Tarixin bütün dövrlərində qəhrəmanlara ehtiyac duyulub və bu çağlarda qəhərmanlıq nümunələri yetişib. Görünür, qəhrəmanlıq dünyanın tarazlığını qoruyan amillərdəndi və zərurətdir. Təsadüfi deyil ki, nağıllarda, dastanlarda, filmlərdə qəhrəmanlıq mövzuları ağırlıq təşkil edir. Biz, Herakl, Axilles, Zena, Konan haqqında çəkilən filmlərə təkrar-təkrar baxırıq. Bu fantastik süjetlər bizə o qədər ləzzət verir ki, seyrindən doymuruq. Bu əfsanəvi qəhrəmanlar bizim qəlbimizdə özünə yer tapır. Hətta müasir dövrü təsvir edən döyüş filmlərini və bu filmlərin qəhrəmanlarının adlarını əzbər bilirik. Çünki, insanın zatında xeyirxahlığa, ədalətə, cəsarətə, igidliyə tələbat var. Hər bir cəmiyyət istəyir ki, onun Zorroları, Remboları olsun. Xalq bu adamlara xilaskar kimi baxır. Bu da bir reallıqdır ki, tarixin bütün dövrlərində xalq qəhrəmanları ən ağır məhrumiyyətlərə düçar olublar. Onlar nəhəng şər ordusunun qəzəbi altında yaşayıblar.
Amma bir reallıq da var ki, bu qəhrəmanlar haqqında çəkilmiş filmlərə baxanda “bu qədər də yalan olmaz” deyirik. Çünki, 1 nəfərin 20, 30, 40 nəfərə qalib gələ bilməyəcəyini düşünürük. Bu səhnələrin reallıqdan uzaq olduğunu başa düşürük. Hətta bunu bilə-bilə də xeyir cəngavərlərinə olan sevgimiz azalmır.
Bütün bunları niyə xatırlatdım? Yaşadığımız ölkədə əqidəsinə, haqlı mübarizəsinə, xalqın və dövlətin mənafeyinə xidmət etdiyinə görə həbs olunmuş onlarla insan var. Onlar tarixin bütün dövrlərinin ən real qəhrəmanlarıdı. Onlar, nə Zorro kimi maska taxıblar, nə də Robin Qud kimi dağlara çəkiliblər. Onlar qəhrəmanlığı fantastikadan reallığa gətiriblər və açıq şəkildə meydanda döyüşürlər. Makedoniyalı Iskəndərin Dara üzərində qazandığı qələbəni, qeyri-bərabər döyüşdə qalibiyyət kimi qiymətləndirirlər. Bugün şər maşının qarşısında döyüşənlər isə “Daranın qoşunu”nun qarşısına tək çıxanlardı.
Bugünlərdə belə qəhrəmanlardan biri, dostumuz Seymur Həziyə prokuror 6 il həbs cəzası istədi. Digər mübariz dostumuz Xədicə Ismayılı isə karsa saldılar. Bu adamlar “Daranın qoşunu”na qalib gələnlərdi. Onlar, silahı, ordusu, pulu olan bir “qoşun”a sözlə qalib gəliblər. Onlar həbsxana divarları arasında da rejimi “nokaut”a salıblar.
Ləyaqət döyüşündə məğlub olub, bu həyatda 6 gün yaşaya bilməyənlərin, Seymur Həziyə 6 il həbs cəzası istəməsi qəhrəmanın qalibiyyətidir. Xədicə Ismayılın, bir qəhrəman qadının karsa salınması, şər qoşununun əbədi olaraq “tarixin karsı”na düşməsidir.
Bu fantastika deyil. Bu, müəllif təxəyyülünün, rejissor istiedadı ilə birləşməsindən yaranmış film də deyil. Seymurlar, Xədicələr bir xəncərlə 100 qulduru yerə sərə bilən real obrazlardı.
21-ci əsrin qəhrəmanlarına dəstək olmaq, onların azadlığını tələb etmək hər bir vətəndaşın vicdan borcudur. Çünki, onlar sizin deyə bilmədiyinizi deyir, sizin edə bilmədiklərinizi edirlər. Onlar sizin qorxuya təslim olmuş arzularınızın carçılarıdı.
Dövrümüzün mübarizə simvollarına sahib çıxmalıyıq. Biz xoşbəxtik ki, bu adamlar bizim yaşadığımız dövrün qəhrəmanlarıdı. Xədicə Ismayıl özü ilə mərc gəlib ki, bu çətinliklərə dözəcək. Seymur Həzi 6 illik zindan həyatını istirahət kimi qiymətləndirir.
Camaat, bu adamlar köhnə mahnıları yeni aranjemanda təqdim etmirlər. Bu adamlar intellekti cəsarətlə sintez ediblər. Onlar, ziyalının ən böyük qəhrəman ola biləcəyini təsdiqləyiblər.
Onlar heç vaxt sizi məyus etməyəcəklər. Çünki, onların heç bir halda məğlub olmaq şənsları yoxdur. Hətta onları öldürsələr də, bu, qalibiyyətin ölüm səsi olacaq.
Indi Seymurları, Xədicələri tanıyan adamlar “bu qədər yalan olmaz” demirlər. “Bu boyda həqiqət olar?” deyə özlərinə sual edirlər.