Islam Əməkdaşlıq Təşkilatının əmək nazirlərini qəbul edən əlahəzlət növbəti dəfə statistik uğurlarımızdan danışdı: yoxsulluq 6 faiz, işsizlik 5,2 faiz…
Azərbaycanda işsizliyin 5,2 faiz qədər dəqiqliklə göstərilməsi iqtisadi baxımdan necə əsaslandırılır? Bu rəqəmi Statistika Komitəsinin saytında düz-qoş eləməklə işsizliyi 5,2 faizlə cilovladığını 2 ildir deməkdən çəkinməyən bir hakimiyyət kimi aldatmaq istəyir: özünü, yoxsa vətəndaşlarını? Axı, adi hesablama ilə qıp-qırmızı yalan olduğu üzə çıxan bir rəqəmi əlahəzrət niyə dilə gətirir?
2012-ci il üçün statistika hazırlanmayıb – baxmayaraq ki, artıq 2013-cü ilin birinci rübü də çoxdan arxada qalıb… Eybi yox, 2011-ci ilin statistikasından istifadə edərik.
Statistika Komitəsinin saytında göstərilir ki, ölkədə 4 milyon 626 min işlək əhali var. Xatırladım ki, 20-59 yaş arası Azərbaycan vətəndaşlarının sayı 5,6 milyona yaxındır. Niyə bir milyona yaxın əhali iş qabiliyyətli hesab olunmur? Yəni 5,6 milyon iş qabiliyyətli vətəndaşın 1 milyonu xəstə, şikəst… ola bilərmi?
Sualı açıq saxlayaq və statistikanı izləməkdə davam edək: 4,6 milyon iş qabiliyyətlinin 4 milyon 375 mini işləyən, 251 mini işsizdir.
2013-cü ildə ölkədə orta aylıq əməkhaqqı 440 manat olaraq proqnozlaşdırılır. Hər bir iş yerinə görə Sosial Müdafiə Fonduna əməkhaqqıdan 25 faiz köçürmə edilir (22 faiz işəgötürən, 3 faiz işçi olmaqla). Belə çıxır ki, proqnozlara görə, bu il hər işçi 1320 manat icbari köçürmə etməlidir.
Əgər bu ölkədə 4 milyon 375 min iş yeri varsa və orta aylıq əməkhaqqı 440 manata qədər yüksəldiləcəksə, onda 2013-cü il üçün DSMF-nin təkcə icbari sosial ödənişlərdən gələn gəliri 5 milyard 775 milyon olmalıdır. Bu milyardlar DSMF-yə köçürülürmü?
Qətiyyən! Səlim Müslümovun açıqlamasına görə, 2013-cü il üçün DSMF-nin xərci 2 milyard 633 milyondur: bunun cəmi 1 milyard 550 milyonu icbari sosial yığımlardan, 1 milyard 77 milyonu isə dövlət büdcəsindən dotasiyadır.
Əgər işsizlik doğrudan da 5,2 faizə düşübsə, Sosial Müdafiə Fonduna büdcədən niyə dotasiya verilir? Niyə ilbəil bu dotasiyalar artır? Dünyanın hansı xarabasında görünüb ki, 5,2 faiz işsizlik olan ölkədə dövlət büdcəsindən DSMF-yə milyardlarla dotasiya verilir?
Təzə termin tapıblar: “Azərbaycan iqtisadiyyatında məzdlu işçilərin sayı 1 milyon 388 min nəfərdir”. Öz aləmlərində bununla 5,2 faizlik işsizlik rəqəmini sığortalayırlar: yəni işləyənlərin geridə qalanları başqa sahədə çalışır.
Əvvəla, başqa sahədə, harda? Bu ölkədə 3 milyon çoban var, yoxsa qeydiyyata alınmayan, fərdi evlərdə çalışan ustaların sayı milyonlarla ölçülür?
Ikincisi, cəhənnəmə, bu “məzdlu işçiləri” götürək: əgər doğrudan da bu ölkədə 1 milyon 388 min muzdlu işçi varsa və 2013-cü il üçün orta aylıq əməkhaqqı 440 manat proqnozlaşdırılırsa, onda DSMF-yə icbari sosial sığortadan gələn gəlir 1 milyard 832 milyon olmalıdır. Bəs, niyə 1 milyard 550 milyon gəlir proqnozlaşdırılır? Səbəbi nədir?
Ona görə ki, yalandır – həm bu ölkədə 4,3 milyon işləyənin olması, həm də 1,4 milyona yaxın “muzdlu” açıqlaması… Bütün rəqəmlər qanlarına, canlarına qədər işləmiş “pripiska” siyasətinin davamıdır, xalqa təhqirdir, üzümüzə, gözümüzə üfürülən böhtandır…
Akif Əlizadədən dəhşətli etiraf
Akademiyanın qət-təzə prezidenti Akif Əlizadə köhnə nazir Misir Mərdanovun AMEA-nın Mexanika və Riyaziyyat Institutuna direktor gətiriləcəyi ilə bağlı informasiyaya aydınlıq gətirib. Deyib ki, “bu məsələni dövlət, ölkə prezidenti həll edir, ancaq hələlik Misir Mərdanovun Mexanika və Riyaziyyat Institutuna direktor təyin ediləcəyi ilə bağlı rəsmi təklif yoxdur”.
Necə yəni dövlət, ölkə prezidenti həll edir? Bəs, axı AMEA-da institut direktorları seçki yolu ilə seçilir: hər 5 ildən bir namizədliklər irəli sürülür və AMEA-nın akademikləri yığışıb ən layiqli namizədə 5 il müddətinə institut direktoru kimi səlahiyyət verirlər. Nooldu? Belə deyilmiş?
Sizi biabır olmayasınız – AMEA-nın hakimiyyətin əlində qondarma qurum olduğunu, bu elm ocağında siyasi sifarişləri seçki adıyla pərdələmə məzhəkəsi çıxardığınızı etiraf edirsiniz? Artıq səlahiyyətlərinizin nə olduğunu da unutmusunuz?..
Günümüzə, güzəranımıza baxın: artıq seçkili orqanda təyinat aparıldığını akademik səviyyədə də etiraf edirlər, ancaq millət bu biabırçılığı adi hal sayır. Çünki bu ölkədə bələdiyyədən prezidentə qədər – bütün seçkilərin əslində, təyinat olduğuna hamını öyrəşdiriblər…