elnurastanbeyli@gmail.com
Dünən informasiya portallarında iki xəbər diqqətimi çəkdi. Azərbaycanın ümumi mənzərəsini yaxşı görmək, ölkənin hansı acınacaqlı duruma gəldiyini – gətirildiyini anlamaq üçün elə bu xəbərləri oxumaq kifayətdir.
Başlayaq ilk xəbərdən. Deməli, Bakı Ağır Cinayətlər Məhkəməsində mənzil kirayələyib oranı “əxlaqsızlıq yuvasına” çevirən, gizli kamera quraşdırıb sonra da bundan vətəndaşları şantaj edərək pul qoparmaq üçün faydalanan şəxslərin məhkəməsi keçirilirmiş. Açığı, qətiyyən təəccüblü deyil. Hətta məntiqi sonluqdur.
Bəs necə, bir halda ki, rejim özü başqalarının – opponentlərinin, müxalif insanların yatağını güdməklə, onların evinə girib şəxsi həyatına burun soxmaqla məşğuldur, hansısa Əlinin, Vəlinin, Pirvəlinin bundan ilhamlanıb özünə “intim video biznesi” qurmasından təbii nə ola bilər. “Lider TV”nin yetişdirdiyi tamaşaçıdan başqa nə gözləmək olar axı?!
Heç kimi qınamalı deyil, durnalar başçısına görə düzləndiyi kimi, kütlə də başbilənlərindən öyrənir.
Digər xəbərdə isə deyilirdi ki, baş nazirin müavini Abid Şərifov paytaxtın Nobel prospekti, Zığ yolunda yanan binanın narazı sakinləri ilə görüşüb; sakinlər binanın təmiri, kompensasiya ödənilməsi kimi məsələləri qaldırsalar da, Abid Şərifovun reaksiyası kobud olub, o, narazı sakinlərdən birinin sözlərini yarımçıq kəsərək “Nağıl danışma” deyib (digər sakinlərə isə, ümumiyyətlə, narazılıqlarını bildirməyə imkan verməyib). Çox yerində, dəqiq bir reaksiyadır. Ölkədə hər şey, o cümlə dən, “nağıl danışmaq” da monopoliyaya alınıb, nağılı ancaq yaptokratlar danışa bilərlər, necə ki, 20 ildən artıqdır danışırlar, heç vaxt da axırda üç alma düşmür, daha doğrusu, düşür, amma onu da neft pulları kimi özləri basıb yeyirlər.
Doğrudan da, axı sadə vətəndaş kimdir, nə həddinədir ki, o durub o nağıl danışsın, nə bilim, yapçıların bazarına girsin! Camaatın vəzifəsi oturub nağıla qulaq asmaq, nağçılçıya əl çalmaq, onun ətrafında sıx birləşmək, öz ömründən kəsib nağılçının ömrünə calamaqdır.
Bunları yaza-yaza yadıma Üzeyir Hacıbəyovun felyetonlarından biri düşür. O felyetonunda belə yazır Üzeyir bəy: “Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya ki, çıxsaq da, hər tərəfdən qapaz yeməyi gözümüzün önünə alaq.
Bilet alıb vaqona minirik, konduktor qapaz vurub deyir ki, nə üçün bilet alıb məni rüşvətdən məhrum edibsən?
Bilet almayıb vaqona minirik, yenə konduktor qapaz vurub deyir ki, nə üçün biletsiz gedirsən? Sonra da tutub cibimizi soyur.
Şəhər və kənd müəssisələrinin (uçrejdeniye) qapısında biz həmişə boynuburuq və əli qoynunda durub həftələrlə növbə gözləyirik. Axırda da “zavtra” ilə bir qapaz alıb, məyus gedirik.
Ürəyimizin qəmini dağıdıb əhvalımızın pərişanlığını düzəltmək niyyətilə “bulvar” və “sad” deyilən təfərrücgahlara çıxırıq, qaradavoy qapaz vurub, bayıra çıxardır ki, bura sizin yeriniz deyil.
Tamaşa üçün teatrlara gedirik, pulla da bizə bilet vermirlər. Görünür ki, ora dəxi bizim yerimiz deyil.
Küçələrdə gəzmək bizim üçün xatadır. Sübh vaxtı qabağımıza çıxan adam bizi görüb, geri çəkilir ki, “tfu, mənhus adama rast gəldim. Işim düz gətirməyəcək”. Axşamçağılarda da bizi qaradavoy və stracniklər soymasa, quldurlar soyur.
Dilənçilər də bizi görüb, təkəbbür satırlar. Itlər də hər yerdə tək bizə hürur, uşaqlar da bizə sataşır. Guya ki, biz bu dünyaya gəlməkdə bir xəta etmişik…"
Böyük Üzeyir bəyin şübhəsi nahaqdır, yəqin indi yaşasaydı qəti əmin olardı ki, doğrudan da biz – sadə, sıradan insanlar doğrudan da dünyaya gəlməkdə xəta eləmişik.
Daha doğrusu, suçumuz Azərbaycanda doğulmaqdır.