Bazar günü aksiyaya baxdım və dedim: Bəli, o deyilən “Ərəb baharı” bizə indi gəlir. Hələ bahar tam gəlməyib, qaranquşlar isə səmadadır. O qaranquşlar 10 mart aksiyasının özəlliklərində idi. Onları bir-bir incələyək…
Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan müxalifəti sözün əsl mənasında yorulmaz demokratlardır. Heydər Əliyev hakimiyyəti qəsb etdiyi gündən bu günədək elə bir il, elə bir ay olubmu ki, müxalifət ölkədəki zülm və talana müqavimət göstərməsin?
Müxalifət güclü olanda bu etirazlar da güclü olub, güc az olanda etirazlar da duruma uyğun olub. “Varını verən utanmaz” misalı. Mən tanıdığım müxalifət, onun aparıcı simaları heç vaxt susmayıb, qına çəkilmə olmayıb, həmişə şərə ittihamedici mövqe tutub.
Heç kim gizlədə bilməz, heç gizlətmir də; müxalifət sıralarından da dönüklər az çıxmadı. Bu namərdlər xalqın inamını sındırmağı, xalqda siyasətə nifrət yaradacaq qədər güclü olmağı bacardılar.
“Geniş xalq kütləsi” dediyimiz o insanlar müxalifətdən, siyasi proseslərdən gen düşdülər, ancaq bu, heç vaxt onların qarətçi Əliyev rejimə sidq ürəklə bağlanmasına, ona məhəbbət bəsləməsinə səbəb olmadı.
Xalq məyuscasına başını aşağı salıb, dərdini çəkməyə başladı. Bu müddətdə isə müxalifət öz bağrından çıxan satqınların cəzasını təkbaşına çəkdi. Həqiqətə xidmət, doğrunu müdafiə etmək, zalımın önündə əyilməməsi müxalifəti yenidən dirçəltdi. Son 2 ildə bu proses artan xətlə gedir. Şəxsən şahidəm; AXCP-yə son aylar yeni üzvləri qəbul edib anketləşdirmək belə, ağır işə dönüb, o qədər axın var ki…
Indi bir ucdan geniş xalq kütlələri siyasi partiyaların sıralarını sıxlaşdırır, o biri yandan isə öz məsuliyyətini dərk edərək, müstəqil qaydada çiynini müxalifətlə bərabər ağır siyasi yükün altına verir.
Bura qədər həvəslə yazdım, amma birdən yadıma düşdü ki deyəsən, mən də “müxalifət nəsə xalqdan ayrı, kosmosdan gələn bir şeydir” fikrini gücləndirmiş oluram. Xeyr, dostlar, belə deyil. Müxalifəti elə xalq formalaşdırır, sadəcə, 7-8 il idi ki, xalq müxalifət istahsal etmə funksiyasını dayandırmışdı. Nəhayət, bu gedişat dəyişdi. Bu dəyişiklik isə mütləq ölkədəki siyasi dəyişikliklə nəticələnəcək. Burada müddət məsələsi var; tez də ola bilər, ləngiyə də bilər. Hər şey indi müxalifətin təşkilatlanma bacarığından asılıdır. Daha əvvəlki kimi “xammal çatışmazlığı” problemi yoxdur. Hətta bir çox hallarda daim passivlikdə qınadığımız xalq kütlələri təşklatlanmış qüvvələrdən bir addım öndə dayanır.
Daha bir “qaranquş” etiraza qalxan insanların mənəvi təntənəsi idi. Mən diqqətlə su maşınının və atılan güllələrin önündəkilərə baxırdım. Sanki gənclər təhlükə ilə güləşmək üçün növbəyə durmuşdular. Onlar qorxmurdular. Qorxu bu dəfə dəfn olundu. O iri texnikalar insanların etirazı qarşında çox gülməli görünürdü.
Bu aksiyada adsız qəhrəmanlar lap çox oldu. Onlardan biri məni çox təsirləndirdi. Hicablı gənc qız təkbaşına su maşını və güllə atan hərbi texnikanın qarşısında dayanıb onlara meydan oxudu.
Dinin dərinliyinə, incəliyinə girmək fikrində deyiləm, amma o an, elə indi də düşünürəm: o bacı hər kim idisə, ən böyük qiyamını, cihadını, ibadətini etdi. Zalım nə qədər güclü olur olsun, ona təslim olmaq olmaz – bu deyilmi dinin əsas qayələrindən? O xanım marginallaşaraq, ancaq “hicab” azadlığı ilə yetinənlərə də nümunə verdi. Azərbaycana bir detalla bağlı deyil, bütün sahələr üzrə azadlıq gərəkdir. Şair necə demişdi:
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi,
Istəyirəm səma kimi,
Günəş kimi…
Xülasə, qorxu dəfn olundu. Qorxudan sonra dəfn növbəsi qorxu üstündə bərqərar olan rejimindir.