10 Aprel 2015-ci ildə Həsən Cəlal Gözəlin rəhbərlik etdiyi Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzində, Mərkəzin yeni binasının açılışı və prezident Tayyib Ərdoğanın altı elm adamına verdiyi yüksək xidmət medalı və fəxri fərmanın təqdim edilmə mərasimi olmuşdur. Mərasimdə təltif olunanlardan biri Azərbaycanın görkəmli elm adamı Kamil Vəli Nərimanoğludur.
Tədbir haqqında məlumat almaq üçün Kamil bəylə əlaqə saxladıq. Onun dediklərindən:
"Mən Azərbaycanda elmi adları çox erkən almışam. Lakin sonra siyasi fəaliyyətim mənim Azərbaycanda elmi fəaliyyət və insan kimi normal yaşamaq haqqımı əlimdən aldı. Müxalifəti düşmən kimi görən Azərbaycan iqtidarı, öz siyasi rəqiblərinə göz verib işıq vermir. Biz, Azərbaycanın verdiyi və verə biləcəyi bütün hüquqlardan məhrum olduq. Hər halda biz Məmməd Əmin Rəsulzadədən böyük adam deyilik və onun çəkdiyi məhrumiyyətlərin yüzdə birini çəkməmişik. Türkiyədə də ondan qat-qat rahat yaşayırıq. Mən Türkiyədə siyasi fəaliyyətlə məşğul deyiləm. Mənim işim elmi yaradıcılıqdır. Bu işi də layiqincə görməyə çalışıram. Heç bir şeydə iddialı olmasam da, elmdə kifayət qədər iddialıyam. Yazdığım əsərlər, dediyim dərslər, yetştirdiyim insanlar bunun sübutudur.
Azərbaycanla da mütamadi əlaqələrim var. Eyni zamanda, Vətənimdə siyasi fəaliyyətimi də davam etdirməkdəyəm. Bu, prosesin nəticəsindən asılı olmayaraq sona qədər davam edəcək.
Mən, Ərdoğanın siyasətini, onun Türkiyə rəhbərliyinə gətirdiyi dik duruşu, səbr və təmkini yüksək qiymətləndirirəm. Bu, mənim müstəqil vətəndaş mövdeyimdir. Təyyib bəy, mükafatı təqdim edərkən mənimlə 4-5 dəqiqə söhbət etdi. İlk cümləsi "Mən də Azərbaycan türkiyəm" oldu. Bu, mənim çox dəyər verdiyim bir sözdür. Həqiqi mənada da mənim üçün qiymətli idi.
Azərbaycanla fəxr etmək mənim ən təbii haqqımdır. Azərbaycanın bütün problemi mənim problemimdir. Mənim siyasi məsuliyyətim Türkiyə ilə deyil, Azərbaycanla bağlıdır. Sözün geniş mənasında isə Azərbaycanın Şimalı da, Cənubu da, Türkiyə də, Kərkük də, Şərqi Türküstan da, İdil Boyu da, Balkanların böyük bir qisimi də mənim vətənimdir.
Türkiyə xilaskar dövlətdir. Mən də bütün Azərbaycan türkləri kimi, bu həqiqəti bilirəm və ömrüm boyu da bu həqiqətə sadiq olacağam.
Prezident Ərdoğan "İlham Əliyev və Mehriban xanımın Ümrə ziyarəti məni çox sevindirdi, onları ayrıca təbrik edəcəyəm" dedi. Mən də çox səmimi bir şəkildə kimsəyə sataşmadan "Allah hər kəsə Həcc və Ümrə ziyarəti qismət etsin" dedim.
Sonra prezident mənim işlədiyim İstanbul Aydın Universitetini soruşdu, mən də bu Universitetin müasir, siyasətsiz təhsilin və ya sırf elmi təhsil konsepsiyasının mövcud olduğunu bildirməyə borclu idim. Prezidentin tədbirində iştirak etdiyimiz görkəmli siyasi xadim Həsən Cəlal Gözəlin rəhbərlik etdiyi "Yeni Türkiyə Strateji Mərkəzi" yeni bir universitet olmağa tam layiqdir. Tədbirdə iştirak edən elm və mədəniyyət xadimləri ilə söhbətlər xüsusən maraqlı idi. Mən fürsətdən istifadə edib, Azərbaycandakı müəllim və şagirdlərimə salam söyləyirəm. Aldığım təbriklərə görə dostlara və sizə təşəkkür etməyi özümə borc bilirəm. Nə qədər gücümüz varsa, o qədər çalışacağıq. Yazmaq istədiklərimizi yazacaq, yaza bilmədiklərimizi tələbələrimiz yazacaq. Allah hamınıza can sağlığı versin. Azərbaycandakı siyasi məhbusları salamlayır, bağrıma basıb öpürəm. Yaman günün ömrü az olur. İnşallah onlarla azadlıqda görüşəcəyik".