1.Ramiz Mehdiyev akademik, PA adminstrasiyası rəhbəri: “Hətta bu gün bəzilərinin inandırıcı arqumentlər göstərmədən dedikləri kimi, Şah Ismayıl kürd doğulmuş olsa belə, o, türkə oxşamaq üçün(? – Ə.X.) yetərincə türkləşmişdi. Onun xarakterinin çox cizgiləri, əməllərinin çoxu Mərkəzi Asiya çöllərindən olanlara xas idi”…
Mənim üçün maraqlı olan, akademikin Şah Ismayılı kürd və fars kimi qələmə verən tarixçilərin “kimlik”lərini gizli saxlaması və tarixi mənbələrdə farsların Şah Ismayıla xitabən məşhur “EY TÜRKÜN PIRI” ifadəsini “unutması”dır. Hazırda söz, Yaqub Mahmudlu başda olmaqla, alimlərimizindir. Tarixdə Stalinin çıxışından sonra Lunaçarskinin rus dilinin qrammatikasına dəyişikliklər etmə praktikasını nəzərə alsaq, bu o qədər də çətin deyil…
2.Əli Həsənov: “Artıq Avropada elə böhran yaranıb ki, oranın sakinləri Asiyaya, Şərqə axın edirlər. Onlar özlərinin gələcək sosial-iqtisadi proqramlarını Asiya ölkələrində həyata keçirməyi planlaşdırırlar. Belə bir şəraitdə Azərbaycanın inkişaf sirləri, inkişaf modelləri tək azərbaycanlıları deyil, bütün dünyanı maraqlandırır”.
Bu tip çılğın və etiraslı bəyanatları mən versəydim və Rəbiyyət Aslanova məni emossional adlandırsaydı, ilk işim, bu diqqətli və gözəl xanıma komplimentə görə təşəkkür etmək olardı…
3.Betul Çakaloğlu(!), Ilham Əliyevi ilin adamı elan edən “The Business Year” jurnalının redaktoru: “Jurnalın xüsusi buraxılışının ərsəyə gəlməsində kömək göstərmiş Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə və digər qurumlara təşəkkürümü bildirirəm”.
Bu əslində, “əl-əli yuyar, əl də qayıdıb üzü”nün protokol formasıdır…
4.Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, icra başçılarına xitabən: “Qurban sizə, yeri gəldi-gəlmədi ağzınızı açmayın da noolar… Xahiş edirəm. Hətta yalvarıram. Lütfən, danışa bilmədiyiniz yerdə susun. Yeni Quba, Ismayıllı hadisələri üçün zəmin yaratmayın. Kimisə döymək, döydürmək adda bəyanat, açıqlama verməyin”.
Mən sadəcə “analoqu olmayan…” yazıram, oxucular isə nöqtələrin yerinə nə istəyirlər onu da yazsınlar…
5.Rasim Musabəyov, əski müsavatçı, hazırda deputat: “Müxalifətin vahid namizədlə seçkiyə gedəcəyinə inanmıram”.
Biz də bir zamanlar Rasim müəllimin Müsavat biletini saxta parlament mandatına dəyişəcəyinə inanmırdıq. Amma oldu…
6.Siyavuş Novruzov, deputat: “Azərbaycan Konstitusiyasında yazılıb ki, hakimiyyəti xalq formalaşdırır. Ona görə də xalq referendumla öz konstitusiyasında dəyişiklik edib, xalqın dəstək verdiyi halda bir şəxsin iki dəfədən çox seçilməsinə imkan yaradıb. Hansısa qanunla xalqın seçmək hüququnu əlindən almaq olmaz, bu mümkün deyil. ABŞ-da o qədər hadisə baş verir ki. Gedib öz işləri ilə məşğul olsunlar”.
Necə deyərlər, “öz cəzandır, çək Barak!”.
7.Gülər Əhmədova, hazırda sabiq deputat: “Həbsxana insanı çox dəyişir. Mənim qaldığım kameradan azca səma görünür. Nə ağacları, nə otları görə bilirəm. Kameradan görünən hissədə, damda barmaqlıqlar arasında bir quş yuvası var. Hələ indiyə kimi quşları bu qədər seyr etməmişdim. Onların azadlığına həsəd aparıram”.
Bir az da quşların yerinə Əvəz Zeynallının hər gün “atam nə vaxt gələcək?” deyə sual verən iki körpəsi haqda düşünsəniz, pis olmaz, Gülər xanım.
8.Ismayıl Ömərov, Ictimai Televiziyanın keçmiş baş direktoru: “Mənə elə gəlir ki, qanunda Baş direktorun təkrar-təkrar seçilməsi nəzərdə tutulsa da, iki dəfə kifayətdir. Baş direktor niyə çox seçilməlidir?”.
Deputat Fəzail Ağamalı ITV haqqında belə söyləmişdi: “Orada hansı müğənninin çıxış etməsinə belə Ismayıl Ömərov qərar verir”. Ismayıl müəllim həmin o efir qadağası qoyduğu xanım müğənninin qəzəbinə gəldi. Yoxsa 2 dəfə belə gəldi, 3 dəfə belə getdi, guya ölkədə belə şeylərə məhəl qoyanlar var.
9.Qənirə Paşayeva, millət vəkili: “Erməni əsilli müğənni Hayko Tataryan mənə əl uzadanda dedim ki, tək əllə barışıq olmaz… O çıxışında dedi ki, mən Qənirə xanımın ayağına gedib onun əlini sıxmaq istəyirəm. Biz orda nə etməli idik?”.
Allah eləməmiş, bir müxalifətçi xanımın əlini bir erməni öpsəydi, yəqin ki, onun evinin önündə yumurtanın biri bir qəpik olardı…
10.Kamran Həsənli, şoumen: “Ədalət Şükürov toy müğənnisidir”.
Televizora az-az baxmağıma baxmayaraq, dəfələrlə bu şit şoumenin Ədalət Şükürova necə yarınmağı yaddaşımdan heç silinməyib. Şou-biznes doğrudan da vəfasız qadına bənzəyir…