Bəziləri hələ də qloballaşmanı bizi gözləyən gələcək “təhlükə” kimi yamanlamaqda davam etsə də əslində bu prosesin ən böyük təsdiqi coğrafi məsafələrin kiçilməsidir.
Indi hətta ən uzaq ölkələrdə baş verən proseslər belə bizə maraqsız görünmür, insanlar bu ölkələrin nümunəsində öz ölkələrini gözləyən problemlərə cavab axtarırlar.
Bunun canlı təsdiqi ərəb ölkələrində baş verən proseslərdir. Bəlkə də bu ölkələrdə baş verən prosesləri böyük dünya siyasətinin bir aynası, göstəricisi hesab etmək olar.
Xüsusən Misir hadisələri çox diqqət cəlb edir. Bu gün bu ölkədə baş verən siyasi proseslər avtoritar rejimlərin ən çox haradan qaynaqlandığnın canlı nümunəsidir.
Mən bütün şüurlu həyatım boyu özümdə ABŞ-a qarşı böyük rəğbət hiss etmişəm. Amma indi baş verən prosesləri böyük təəssüf hissilə müşahidə edirəm.
Heç nəyi ideallaşdırmaq fikrim yoxdur. Müsəlman ölkələrinin siyasətində dünyəvilik bir problem kimi qalır, azacıq sərbəstlik verən kimi dini qüvvələr dərhal özünü göstərir. Təsadüfi deyil ki, Yaxın Şərqə böyük həmlə ərəfəsində politoloqlar bunu deyirdilər.
Ən çox həyəcan ifadə edənlərdən biri elə ABŞ politoloqu F.Zəkəriyyə idi. O çox çalışdı ki, ABŞ siyasətçilərinin diqqətini Yaxın Şərq ölkələrinin siyasi incəliklərinə yönəltsin.
Amma bu incəliklər həqiqətənmi qeyri-adidir? Düşünmürəm. Müsəlman ölkələrindəki dini qüvvələrin mahiyyətində son illərdə bir yeniləşmə duyulur. Onlar da mötədil olublar. Bunun canlı nümanəsi Türkiyədir.
Başqa müsəlman ölkələri də Türkiyə modelini təkrar etmək istəyir.
Mən Misirdəki “Müsəlman qardaşları”nın siyasətinə bir o qədər də bələd deyiləm. Amma onu bilirəm ki, bu qüvvələrin dinçiliyi bir çox hallarda heç də Qərbin bəzi mühafizəkar qüvvələrinin siyasətdə dinə verdiyi önəmdən heç də qorxulu deyil.
Üstəlik, bölgədə yeganə demokratik ölkə olan Israilin siyasəti özünün mühafizəkarlığı ilə diqqəti cəlb edir. Israildəki demokratiya əslində modernizmlə mühafizəkarlığın çox qəribə sintezidir.
Qayıdaq Misirə. Mən bir çox iradları qəbul edirəm. Amma M.Mursi həqiqətən də demokratik yolla seçilmiş prezident idi. Amma bəzi Qərb ölkələri, o cümlədən də ABŞ çevriliş etmiş hərbçiləri dəstəklədi.
Bu azmış kimi keçmiş prezident H.Mübarəkin siyasi reabilitasiyası baş verir. Onu faktiki olaraq azad ediblər. Təminat varmı ki, hərbçilər bu adamı yenidən siyasi meydana qaytarmayacaq?
Bir neçə ay bundan əvvəl biz H.Mübarəki bir görk, ibrət götürülməli şəxs kimi digər diktatorlara göstərirdik. Indi nə deyək? Etiraf edək ki, deməyə sözümüz yoxdur. Insanlar çaşqınlıq içindədir, revanşistlər isə eyforiyadadır. Onlar hətta danışmayanda belə üzlərindən bir sual oxunur: “Nə oldu?”.
Bir vaxt deyirdilər ki, ABŞ Iranda hakimiyyətə devrilmiş şahın oğullarını qaytarmaq istəyir. Biz buna inanmırdıq. Amma indi görürsən ki, bu dünyada hər şey mümkündür.
Bəlkə elə Iranda siyasi etirazların geniş vüsət almamasının, insanların hələ də ABŞ-a şübhə ilə yanaşmasının səbəbi budur? Hər halda, bu ehtimalı da istisna etmək çətindir.
Belə missalları dünya siyasətində çox xatırlamaq olar. Mən buna “Somosa sindromu” deyirəm. Bəlkə də ABŞ-ın siyasəti əvvəllər də belə olub, biz sadəcə bunu bilməmişik, bunun fərqində olmamışıq.
Amerikalılar diktator Somosa haqqında deyirdilər ki, o, köpək oğludur, amma bizimkidir! Doğrudanmı, ABŞ belə “özününkülər” olmadan keçinə bilmir? Bilmirəm. Əvvəllər bəlkə də bunu başa düşmək olardı. Ona görə ki, soyuq müharibə dövrü idi. Ideoloji yaxınlıq bir çox məsələlərə göz yummağa vadar edirdi. Amma indi belə deyil axı!
“Ərəb baharı”nın Yaxın Şərqdə yeni “acı reallıq”lara gətirib çıxaracağını da deyənlər vardı. Amma indi Fələstin-Israil münasibətlərində yeni bir impuls hiss olunur.
Düzdür, hələ ciddi dəyişikliklərdən, irəliləyişlərdən danışmaq tezdir. Amma yeni nəfəs hiss olunur. Bunu yalnız bir cür yozmaq olardı: “ərəb baharı” adlanan proses bölgə siyasəti üçün də təhlükəli bir şey vəd etmirdi. Ən azı ona görə ki, demokratiyalarda cəmiyyətin ovqatını bilmək daha asan olur. Bu isə sülh prosesi üçün çox vacib şərtdir, çünki istənilən sülh prosesinin iki mühüm şərti var: sülh ədalətli və davamlı olmalıdır, əks təqdirdə o, müvəqqəti olar.