ABŞ və Avropa demokratiyanı neftə qurban verməyəcəklərinin mesajını verdilər
Fuad Qəhrəmanlı: «Azərbaycan hakimiyyətinin hazırda seçdiyi kurs davam edərsə gələcəkdə beynəlxalq aləmlə ciddi qarşıdurma yarana bilər»
ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycanı «Əsrin Kontraktı»nın imzalanmasının 20 illik ildönümü ilə əlaqədar İlham Əliyevə təbrik məktubu göndərib. Təbirk məktubunda bir sıra məqamlar xüsusilə diqqət çəkir. Kerri məktubunda insan haqlarının müdafiəsi və demokratiyanın vacibliyini də vurğulayır: «Azərbaycan 96 il öncə ümumbəşəri demokratik dəyərlərə sadiqlik göstərən ilk müsəlman dövləti olaraq insan haqları və əsas azadlıqlar sahəsində lider rolunu oynamışdır. Demokratik inkişaf sayəsində Azərbaycan sözügedən lider dövlət rolunu özünə qaytara bilər. Bizim münasibətlərimizin qərarlaşdığı üç sütun – təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq, və nəhayət demokratiya və vətəndaş cəmiyyətinin inkişafı Azərbaycanın daha güclü, daha sabit və daha tərəqqili olması üçün mühümdür».
Siyasi şərhçilər bu məktubu Azərbaycan hakimiyyətinə bir mesaj kimi dəyərləndiriblər. Əslində bu mesajla hakimiyyətin arxalandığı siyasətin əsasları darmadağın olunur. Çünki hakimiyyət bir qayda olaraq Qərblə münasibətləri enerji maraqları üzərində qurub. Elə bu maraqların davamı kimi hakimiyyət hesab edirdi ki, neft və qazın müqabilində Qərb onlara Azərbaycan daxilində avtoritar idarəetmə yaratmalarına göz yumacaq. Amma son günlərin olayları bunun əksini sübut etdi. Avropa Parlamentində qəbul olunan son sərt qətnamə bir daha sübut etdi ki, Qərb Azərbaycandakı maraqlarını, demokratik dəyərlərə hörmətini enerji siyasətinə dəyişən deyil. Əslində Avropa Parlamentinin qəbul etdiyi qətnamədə açıq görünən bu tezis hakimiyyətin qəzəbləndirən məqamdır.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, beynəlxalq birlik ilə Azərbaycan arasında yaranmış son münasibətlər onu deməyə əsas verir ki, ölkəmizin Qərbə inteqrasiya prosesində demokratiya əsas prioritet mövzuya çevrilib. Dünya birliyinin Azərbaycan hökumətinə açıq şəkildə mövqeyini çatdırdığını deyən F.Qəhrəmanlı vurğuladı ki, həm beynəlxalq təşkilatlar, həm də dövlətlər səviyyəsində bəyan olunub ki, Azərbaycanda siyasi repressiyalar davam edərsə, media azadlığı basqı altında olarsa, bu Azərbaycanla Qərb arasında nəinki əməkdaşlığın inkişafına mümkün edəcək. Əksinə əlaqələrdə qarşıdurmaya gətirib çıxaracaq: «Avropa Parlamentinin qətnaməsində məhz sanksiyalar məsələnin gündəmə gətirilməsi bunun əlaməti idi. Yəni Azərbaycan hakimiyyətinin hazırda seçdiyi kurs davam edərsə gələcəkdə tərəflər arasında qarşıdurma yarana bilər. Azərbaycan hakimiyyətinin siyasəti onun üzərində qurulub ki, enerji resurslarını Qərb bazarlarına çıxarmaqla Azərbaycan geosiyasi baxımdan Qərb üçün önəm daşıyacaq. Azərbaycana da ərəb ölkələrinə olduğu kimi münasibət ifadə olunacaq. Ərəb ölkələri enerji resursları baxımından Qərb üçün vacib olsa da, bu ölkələrdə demokratiya məsələsi Qərbi iki tərəfli əməkdaşlıqda qayğılandırmır. Azərbaycan hakimiyyəti də təqribən belə bir model istəyirdi. Son proseslər onu göstərdi ki, Qərb Azərbaycan hakimiyyətinin bu istəyini qəbul etmir və Qərb Azərbaycana Avropanın Şərq cinahı kimi baxır».
F.Qəhrəmanlının fikrincə, Avropa bəyan edir ki, onun niyyəti təkcə Azərbaycanın enerji resurslarından yararlanmaq deyil, eyni zamanda Azərbaycanın Avropaya inteqrasiyasına nail olmaqdır. Ona görə Azərbaycana qarşı olan yanaşma bir ölkənin Avropa dəyərlərinə uyğunlaşmasına xidmət edən siyasətdir: «Qərb-Rusiya qarşıdurmasında birincinin mövqeyini möhkəmləndirməsi, Şərqə doğru irəliləməsi eyni zamanda Azərbaycanın da mövqeyindən asılıdır. Azərbaycanın Qərbə inteqrasiyası ölkədaxilindəki siyasətlə bağlıdır. Qərb Azərbaycanla həm enerji sahəsində əməkdaşlığı davam etdirməkdə israrlıdır, həm də demokratik dəyişiklikləri dəyişilməz mövqeyi kimi vurğulayır. Ona görə bu reallıq hakimiyyət tərəfindən nə qədər tez qəbul olunsa bu ikitərəfli əməkdaşlığın inkişafına gətirib çıxara bilər. Yox əgər Azərbaycan hakimiyyəti əvvəlki zehniyyəti ilə məsələyə yanaşmaqda davam edəcəksə bu Azərbaycanın beynəlxalq sanksiyalarla üzləşməsinə gətirib çıxaracaq».
Xəyal