Repressiya qurbanı Həmid bəy Şaxtaxtinski

  • PDF

Font Ölçüsü

Azərbaycanın böyük ziyalısı

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən olan Həmid bəy Şahtaxtinskinin adı XX əsr Azərbaycan dövlətçiliyi və təhsili tarixində şərəfli yerlərdən birini tutur. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş Milli Şuranın üzvü olan Həmid bəy Istiqlal Bəyannaməsinin qəbuluna səs vermiş, 1918-ci il dekabrın 7-dən fəaliyyətə başlayan Azərbaycan Parlamentinin üzvü kimi milli dövlətçilik tarixinə imza atmış böyük tarixi şəxsiyyətlərdən biridir.

Dövrünün tanınmış siyasi və ictimai xadimi Həmid bəy Xəlil oğlu Şahtaxtinski 1880-ci il martın 12-də Azərbaycanın Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olub. O, Naxçıvanda mollaxanada, üçüncü dərəcəli şəhər məktəbində oxumuşdur. Irəvan müəllimlər seminariyasını (1899) bitirmişdir. Pedaqoji fəaliyyətə həmin seminariyada Azərbaycan və rus dilləri müəllimi kimi başlamışdır. Irəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü olmuşdur.

Ali təhsil almaq arzusu ilə Odessaya gedən Həmid bəy Şahtaxtinski, oradakı Novorossiysk Universitetinin hüquq fakültəsinə daxil olub. Təhsil illərində həmin universitetdə azərbaycanlı tələbələrin yaratdığı “Azərbaycan Həmyerliləri” təşkilatının (xatırladaq ki, vaxtilə bu təşkilatda Nəsib bəy Yusifbəyli, Nəriman Nərimanov, Xosrov bəy Sultanov və başqaları fəaliyyət göstəriblər) rəhbərlərindən biri kimi siyasi fəaliyyətə başlayıb. 1912-ci ildə həmin universitetin hüquq fakültəsini bitirən Həmid bəy Gəncəyə gəlib, şəhərin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edib.

1914-cü ildə Gəncə quberniyasının xalq məktəbləri inspektoru vəzifəsinə təyin edilən Həmid bəy maarifçiliklə yanaşı, Gəncə şəhər dairə məhkəməsində andlı müvəkkilin yardımçısı (müavini) vəzifəsində vəkilliklə də məşğul olub. O, 1916-cı ildə Bakıya köçərək, şəhər dairə məhkəməsində eyni vəzifədə vəkillik fəaliyyətini davam etdirib.

O, 1917-ci ildən “Ittihad” partiyasının üzvü, Cənubi Qafqaz Təhsil Idarəsi üzrə komissar idi. Şahtaxtinski, həmçinin Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin 2, 3 və 4-cü hökumət kabinələrin də maarif nazirinin müavini, 5-ci hökumət kabinəsində maarif və dini etiqad naziri (1920-ci il martın 5-də istefa vermişdir), Azərbaycan Parlamentinin üzvü olmuşdur.

Təhsil və maarif fədaisi

O, Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasına böyuk əmək sərf etmişdir. Şahtaxtinski tədrisi Azərbaycan dilində apara bilən təcrübəli müəllim kadrlarının hazırlanması üzrə 1918-ci il  sentyabrın 9-dan etibarən açılmış kursların rəhbəri olmuşdur. Belə kurslar Nuxa və Zaqatalada açılmış, gələcəkdə  isə  Şuşa  şəhərində  açılması  da  nəzərdə  tutulmuşdur.

Bakı  Dövlət  Universitetinin  yaradılmasında F.X.Xoyski, M.Ə.Rəsulzadə, N.Yusifbəyli, R.Kaplanov, S.M.Qəniyev, H.Ağayevlə yanaşı, H.Şahtaxtinski və onlarca digər tanınmış  şəxslərin böyük rolu olmuşdur.

H.Şahtaxtinski Azərbaycan Respublikasında sovet hakimiyyəti  qurulduqdan sonra da pedaqoji fəaliyyətini davam  etdirmişdir. 

H.Şahtaxtinski  Bakı  Dövlət  Universitetində  dərs  deyən  ilk  azərbaycanlı  kadrlardan  və  ana  dilində  ilk  mülahizə  oxuyan  müəllimlərdən  biri   kimi fəaliyyət göstərmişdir.
Şahtaxtinski Bakı Dövlət Universitetində müəllim, prorektor (1919-25), həmçinin Bakı Xalq Maarifi şöbəsi nəzdindəki ikiillik müəllimlər institutunda və Azərbaycan Dövlət Tibb Institutunda (1930-1940) işləmişdir (1929-cu ildən professor).

