Yaxud, əsl uğur azadlıq olan yerdə qazanılır!
Elnur Hüseynovun Türkiyədəki uğurlu çıxışı son günlərin aktual mövzularındandır… Ciddi müzakirəyə səbəb olan bu hadisəyə xalqımız münasibətini dərhal bildirdi: azərbaycanlılar çox istedadlı millətdir, ancaq, inhisarçı hakimiyyət kimsənin öz gücünə uğur qazanmasına imkan vermir?! Gəlin, məsələyə öncə siyasi aspektdən baxaq: Elnur azad təşəbbüslərin boğulduğu bir ölkədə yaradıcı insanlara, xüsusilə də gənclərə əyani nümunə oldu, Azərbaycanda istedad və bacarığını ifadə edə bilməyənlərə mesaj verdi: əsl uğur azadlıq olan yerdə qazanılır!
Indi Elnurun ardınca Türkiyə və başqa azad ölkələrə yüzlərlə istedad axın edəcək. Çünki Elnur nümunəsindən sonra cəmiyyət silkələndi, vətəndaşların gözü daha çox açıldı… Axı, avtoritar rejimdə kiminsə ad çıxarması rejim başçısını və onun ailə üzvlərini kölgədə qoyar… O üzdən ölkədə hər şey, hətta şan-şöhrət də inhisardadır.
Baxın, Azərbaycanda hakim ailənin üzvləri “hər şey”dir: həm şairdirlər, həm də naşir; həm rəssamdırlar, həm də heykəltəraş; həm dəb ustasıdırlar, həm də maneken; həm biznesmendirlər, həm də xeyriyyəçi… Bir sözlə, bütün istedad və bacarıqlara onlar sahibdirlər, hər yerdə insanlar yalnız onları nümunə görməli, onları tərif etməlidirlər… Belə bir ölkədə hakimiyyət sıravi vətəndaşın öz bacarığı ilə böyük uğur əldə etməsini istəyərmi? Ən yaxşı halda, rejimin “xeyir-duası”nı almaq lazımdır ki, sonra da qazandığın uğurda məhz hakimiyyətin dəstəyi olduğu təbliğ edilsin. Belə minnətli yaxşılıq isə insanın şəxsiyyətini ucuzlaşdırır, uğurunu kölgədə qoyur. Şəxsin hakimiyyətə borclu qalmağa məcbur edilməsi sonucda onun əl-qolunu buxovlayır və yararsız hala salır… Görün, rejimin müdafiəçiləri nə deyir: “Azərbaycan dövləti Elnur Hüseynovu ”Eurovision” yarışmasına göndərib. Bundan böyük nə dəstək ola bilər?”… Bəs, onda niyə Elnura Türkiyədəki qədər dəyər verilmədi? Niyə Azərbaycanda “Bu sese şapka çıkartılır” deyən olmadı? Hələ yaxşı ki, hakimiyyət Elnuru yüksək musiqi təhsili almaq üçün Avropaya göndərməyib, yoxsa, onu nəinki borclu çıxarar, hətta nankor adlandırardılar?!
