Hakkı seven aşık geçmezmi candan,
Korkarım Allahtan, korkum yok senden,
Ferman almış Hızır Paşa Sultandan
Pir Sultan Abdalı asayım deyü.
(Pir Sultan Abdal)
Hökumətin siyasi oyuncağına çevrilmiş məhkəmə gilyotini işindədir. Aylardır sürən tamaşadan sonra prokuror Seymur Həziyə 6 il iş istədi. Bu iclaslarda sona qədər susub oturmaq zor işdir. Arada dözməyib acıqlı reaksiya verən və zaldan çıxarılan insanları gözəl anlayıram. Hələ adam əlinə keçəni yalançı şahidlərin başına fırlatmaq istəyir. Həmin gün ifadə verən belə şahidlərdən biri heç nədən xəbəri olmadığını etiraf edən gənc sürücü Müşfiq Quliyev idi. Ikincisi onun adından ifadə yazdırıb “imzasını almış” müstəntiq Bilal Nəbiyev. Məlum oldu ki, müstəntiq də Seymurla eyni bölgədən, Laçın rayonundandır və qurama işin mərkəzində məhz bu adam dayanır. Onun əvvəlcə həmyerlilik söhbəti salıb, sonra “mən qanun adamıyam” deməsinə ağlayasan, yoxsa güləsən, bilmirsən ki. O gün böyük bir davanın açar nöqtəsinə çevrilən Laçının adı iki fərqli şəxsin – Seymur Həzi və Bilal Nəbiyevin qarşılaşmasında haqsızlığa uğrada sanki yenidən. Elə Pir Sultan Abdalın hekayətində olduğu kimi…
16-cı əsrdə Türkiyənin Sivas şəhərində yaşamış Pir Sultan Abdalın irfan işığını duyub gələnlərdən biri də Hızır adlı gənc olub. Yeddi il ona müridlik etmiş Hızır sonra Istanbula gedib çıxır, burada irəliləyərək paşa rütbəsinə yüksəlir. Ardınca Sivas valiliyinə göndərilən Paşa vəzifə görüncə haqq tanımaz, vicdan bilməz biri olur. Bütün inancını, irfanını unudur, yoxsulları əzməyə, zülm etməyə, haram yeməyə başlayır. Paşanın Sivasda Kara Kadı və Sarı Kadı adlı iki qazısı varmış. Yoxsul xalqın bu iki qazıdan görmədiyi zülm qalmır. Elə Pir Sultan da bu üzdən iki itinə Sarı Kadı və Kara Kadı adlarını vermişdi. Xəbəri eşidən qazılar onu həbs etdirib hüzurlarına gətirirlər. Itlərinin adlarını soruşurlar. Həqiqəti etiraf edən Pir Sultan: “amma onlar sizdən daha yaxşıdır, çünki haram yeməzlər”- deyir. Cin atına minən qazılar iki qab yemək gətirdib itlərin qabağına qoyur. Iylədikdən sonra itlər haram qabdakı yeməkdən imtina edir. Beləcə hər kəs qazıların haram yediyini öyrənir. Pir Sultan Abdal bu misraları da o zaman söyləyir:
Pir Sultanam zatlarımız,
Gerçəkdir şöhrətlərimiz,
Haram yeməz itlərimiz,
Bu sözümdə yalan varmı?
Amma sonda acı həqiqət Pir Sultanın hələ müridi ikən Hızıra söylədiyi kimi olur. Onun dar ağacına çəkilməsi də birbaşa zalıma dönmüş Hızır Paşanın başçılığı altında həyata keçirilir…
Beləcə yüz illərdir haqq və nahaq məsələsi dünyanın problemi olaraq qalır. Bir insana haqsız yerə iftira atmaq, onu məhbəslərdə yatırmaq, ahını almaq qədər böyük günah da yox. Seymur belə iftiraya uğrayanlardan biridir. Amma o, çoxlarının həsəd duya biləcəyi qədər əzmkar, güclü və qətiyyətlidir. O, çıxarıldığı saxtakar məhkəmə qarşısında “görmədim, eşitmədim və bilmirəm” deyərək cəzadan xilas olan Qalileydən də prinsipial görünür. Bu üzdən nə müstəntiq “həmyerlisi”nin yalanları, nə gülünc ittihamlar, nə də prokurorun 6 il iş istəməsi təəccübləndirə bildi onu. Hansı təbəssümlə gəlmişdisə, o ovqatda da tərk etdi məhkəmə zalını. Çünki bizim hamımızın inandığımız bir həqiqət var: sonda hökmən haqq qalib gələcək. Bəlkə, Seymur fəlsəfə oxuduğuna görə, buna bizdən də çox inanır. O bizdən daha çox haqlıdır demək ki. Elə Qalileyin özündən də daha haqlıdır. Məhkəmə qarşısında dünyanın beş yüz ildən bəri dayanmadan döndüyünü, dəyişdiyini və dəyişəcəyini çəkinmədən etiraf etdiyi üçün…