O, Azərbaycanın maarif sisteminə rəhbərlik edənlərdən biri kimi təhsil müəssisələrinin milliləşdirilməsinə, ölkənin şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasına böyük əmək sərf etmişdir. Azərbaycanın ümumtəhsil məktəbləri üçün milli dərsliklərin hazırlanması, Azərbaycan dilində elmi terminologiyanın tərtibi üzrə hökumət komissiyalarının sədri olmuş Həmid bəy yeni Azərbaycan Əlifbası üzrə Dövlət Komissiyasının üzvü kimi də təhsil quruculuğu və əlifba islahatları işinə əvəzsiz töhfələr vermişdir.

Məktəb islahatı sahəsində məsələləri müzakirə etmək, müəyyən təkliflər hazırlayıb hökumətə təqdim etmək məqsədilə Nazirlər Şurasının qərarı ilə 1919-cu il avqustun 20-dən sentyabrın 1-dək Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin III qurultayına maarif nazirinin müavini Həmid bəy Şahtaxtinski rəhbərlik etmiş, qurultayda geniş nitq söyləmişdir.

Bakı Dövlət Universitetinin müəllimi

Xüsusi  olaraq  qeyd  edirik  ki, H.Şahtaxtinskinin  sədrliyi  ilə  keçirilmiş  həmin  qurultay  müstəqillik  dövründə  Azərbaycanın  müəllim  və  pedaqoqlarının  çağırılmış  ilk  qurultayı  idi. Bu  qurultayda  müzakirə  edilən  məsələlər  və  qəbul  edilmiş  qərarlar, habelə  məktəb-tədris  və  təlim-tərbiyə  işinin  müxtəlif  sahələri  üzrə  irəli  sürülmüş  elmi-pedaqoji  ideyalar  və  təkliflər  öz  müstəqilliyini  yenicə  əldə  etmiş  Resublikada  aparılan  yeni  məktəb  quruculuğu  işində  son  dərəcə  əhəmiyyətli  olmaqla  yanaşı,  sonrakı  dövrlərdə  də  təhsil  işçilərinin: direktor, müfəttiş  və  müəllimlərin  fəaliyyət  proqramına  çevrilmişdir. Qurultayın  qərarını  əsas  tutan  Xalq  Maarif  Nazirliyi  həmin   qərarların  bir  çoxunun  həyata  keçirilməsi  məqsədilə  sonralar  Hökumət  və  Parlament  qarşısında  məsələ  qaldırmış, müvafiq  qərar  və  qanunların  qəbul  edilməsinə  nail  olmuşdur.
Qurultayın Xalq Maarifi Nazirliyinə təqdim etdiyi təkliflər əsasında məktəb islahatı, o cümlədən ümumi təhsilin məzmunca milliləşdirilməsini nəzərdə tutan proqram və dərslik islahatı üzrə Dövlət

Proqramı hazırlamaq məqsədilə 1919-cu il noyabrın 7-də Xalq Maarifi Nazirliyi yanında Həmid bəy Şahtaxtinskinin sədrliyi ilə Hökumət Komissiyası yaradılmışdır.
Həmin Komissiya yeni məzmunlu milli dərsliklərin hazırlanması işinə böyük töhfələr versə də, 28 aprel işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəbindən həmin islahat proqramını axıradək reallaşdırmaq mümkün olmamışdır.

Məlum olduğu kimi, Azərbaycan tarixində Şahtaxtinski soyadını daşıyan ziyalıların özünəməxsus yeri və böyük xidmətləri vardır. Bu məşhur nəslin nümayəndələri görkəmli dövlət xadimi, ictimaiyyətçi, diplomat, hərbçi, həkim, müəllim kimi və digər sahələrdə doğma xalqa hər zaman layiqincə xidmət ediblər. Onlardan Isa Sultan Şahtaxtinski, Məhəmmədağa Şahtaxtlı, Əbülfət Şahtaxtinski, Leyla xanım Şahtaxtinskaya, Baxşəli ağa Şahtaxtinski, Behbud bəy Şahtaxtinski, Həbibulla bəy Şahtaxtinski, Elmira xanım Şahtaxtinskaya, Toğrul Şahtaxtinski, Məhəmməd Şahtaxtinski və Aleksis Şahtaxtinski nəinki Azərbaycanda, eləcə də dünyada xalqımızı layiqincə təmsil edərək, öz dövrlərinin nüfuzlu simalarından olublar.

Həmid bəy də əslən Şahtaxtı kəndindən olan xalası qızı Səkinə xanımla evlənib, bu izdivacdan 4 qız övladı (Məsmə, Leyla, Aliyə və Səidə) dünyaya göz açıb. Onların hamısı yüksək təhsil alıb və Bakıda yaşayıblar. Hazırda Leyla xanımın qızı, Səkinə xanımın isə oğlu Bakıda yaşayırlar.

Repressiyaya məruz qalan Şahtaxtinski 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində dünyasını dəyişib.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir










Yeni Xəbərlər:
Öncəki Xəbərlər:

Oxunub