“Eurovision”a gəlincə, indiyədək Azərbaycanı bu yarışmada təmsil etmiş və tanıtmış istedadlar bu gün meydanda görünmürlər. Hələ “Eurovision” seçmələrində iştirak etmiş neçə-neçə istedadlı gənci demirik… Onlardan heç bir soraq yoxdur. Axı, bu gəncləri üzə çıxarmaq lazımdır ki, nəhayət, Azərbaycan estradasına yeni nəfəs, yeni simalar gəlsin. Həm də estradamıza rəqabət gəlsin ki, bu sahəni zəbt etmiş bazar düşüncəli və alverçi xislətli saxta “ulduz”lar sıradan çıxmış olsun…
Lakin məlum səbəbdən, bütün sahələrdə olduğu kimi, estrada və ya şou-biznesdə də durğunluq hökm sürür. Hakimiyyətin “gənclər siyasəti”nin puçluğu bu sahədə də özünü göstərir… Təbliğatın əsas tezislərindən olan – “Azərbaycanda ”neft kapitalı”nın “insan kapitalı”na çevrilməsi”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı”, “Azərbaycanda xüsusi istedada malik gənclərin fəaliyyətinin stimullaşdırılması” kimi ifadələrin reallıqda şüar olaraq qaldığı bir daha məlum olur. Hələ hakim ailənin “Azərbaycan mədəniyyətinin böyük hamisi” imicinin nə qədər zərbə aldığını demirik…
Indi isə diqqəti hadisənin mədəni əhəmiyyətinə yönəldək. Ilk dəfədir ki, Türkiyə şou-biznesində Azərbaycan Elnurun timsalında həm istedadlı, həm də intellektual və müasir musiqiçi ilə yüksək səviyyədə təmsil olundu! Üstəlik, səmimi və təvazökar, mədəni və nəzakətli bir gənc! Bütün bu keyfiyyətlərin bir yerdə cəm olması çox vacibdir. Elnurun diqqət cəlb etməsinin əsas səbəbi də məhz onun bu keyfiyyətlər baxımından bir bütöv olmasıdır.
Indiyədək Azərbaycan şou-biznesində özünü “ulduz” hesab edənlərin Türkiyə bazarına daxil olmaq cəhdlərini, Türkiyə mühitində də Azərbaycandakı kimi bayağı və primitiv, qaba və lovğa davranışlarını müşahidə edir, utanırdıq?! Nəhayət, Türkiyə cəmiyyəti modern Azərbaycanın simasının belə ucuz “ulduz”lardan yox, Elnur Hüseynov kimi sadə və intellektual gənclərdən ibarət olduğunu gördü… Azərbaycanın mədəni cəmiyyəti həm də Elnurun bu keyfiyyətlərinə görə qürur duydu, rahatlıq tapdı… Indi Türkiyə şou-biznesində uğur qazanmağın Elnur modeli var, hər kəs bu modelə müraciət edəcək, ondan yararlanacaq!
Türkiyə şou-biznesi Elnur Hüseynovu Azərbaycan üçün yenidən kəşf etdi. Elnur “O səs Türkiyə” yarışmasındakı möhtəşəm ifası ilə Azərbaycanda gözü yolda qalan nə qədər pərəstişkarını xoşbəxt etdi. Onun da “Eurvision”dan sonra görünməməsi, unudulması və ya lazımi dəyər almaması çoxunu üzürdü. Əslində, cəmiyyət Azərbaycan mühitində sağlam bir karyera qurmağın mümkün olmadığını da bilirdi. Üstəlik, Azərbaycanda hansı səviyyəli telekanal və ya şou-biznes dairəsi var ki, onlar Elnur kimi musiqiçilərlə işləməyə layiq olsunlar?! Onların işə yanaşmasında zövq və səviyyə anlayışı heç yoxdur da… Onlar yalnız və yalnız mənfəət güdür və bu səbəbdən toyxanalardan və çirkin sponsorlardan qidalanan şou-biznes nümayəndələrinə maraq göstərirlər… Belələrinin hesabına telekanallar da, yapma prodüserlər də “qaz vurur, qazan doldurur”lar…
Azərbaycan telekanallarına Elnur Hüseynov kimi gənc və arxasız istedadlar cəlbedici deyil. Zatən Elnur da onların səviyyəsinə bələd olduğu üçün “Mən Azərbaycan şou-biznesindən iyrənmişəm” demişdi… Indi isə o, ruhunu oxşayan mühiti tapıb, Türkiyəni seçib… Həmin Türkiyə ki, rəngarəng teleməkanı, qaynar şou-biznesi ilə dünyada imic qazanıb. Həmin Türkiyə şousu ki, zövq və peşəkarlıqla ortaya qoyduğu bircə proqramı Azərbaycanın bütün telekanalları birlikdə belə yarada bilməzlər.
Nə yaxşı ki, Elnura Türkiyə qucaq açdı, onu yenidən sevdikləri ilə görüşdürdü… Uğurlar Elnur, təşəkkürlər Türkiyə!
Şövkət Məmməd