Rusiya ilə ticarət dövriyyəsinin 1 milyardı uçotdan gizlədilib
Şahvələd Çobanoğlu
Ilk baxışdan bilmirsən güləsən, ya dərdini çəkəsən… Budur, təcili yardım o qədər gec gəlib ki, buna qədər xəstə yaxşılaşıb, gecəni yatıb, səhər isə onu təcili yardımın həkimləri oyadıb ki, gəlib çıxıblar… Facebook dostlarımdan biri yazır: “Kənddə dayım axşam 22:48-də qonşusuna təcili tibbi yardım çağırıb ki, tez gəlin, xəstə nəfəs ala bilmir (ağ ciyərində problem olub). Rayonla kəndin arası 30 km ancaq olar, amma yolun 10 km-i bərbaddır. Bir az gözləyiblər, gəlməyib, xəstə də bir az özünə gəlib, yatıblar. Dayım deyir, səhər 5:45 idi, gördüm telefon zəng çalır. Açdım ki, təcili yardımdandır. Deyir, qardaş, hansı evə gələk? Deyib, tez gəlmisiz. Qayıdın, gedin. Xəstə öldü, basdırdıq”.
Necə güləsən bu yerdə?!
Həmkarımız Natiq bəy (Ədilov) isə təzə “vəzifəyə” keçib. Qardaşı Murad Ədilov şərlənib tutulandan Kürdəxanıya sovqat daşıyır. Natiq bəy Kürdəxanıda məhbus yaxınlarını dinlədikcə görüb ki, bir çoxları həbs olunan yaxınının “ağılsızlıq edib bura düşdüyünü” deyir. Natiq bəy, oturub fikirləşib. Bəs onun tanıdıqları? Gənc NIDA-çılar, Ilqar Məmmədov, Yadigar Sadıqlı, Tofiq bəy (Yaqublu), Anar Məmmədli, Bəşir Süleymanlı, Əvəz Zeynallı, Leyla Yunus, Intiqam müəllim (Əliyev), Seymur Həzi, qardaşı Murad Ədilov? Onlar ki, ağılsızlıq etməyib! Onlar bu ölkənin problemlərini görməyi və deməyi bacaran ağıllı insanlardır. Belə çıxır ki, başqaları ağılsızlıq edib həbsə düşdüyü halda, bu insanlar ağıllı olduqlarına görə həbsə düşüblər.
Ilk baxışdan bir az gülməli olan dərdlərin çox böyüklərini gördük bu günlərdə. Məsələn, Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin Azərbaycana rəsmi səfərə gəlmişdi. Bizim baş nazirin müavini Yaqub Eyyubov elə sözlər dedi ki, bilmədik gülək, ya neynəyək.
Rusiyaya bağlılıqda ittiham etdikləri Abbas Abbasovu arxada qoydu Eyyubov. Budur onun sözləri: “Yeni sanksiyalar Rusiyanı sındıra bilməyəcək, əksinə, onu möhkəmləndirəcək. Biz Avropa Birliyi, ABŞ və Rusiya arasında yaranmış situasiyanı başa düşürük. Heç kim Rusiyanı sındıra bilməz, o, heç vaxt diz çökməyəcək, əksinə, sanksiyalar onu daha da möhkəmləndirəcək”.
Ritorika adi YAP mədhiyyəçiliyidir, amma məzmun odur ki, Ermənistanın müttəfiqi, Qarabağı almaqda ona yardım edən, onu indi də silahlandıran Rusiya daha güclü olsun! Ukraynadan sonra başqa qonşuya hücum etsin və s.
Hamının başı bu söhbətə qarışmışkən, Dmitri Roqozin də Azərbaycan hökumətinin Rusiyadan gələn 1 milyardlıq malın dövriyyədən yayındırmasını açıqlamış oldu. Iki ölkə arasında ticarət dövriyyəsindən danışarkən, Roqozin deyib ki, 2013-cü ildə bizim ölkələrimiz arasında əmtəə dövriyyəsi 3,6 milyard olub. Amma çox dəyərli iqtisadçımızÿVahid Məhərrəmov bu rəqəmə təəccüb edib. Vahid müəllim deyir ki, Azərbaycan Respublikasının Statistika Komitəsinin məlumatlarına əsasən, 2013-cü ildə Rusiya Federasiyası ilə ticarət dövriyyəsi 2,5 milyard ABŞ dolları təşkil edib. Burada 1,5 milyard idxal, 1 milyard dollar isə ixrac təşkil edir. Bəs qalan 1,1 milyard dollar hanı?ÿ
Dəyərli oxucular, belə uyğunsuzluq ilk dəfə Heydər Əliyevin Çinə səfərində üzə çıxmışdı. Orada məmurlar çıxış edərkən bəlli oldu ki, Çinlə ölkəmiz arasında ticarət dövriyyəsinin rəqəmləri hər iki ölkədə fərqlidir. Onlarda çoxdur, bizdə azdır. Ona görə ki, dövriyyə o biri dövlətdə tam uçota alınır, burada isə malın bir qismi uçotdan yayındırılır. Rüsumların yeyilməsi üçün, qanunsuz monopoliyanın maraqları üçün və s.
Roqozin də öz ölkəsindəki faktı söyləyib və buradakı dostlarının əməllərinin ifşa olunacağı ağlına da gəlməyib. Nəticədə bəlli olub ki, Rusiya ilə dövriyyədə il ərzində 1 milyard dollarlıq mal uçota alınmayıb.
Bu haqda çox tədqiqatlar olub. Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu vaxtilə hesablamışdı ki, 2003-cü ildən 2013-cü ilə qədər dövriyyədən malı gizlətməklə hakim mafiya təxminən 23 milyard manat oğurlayıb. Təkcə mal dövriyyəsinin bir hissəsini gizlətməklə ildə 2,3 milyard büdcə gəliri oğurlanır. Amma bu oğurluq başqa ölkələrdə uçota alındığı üçün, gizlədilə bilmir və bəzən də rahatlıqla dilə gətirilir.