Iki il öncə bir oxucu mənə irad tutmuşdu ki, niyə yazılarınızda saxta seçilmiş Milli Məclis üzvlərinin adlarını çəkərkən deputat, yaxud millət vəkili ifadələrindən istifadə edirsiniz. Belə çıxırdı ki, guya belə yazmaqla biz parlament seçkilərinin ədalətli keçməsi haqda fikir formalaşdırırıq.
Mən də öz arqumentimi irəli sürdüm, yazdım ki, axı mən Əli Hüseynli yazanda necə edim ki, oxucu bu şəxsin saxta seçilmiş millət vəkili olduğunu anlasın? Cavab çox qısa oldu: “Eləcə də yazın, vəssalam”. Razılaşın ki, onun sözlərində həqiqət vardı, bu günə gəlib çıxmağımızın səbəblərindən biri də məhz elə budur. Kimin kim olduğunu təkrar-təkrar vurğulamaq uzunçuluq olsa da, həqiqətə doğru atılmış bir addımdır. “Əli Hüseynli saxta Milli Məclisin deputatı və komitə sədridir” ifadəsi ilk baxışda bir az qisas və qərəzli(!) kimi səslənsədə, həqiqəti özündə əks etdirir. Bəzən içi mən daxil olmaqla, yazılarımızda bir deputatı o birisindən fərqləndiririk, məsələn, yazırıq ki, Əli Hüseynli filan deputata nisbətən daha savadlı və məsuliyyətlidir. Boş söhbətdir, Əliyev rejimi Milli Məclisi savada, məsuliyyətə görə yox, itaətə görə formalaşdırıb. Söhbət elə Əli Hüseynlidən düşmüşkən, onun son müsahibəsindən bir cümləni olduğu kimi oxucuların ixtiyarına verirəm, buyurun: “Avropada Ilham Əliyev masştabında davamlı yüksək reytinqə malik siyasi şəxsiyyət mövcud deyil”…
Adının qabağında “novostroyka”, “qəssab”, “supermarket”, “pişto” yazılmış deputatlardan fərqli olaraq, Əli Hüseynlinin bir ayağı burda, bir ayağı Avropadadır. Mümkün deyil ki, reytinqin də nə olduğunu bilməsin, eləcə də Avropanın Ilham Əliyevə münasibətindən də xəbəri var. Bundan başqa, son bir neçə ildə Ilham Əliyevin Şərqi Avropadan başqa heç bir rəsmi səfərə getmədiyini bilməmiş deyil.
Amma deyir, çünki o, tayfa rejiminin bəxşişini qəbul edib, ona sədaqət andı içib. Başqa çıxış yolu da yoxdur, hər şeyin bir günün içində itirmək təhlükəsi “Domokl qılıncı” kimi daima başının üstündədir.
…Təxminən iki həftə öncə Iran rejiminin təqib etdiyi, Cənubi Azərbaycanın milli-azadlıq hərəkatının liderlərindən biri Mahmudəli Çöhrəqanlı Bakı aeroportundan geri qaytarıldı. Əhalisinin 98 faizi azəri türkləri olan bir müstəqil dövlət, gözünü qırpmadan bu böyük azəri türkünü qapıdan içəri buraxmadı.
Millətçilik də bu ölkədə inhisara alındığından rejimin ən böyük türkü(!) Fərəc Quliyev və… ehtiyat “türk” Azər Həsrətdən “soraq” gəlmədi. Ikincinin təşkilatının adını çəkəcəm, xahiş edirəm əsəbləri zəif olanlar oxumasın – “Yedi dövlət, bir millət” konseyi!…
Bəli, əziz oxucu, rejim insanları elə bir hala salıb ki, onlar bəzən bir qarın çörək naminə ən böyük ideyaları belə tapdalamağa hazırdırlar…
…Yəqin ki, Azərbaycan futbolunun düşdüyü vəziyyət hər kəsə məlumdur. Həvəskar Fələstinə 0:2 hesabı ilə məğlubiyyət, Lüksemburq və Andorra kimi ərazisi Sabunçu rayonu boyda olan ölkələrin bizdən xal alması artıq ənənəyə çevrilib.
Əhalisinin 98 faizi türk olan Azərbaycan futbolunun başında, bu idman növü ilə yaxından-uzaqdan əlaqəsi olmayan, kürd mənşəli Rövnəq Abdullayevin durması 9 milyonluq bir etnos üçün sadəcə təhqirdir.
…5 il əvvəl 9-cu mikrorayonda yerləşən “Bursa” MTK-dan 2 otaqlı mənzil almağımıza baxmayaraq, hələ də ora köçə bilməmişik. Şirkət rəhbərliyi suvaq və s. tamamlama işlərindən imtina edir, onu gələcək sakinlərin üzərinə atır. Mənim şikayət edəcəyimi eşidən Mübariz adlı şirkət yetkilisi gülməkdən az qala uğunub getdi. Dedi ki, ay kişi, sən bilirsən bu şirkət kimindir?..
Məlum oldu ki, bu şirkət Minvodda yaşayan Həsən adlı bir kürd mənşəli iş adamınındır. Mübarizin sözlərindən də belə çıxdı ki, bu adamı himayə edən də elə Rövnəq Abdullayevi himayə edəndir. Mənə də “başımın ağrımaması” üçün üzünü görmədiyim bir kürd sahibkara 3 min manata yaxın əlavə xeyir verməyimi “məsləhət” gördü…
…Dünən bir taksi sürücüsü isə məni bir az ümidləndirdi. O mənə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana şikayət etməyi məsləhət gördü. Əslən Zaqataladan olan sürücü dedi ki, qonşumuzun inəyi itmişdi, baş nazirə şikayət məktubu yazdı, ikicə günün içində inəyini tapıb verdilər…
Başa motal dərisi keçirib “mən başqanam” demək çox asandır, Azər Həsrət əfəndi! Arada gərək “inək axtarmağı” da bacarasan…