Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Milli Məclisdə deputatlar yığışıb gələnilki büdcənin müzakirəsini keçiriblər, Siyavuş Novruzov başda olmaqla, bir neçə yaptokrat deputat gün hardan doğubsa, ölkədə kredit faizlərinin yüksək olmasından danışıb, kredit faizlərini aşağı salmağı təkidlə tələb ediblər. Bu barədə bir qədər sonra.
Hələliksə büdcə müzakirəsinin özü haqqında. Axı doğrudan da, bu, nə üçündür? Kimə lazımdır? Büdcənin xalqa nə dəxli var? Büdcə Azərbaycan reallığında çoxdan bir ovuc oliqarxın “şəxsi cibi”nə çevrilib, necə istəyirlər o cür də xərcləyirlər, sağa-sola səpələyirlər, istədikləri kimi havaya sovururlar, yaxşı, indi bundan sonra durub, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun sevimli atalar sözü ilə desək, başqasının pulunu hesablamaq nə qədər doğrudur?!
Gələk kredit faizlərinin yüksək olması barədə yaptokrat deputatların alovlu çıxışlarına. Həqiqətən gün hardan doğub ki, onlar xalqa qarşı belə canıyanan olmağa başlayıblar? Dərindən düşünsəniz görəcəksiniz ki, söhbət heç bir canıyananlıqdan getmir. Məsələ tamamilə başqadır. Bunun özü də əslində toylarda və yaslarda israfçılıqla bağlı tənqidi çıxışların, gətirilən yasaqların davamıdır. Söhbət nədən gedir?
Söhbət ondan gedir ki, yaptokratlar əslində xalqın real yaşayış durumunu yaxşı bilirlər. Üzdə hər nə qədər analoqsuz inkişafdan, regionun lider dövləti olmağımızdan, xaricilərin bizdəki çiçəklənmənin sürətinə baxıb ağızlarının suyunu axıtmasından, camaatın yağ-bal içində, süd gölündə üzməsindən danışsalar da, reallığın tam fərqli olduğu onlara da gün kimi aydındır. Anlayırlar ki, əslində insanların gəlirləri bu ayın başından ortasınadək çata, ya çatmaya. Bir qarnı ac, bir qarnı tox yaşamağa yetə, ya yetməyə. Adamlar ən elementar vəziyyətlərdə – məsələn, ən ucuz cərrahiyyə əməliyyatı zamanı belə nəğd pul tapa bilmirlər, ya borca girirlər, ya kredit götürürlər. Bir ayda iki toya dəvət almaq kifayətdir ki, müəllim, həkim maaşının ən azı yarısından əlini üzsün. Kiminsə hüzrü düşəndə ölü yadından çıxır, fikir götürür ki, bunun ehsan xərclərini, qəbir və başdaşı pulunu hardan tapacaq. Bütün bunlara görə belə kredit götürənlər, həmin xərclərin öhdəsindən gələnlər var.
Kredit isə sadəcə ağrıkəsicidir, o heç bir dərdə dərman deyil (xüsusilə Əliyevlərin Azərbaycanında!), yüksək faizlər çox keçmədən adamda daha dəhşətli ağrılar, daha dözülməz sancılar, əzablar, məşəqqətlər yaratmağa başlayır.
Bütün bu ümumi mənzərənin fonunda xalqın narazılıq ovqatı güclənir. Etiraz ovqatı artır. Get-gedə bunu daha aydın hiss edən, ən müxtəlif üsullarla xalq arasında hakimiyyət haqqında xoş bir söz eşitməyin mümkün olmadığını anlayan yaptokratları əndişələndirən, təlaşlandıran, onları bu problemlər haqda yüksək səslə, sərt tonda danışmağa vadar edən də budur, nəinki xalqa canıyanananlıq hissi. Nə olsun ki, biz indi xalqın etirazını açıq formada görmürük, hətta çoxumuz ondan tamamilə əlimizi üzmüşük. Amma yaptokratlar da başa düşür ki, xalq etirazı – proqnozlaşdırılmayan hadisədir. Insanların səbr kasasını hansı bir damlanın nə vaxt daşıracağını, onun qəzəbini hansı bir qığılcımın haçan alovlandıracağını, bıçağın nə zaman xalqın sümüyünə dirənəcəyini, onu etiraz püskürməyə məcbur edəcəyini öncədən bilmək, müəyyənləşdirmək mümkünsüzdür.
Bir sözlə, yapçılar da artıq inkişaf nağılları ilə camaatın qarnının doymadığını anlamağa başlayıblar. Bilirlər ki, AzTV-də göstərdikləri Azərbaycanla real Azərbaycan arasında heç bir oxşarlıq tapmaq mümkün deyil, fərq yerlə göy qədərdir.
Yadımdadır, son prezident seçkiləri şousunda xalqın namizədi Cəmil Həsənlinin çıxışlarında bu soyğunçu kreditlər mövzusu əsas yer tuturdu, o, xalqın kredit bataqlığında boğulmasından faktlarla danışırdı, yaptokratlar da onu ölkədəki analoqsuz inkişafı görməməkdə ittiham edirdilər.
Amma indi belə çıxır, onlar özləri də inkişafı görməməyə başlayıblar.
Bundan bir də o məlum olur ki, hətta yatmış xalq da böyük qüvvədir, hətta yatmış xalqdan qorxmaq belə, çörəyi yalandan və yaltaqlıqdan çıxanlara bir gün əsl həqiqəti söylədə bilir.