejiminin törətdiyi insan haqları pozuntularına görə sanksiyalarla üzləşir. Rusiya ilə bağlı 2012-ci ildə qəbul edilmiş Maqnitski Aktı insan haqlarını pozan dövlət məmurlarını hədəf alır. Belarusda 9-10 siyasi məhbusdan, Rusiyada isə “Memorial” cəmiyyətinin hesablamalarına əsasən, 45 adamdan söhbət gedir. Amma əhalisi Rusiyadan qat-qat az olan Azərbaycanda siyasi məhbusların sayı 100-ü ötüb. Baş verən basqılar fonunda Azərbaycana baxmağın vaxtı çatıb. Zənnimcə, Konqres insan haqlarını pozan məmurlara qarşı qlobal Maqnitski Qanunu qəbul etməlidir. Təəssüf ki, Azərbaycan özünü bu qobal Maqnitski Qanununa layiqli namizədə çevirir. Biz bu sanksiyaları Belarusa, Rusiaya tətbiq emişik. Axı niyə Azərbaycanla fərqli şəkildə rəftar olunmalıdır?
– "Vaşinqton Post" qəzetinin baş məqaləsi İlham Əliyevi Vladimir Putinlə müqayisə edərək, sivil cəmiyyətə qarşı basqılarda onun Rusiya prezidentini təqlid etdiyini vurğulayır. Siz bu dəyərləndirmə ilə razılaşırsınızmı?
– Zənnimcə, müəyyən oxşarlıqlar var. Amma Rusiyadan fərqli olaraq Azərbaycanda Yeltsin dönəminin liberalizasiyası yaşanmayıb. Azərbaycanda təkcə sivil cəmiyyət, insan haqları fəalları hədəf alınmır. Burada repressiya dalğası hamını hədəf alır – jurnalistlıəri, blogerləri və s. Putinin 2012-ci ildə hakimiyyətə qayıdışından sonra biz Rusiyada oxşar tendensiyanı görürük. Putin Rusiyası regionda başqaları üçün pis bir örnəyə çevrilib. Kreml bir növ mürtəce siyasət yürüdənlərin himayədarına çevrilib. Amma mən Əliyevi və onun ətrafını məsuliyyətdən azad etməzdim. Rusiyada nə baş verib-vermədiyindən asılı olmayaraq, Azərbaycan iqtidarı əminəm ki, indiki basqıları həyata keçirmiş olardı.
– Azərbaycanda hədəf alınan QHT işçiləri Amerikadan, Qərbdən qrant alan adamlardır. Bu halda Azərbaycanı Birləşmiş Ştatların müttəfiqi, yaxud dostu adlandırmaq olarmı?
– Azərbaycan təzadlı kateqoriyaya düşür. Enerji, iqtisadi və təhlükəsizlik maraqları baxımından ABŞ üçün əhəmiyyət kəsb edir. Əfqanıstana tranzit ölkə olaraq terrorizmə qarşı səylərdə iştirak edir. Azərbaycan rəsmiləri hər gün hamıya xatırlatmağı sevirlər ki, onlar çətin qonşuluqda fəaliyyət göstərirlər. Amma bunlar Azərbycan rəhbərliyinin hüquq pozuntularına bəraət qazandırmır. Bu mənada Azərbaycan bizim rəhbər tutduğumuz dəyərlərdən uzaqlaşır. O yerdə ki, rejim basqılar həyata keçirir, öz iradəsini zorakılıqla tətbiq edir və sivil cəmiyyət məkanını məhdudlaşdırır, belə bir hökumətlə münasibət saxlamaq çətin olur. Mənim öz qənaətim budur ki, ABŞ rəsmiləri Azərbaycandakı basqılardan əsəb keçirirlər. Sabiq səfir Riçard Morningstar artan şəkildə Azərbaycandakı basqılardan narazılıqlarını ifadə edirdi. Bu cür olaylar bizim üçün normal münasibətlər saxlamağı çətinləşdirəcək. Azərbaycan hökumətinin beynəlxalq standartları rədd etməsi, onları pozması və Avropa Şurasını öz davranışı ilə məsxəyərə qoyması durumu çətinləşdirir.
– Azərbaycan kimi bir ölkənin Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi nə dərəcədə məqsədəuyğundur?
– Qətiyyən məqsədəuyğun deyil. Bu təşkilatların insan haqları üzrə öz standartları var. Azərbaycan bu standartlara heç yaxın da gəlmir. "Freedom House"un sorğularında Azərbaycan "azad olmayan ölkələr" sırasında sonuncu yerlərdən birini tutur. Elə deyil ki, bu ölkə azacıq da olsa, "qismən azad ölkələr" sırasına yaxındır. Xeyli aşağıdadır. Belə bir ölkəyə bu mötəbər platformanın verilməsi sual altına alınmalıdır. Bir il bundan öncə Azərbaycan "İnternet idarəçiliyi" adlı beynəlxalq konfrans təşkil etmişdi. Bu cür tədbirlər hökumətə legitimlk verir – ən azı Azərbaycan rəsmilərinin nəzərində. Beynəlxalq ictimaiyyət Azərbaycandakı situasiyanı nəzərə alaraq Əliyev hökumətinə belə imtiyazlar verməməldir.