Faiq Ağayevə qarşı qrupun rəhbəri Brilliant Dadaşova olub
Milli.Az xəbər portalının məlumatına görə Rus Dram Teatrının aktyoru, “Aramızda qalsın” serialının populyar simalarından biri olan Rüfət Nəzərovun təqdimatında Space TV-də yayımlanan “Yalan-doğru” verilişinin qonağı olmuş Aygün Kazımova olduqca maraqlı etiraflar edib.
Onlardan ən yaddaqalanı bir vaxtlar həm özünün, həm də yaxın rəfiqələri – xalq artistləri Zülfiyyə Xanbabayeva ilə Brilliant Dadaşovanın Faiq Ağayevlə münasibətlərini dondurmalarının səbəbkarının kimliyi barədə olub. Aygün deyib ki, bu xanım Brilliant Dadaşovadır.
Veriliş bitən kimi gecəyarısı Facebook sosial şəbəkəsində yazdığı statusla çoxlarını şoka salan Faiq Ağayev məsələyə münasibət bildirdi.
“Səbrli ol, Allah mütləq agah edəcək! Əmin idim ki, nə vaxtsa bu məsələnin üstü açılacaq. Bildiyimi xalq da oyrənəcək. Space-də yayımlanan “Yalan-doğru” verilişində Aygün etiraf etdi ki, mənə qarşı olan Brilliant-Zulya-Aygün üçlüyünün rəhbəri Dadaşova idi… Bravo, Aygün Kazımova! Ürəyimdə sənin yerin ayrıdır…” – Faiq belə yazdı. Çox keçmədi ki, şərhlər yazıldı və xalq artisti statusunda növbəti dəfə rəy bildirdi:
“Əziz dostlar! Bu statusu ondan ötrü yazmadım ki, kimsə kimisə aşağılasın. Lütfən, bir az diqqətli olun! Onsuz da nəzarətdə saxlamışam, səhifəmdə senzuranı özüm edirəm…”
Milli.Az-a açıqlamasında bu söhbətin şişirdilməsində maraqlı olmadığını vurğulayan Aygün proqramda səsləndirdiyi fikirlərə görə peşmançılıq keçirmədiyini deyib.
“Verilişin formatı insanın keçirdiyi hisslər üzərində qurulub. Aparıcı sual verir, psixoloq Elmir Əkbər isə doğru və yalan dediyim açıqlamaları ürək döyüntülərimi əks etdirən noutbuk vasitəsi ilə izləyirdi. Yəni yalan danışsaydım, tamaşaçıları aldatmış olacaqdım. Oradakı suallara təkrar şərh vermək niyyətində də deyiləm. Dediyim sözlərin uzun-uzadı müzakirə mövzusuna çevrilməsini istəmirəm”, – Kazımova deyib.
Faiq Ağayevin sosial şəbəkədə yazdığı statusa gəlincə, o bu barədə də danışmamağa üstünlük verib.
Söhbətdə adı hallanan Brilliant Dadaşova ilə isə əlaqə saxlamaq mümkün olmayıb.