elnurastanbeyli@gmail.com
Molla Nəsrəddin bir gün məscidə gəlir, sonra da minbərə çıxıb deyir:
– Camaat, bilirsiniz nə var?
Hamı yerbəyerdən dillənir:
– Yox, bilmirik.
– Indi ki, bilmirsiniz, mən sizə daha nə deyim,- Molla bunu deyərək çıxıb gedir.
Səhəri gün Molla məscidə gəlib eyni sualı soruşur. Camaat bu dəfə:
– Bilirik, – deyə cavab verir.
Bu dəfə də Molla:
– Indi ki, bilirsiniz, daha mən nə deyim? – deyərək yenə çıxıb gedir.
Molla üçüncü dəfə minbərə çıxıb yenə həmin sualı soruşduqda bu dəfə camaat cavab verir ki:
– Yarımız bilirik, yarımız yox…
Molla bu cavabı eşidib heç halını pozmadan dillənir:
– Indi ki, belədir, bilənlər bilməyənlərə desin.
Bu lətifəni niyə yazıram? Gülmək üçün? Yox. Heç bu lətifədə gülməli bir şey də yoxdur. Əksinə, ağrı var, daxili əzab var. Bilməməyi böyük mərifət, qəhrəmanlıq-zad zənn edən kütləyə qarşı üsyan var, qəzəb var.
Əslində bu saat Azərbaycanda da doğruları yazmaq, danışmaq təxminən belə bir işə çevrilib: hər şey hamının gözü qarşısında baş verir, hər gün ölkənin halı bir az da dözülməz, bir az da fəlakətli olur və çoxluq istəyir ki, o bu haqda məhz başqalarından eşitsin və oxusun.
Hamı hər şeyi bilir, hətta ən yaltaq adam da da görür, qəlbinin lap dərinliyində olsa belə, başa düşür ki, 21-ci əsrdə bir ölkə bu cür idarə olunmamalıdır. Amma yenə də kiminsə, tamam başqa birinin bunu “minbərə çıxıb” söyləməsini istəyir. Özündən “çırt” səsi yoxdur. Yaxşı qoyasan, dəxlisiz mövzularda saatlarla üyüdüb töksünlər, kim kimlə gəzir, kim kimlə yatır, kim kimlə durur, – bu haqda səhərdən axşama gəvəzələsinlər, laqqırtı vursunlar. Amma ölkədə nə olub bitir, bunu gərək onların əvəzindən başqaları danışsın, desin.
Ya da hamı hər şeyi bilir, bütün biabırçılıqlar, iyrəncliklər onun gözünün qarşısında cərəyan edir, amma o özünü elə aparır ki, guya bu heç nə bilmir. Guya onun üçün ölkənin sərvətlərinin talan edilməsindən, yağmalanmasından tutmuş məmurların zorbalığına, heyvərəliyinə, məhkəmələrin ədalətsizliyinəcən hər şey təzə xəbərdir. “Ola bilməz”, “Yaxşı görək”, “Nə danışırsan?” – hətta belə reaksiya verənlər də tapılır. Adamın ürəyi bulanır, əsəbləri pozulur. Hansısa “bozbaş müğənnisi”nin ayaqqabasının neçə “razmer” olduğunu bilir, hansısa “şou-biznes ulduzunun” uşağının kimdən olduğunu bilir, ancaq guya ölkədə nə fırıldaqların döndüyünü, nə murdarlıqların baş verdiyini bilmir. Artistizmin son həddi. Rəiyyət əxlaqı. Kölə ruhu. Başqa heç nə.
Bax elə ona görə də tutaq ki, sosial şəbəkələrdə nə vaxt hansısa vətəndaşın başına açılan itoyunu ilə bağlı bir fakt yayılanda xeyli adamın bunu heyrətlə qarşılaması məndə ancaq ikrah doğurur. Adama deyərlər, axı nəyə təəccüblənirsiniz? Orada sizin üçün qeyri-adi, gözlənilməz olan nədir? Niyə özünüzü elə aparırsınız ki, guya belə özbaşınalıq sizin ölkənizdə ilk dəfə baş verir, ya da siz ilk dəfədir bu haqda eşidir, oxuyursunuz? Bəyəm bilmirsinizmi, hansı ölkədə, kimlərin idarəçiliyi altında yaşayırsınız?!
Bilənlər bilməyənlərə nə vaxtadək deyəcəklər? Lap deyəndə belə, guya nə dəyişir? Adamlar var, soruş, otursunlar sənə “Qurdlar Vadisi”ni ilk bölümündən son bölümünədək danışsınlar. Amma gərək ölkənin bir-birindən acı reallıqlarını bunlara sən izah edəsən, sən başa salasan, sən anladasan.
Onlar da can çəkə-çəkə qulaq asıb axırda da düşükcəsinə müdriklik pozası alsınlar və qayıdıb desinlər ki: “Əşşi, nə xeyri var e, onsuz da belə gəlib belə də gedəcək. Başını aşağı sal, bir tikə çörəyini qazan, millətin dərdi sənə qalıb?!”.
Zənn edərsən, özü yadplanetlidir, millətdən ona nə?!
Hətta hərdən fikirləşirsən, heyf o ömürlərə ki, həm də belələrinin haqqı, insanca yaşaya biləcəkləri bir gələcək uğrunda indi ya dəmir barmaqlıqların arxasında çürüyürlər, ya da qara torpağın altında.
Heyf Mirzə Cəlilə ki, bunlardan ötrü soyuqdan donurdu…