Ilham Əliuyev sizin üçün nə qədər kəşf olunmuş şəxsdir?
Mən siyasi tərəfini qoyuram bir kənara, onu insan kimi başa düşmüsünüzmü?
Baxmayaraq ki, o, hər gün bizim gözlərimiz önündə olub, ancaq Kafkanın “Qəsr”indəki məmurlar kimidir. Bilmirsən bu adam nədən sevinir, nədən hirslənir, könlünü açan nədir, hansı yeməyi xoşlayır, güllərin ətri onu necə təsirləndirir, hansı meyxana deyənin avazı qəlbini oxşayır, hansı tip əsərdən duyğuları ümmanlar kimi təlatüm yaşayır…
Heç kim bilmir.
Bunu neyçün yazdım? Çünki içi mən qarışıq, bir çoxumuz ona “padşah” deyirik, “diktator” deyirik, “tiran”, “qibleyi-aləm” deyirik. Öz aləmimizdə düşünürük ki, bununla onu acılayırıq, ancaq bəlkə də o, bunlardan daha da xoşhal olur.
Tərəddüdüm əsassız deyil. Keçənlərdə Əvəz Zeynallı Nərimanov rayonunun icra başçısına “padşah” deyib döşəyirdi. Bir gün ona məlum oldu ki, heç demə, başçı bu sözü hər dəfə oxuyanda o biri kolleqalarına təşəxxüs satırmış.
Belə-belə qəribəliklər var. Ona görə mən də şübhələr içindəyəm. Ilham müəllimin özünü şah saymamasına böyük şübhələrim var. Camaat heç, onu bineyi-qədimdən şah sayır.
Şah kimi görünmək, özünü belə təsəvvür etmək ola bilsin, hakimiyyəti daha əzəmətli və məğlubedilməz göstərir. Fəqət, şahlığın da bir sonu var və biz Ilham Əliyevin klassik şahlıq ərkanına da uymadığından tezliklə süquta uğrayacağına əmin olmalıyıq. Bu yazının qələmə alınma səbəbi də əsas bu iddiadır.
Madam ki, Ilham müəllim özünü şah, padşah sayır, o zaman bu ölçü vahidilə onu test edək, görək o, taxt-tacında nə dərəcə möhkəmdir.
Bələdçimiz Şərqin sanballı kitablarından biri olan “Qabusnamə”dir. Kitabın “Şahlıq qaydaları və şərtləri haqqında” bölündə yazılır: “Bil, ey oğul, şah olsan, zülmü sevən olma. Zülmsevən şahın aqibəti fəlakətli olar”.
Razılaşın ki, bizim şahın arası zülmlə çox sıcaqdır…
Yaxud: “Bütün iş və sözlərə ədalət gözü ilə bax ki, hər işdə haqqı, nahaqqı görə biləsən”.
Icazə verin, bu barədə heç nə deməyim. Bircə onu bilirəm ki, ədaləti ayaqda saxlayacaq bir quruma Ədliyyə Nazirliyinə Ilham müəllim öz qohumunu rəhbər təyin etməklə bizim də evimizi yıxıb, ədalətin də.
Bir başqa sitat: “Həmişə doğru de, lakin az danışan və az gülən ol ki, sənə tabe olanlar qudurmasınlar”.
Ilham müəllimin doğruçu olmasına inana bilərsiniz, ancaq o özü bu yaxınlarda etiraf etdi ki, tabeçiliyindəkilər qudurub, hətta harınlayıb.
Daha bir nümunə: “Haqq-təalanın yaratdıqlarına qarşı rəhmli ol, lakin rəhmsizlərə rəhm etmə, onları bağışlamağa adət etmə, onlara amansız ol, xüsusilə öz vəzirinə qarşı”.
Gəlin, azca keçmişə gedək. Hakimiyyətə qədəm qoyduğu ilk gündə 15 oktyabrda Ilham müəllimin xalqa tutduğu divanı, o qanlı səhnələri izləyəndə adamlar Şümrə az qalır rəhmət oxusun. Ən dəhşətlisi bu idi ki, o hadisələrdə “işgəncələr kralı” ayaması verilən adamı – Vilayət Eyvazovu padşahımız daha yüksək vəzifəyə – nazir müavinliyinə ucaltdı.
Naxçıvanda, Bənənyar kəndində polis insanları döyüb öldürmüşdü, bütün xalq Vasif Talıbov kimi zalıma cəza istəyəndə hökmdar ona ənam verdi, medalla təltif etdi.
“Qabusnamə”dən bir başqa sitat: “Özünü vəzirə güzəştə gedən kimi tanıtma və həmişə onun məsləhətilə oturub-durma”.
Nə yazaq ki, xətrə dəyən olmasın. Təkcə bu kifayətdir, bizim sarayın vəziri Ramiz Mehdiyevdir və ölkə əhalisinin rəyinə görə, bu ölkədə ağacların çiçəyi də onun göstərişilə açıb solur. Təbii, abrım imkan versəydi, mərhum Sevinc Babayevanın Ilham Əliyevin Mehdiyevdən necə asılı olduğu haqda fikirlərini də xatırladardım, amma keçək…
Daha bir sitat: “Vəzir xeyirxah, ağsaqqal, qoca, lakin canı sulu, qarnı böyük, özü yekəpər və uca boylu olmalıdır”.
Ramiz müəllim bu parametrlərə uyurmu, yenə yox.
Son sitatımız: “Şahlığın dövründə heç kəsə imkan vermə ki, əmrini saymasın, əmrini saymayan səni də saymaz”.
Biz elə əlahəzrətin heç nə yox, adi “qara plyonka” məsələsilə bağlı əmrinin eşidilmədiyinə onun öz dilindən şahidlik etmişik. O, təxminən belə demişdi: “Bu adamlar məni eşitmirmi?”
Davam edə bilərəm. Ancaq bütün bəndlər üzrə Ilham müəllimin şahlığının süquta getdiyi aşkardır. Qoy getsin…