Bir neçə gündür Azərbaycanın böyük aydınlarından biri Ömər Faiq Nemanzadənin məqalə, felyeton və xatirələrindən ibarət kitabını oxuyuram (“Şərq-Qərb” nəşriyyatı, 2006).
Kitabdakı məqalələrdən biri xüsusilə diqqətimi çəkdi.
Ömər Faiq 1906-cı ildə “Irşad” qəzetindəki məqalələrindən birində xalqa xitabən “aciz və miskinlər kimi qafilanə yatmayaq” çağırışı edir və məzlumluğu ən böyük zalımlıq adlandırır.
Günümüz Azərbaycanında başına gələn-gətirilən bu qədər haqsızlığa, ədalətsizliyə baxmayaraq hələ də dilsiz, səssiz olan çoxluğu gördükdə ona haqq qazandırmamaq mümkün deyil.
Bəli, məzlumun ahını almaq, qul haqqı yemək, hüququ çeynəmək, azadlıqları boğmaq, tərəqqipərvər dəyərləri xor görmək, bəşəri ideallara qarşı dayanmaq, xalqı rəiyyəti, təbəəsi kimi görərək onu orta çağ qaranlıqlarına qaytarmaq, çağdaşlığın üstündən qalın xətt çəkmək dəhşətli zalımlıqdır.
Amma bu zülm qarşısında susmaq, başına gələnlərdən-gətirilənlərdən xəbərsiz, özünün və ölkəsinin taleyinə laqeyd halda yaşamaq, qəflətdə uyumaq da onqat zalımlıqdır, yüzqat zalımlıqdır.
Atatürk nə demişdi?
Türkiyənin son illərdə yaşadıqlarını ibrətlə izləyirik.
Elə bu günlərdə yaşananlar – bir zamanlar əl-ələ verib iqtidar sahibi olan iki dinçi – Ərdoğanla Fətullah Gülənin arasındakı maraq savaşının amansız şəkil alması bizdə də bir çoxlarına ibrət olmalıdır. Şəriəti dövlət işlərinə bulaşdırmağın, siyasətə qoşmağın, siyasi məqsədlərə çatmaq uğrunda bir vasitə kimi görməyin hansı acı nəticələr doğuracağı haqqında indidən dərin-dərin, yaxşı-yaxşı düşünməyə vadar etməlidir.
Silahdaşlarının minbir əziyyəti, əməyi sayəsində layiq (dünyəvi) Türkiyə Cümhuriyyətini quran Atatürk vaxtilə belə demişdi: “Arkadaşlar, efendiler ve ey millet, iyi biliniz ki, Türkiye Cumhuriyeti şeyhler, dervişler, müritler, meczuplar memleketi olamaz. En doğru, en hakiki tarikat, medeniyet tarikatıdır”.
Türkiyənin yaşadığı günlər Atatürkün nə qədər uzaqgörən düşündüyünün isbatıdır. Ən doğru, ən həqiqi təriqətin mədəniyyət təriqəti olduğunu sürətlə unudan Türkiyə indi şeyxlərin, imamların əlində eyni sürətlə çağdışı bir ölkə yolunda irəliləməkdədir. Azadlıqlardan, hüququn üstünlüyündən imtina edərək yeni bir Səudiyyə Ərəbistanı, yeni bir Iran olmaq yolunda addımlamaqdadır.
Bunun bizim üçün acı tərəfi isə həm də ondadır ki, dünənəcən çoxlarımız Türkiyəni Azərbaycanın Avropaya açılacaq pəncərəsi kimi görürdü. Çoxlarımız inanırdıq ki, Türkiyə bizi modern, mədəni dünyaya qovuşdurmaq üçün ən qısa yoldur.
Belə bir “pəncərə”dən, belə bir “yol”dan danışmaq nə yazıq ki, hər gün daha çox mümkünsüzləşir.
Atatürkün və silahdaşlarının əməyinə yazıq!
Bizim ümidlərimizə heyf!
Elza Seyidcahana qarşı haqsızlığa etirazımdır
Elza Seyidcahan adlı şou-biznes ulduzumuz şeir yazmağa girişib, sosial şəbəkələrdə isə onun şeirlərini öz aləmində ələ salanın biri bir qəpikdir.
Təəccüblü deyil.
Bizdə camaatın əlindən ancaq titulsuz, imtiyazsız, vəzifəsiz, orden-medallarsız adamlara yüklənmək gəlir.
Siyavuş Novruzov bu ölkədə hüquq elmlər doktoru ola bilər, Kəmaləddin Heydərovun namı dillərdə “bəstəkar Kamal” deyə dolaşa bilər, amma kimsənin ağzını bıçaq açmaz.
Di gəl, nə var-nə var deputat deyil, nazir deyil, hər hansı başqa bir siyasi imtiyaz sahibi deyil deyə şeir yazdığına görə Elza Seyidcahanı yerdən-yerə vurmaq, ələ salmaq olar.
Bu xanımın bir-iki şeirini mən də oxudum. Bayağıdır, amma inanın, sizin sevimli xalq şairiniz Fikrət Qocanın:
Səmada yer kürəsi səyyarədir.
Həm də sərnişini olduğumuz
Bir təyyarədir, –
misraları qədər bayağı deyillər.
Elə isə o xalqsız xalq şairinə göstərdiyiniz sevginin, sayğının barı yüzdə birini bu müğənni xanıma göstərməyə nə mane olur sizə?!