Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Bu günlərdə dahi deputat Zahid Orucun ən azı elə onun özü qədər dahi falçı Ilham Mirzəyev haqqında açıqlamalarını oxudum. Dediyindən belə çıxırdı ki, hələ də Ilham Mirzəyevə inanan adamlar var, gərək onları da tutsunlar.
Əslində isə bütün günü ekran-efirdən “analoqsuz inkişaf” haqqında nağıllarla zəhlətökənlik eləyən Zahid Oruca inanmaq Ilham Mirzəyevə inanmaqdan az zərərli deyil, hər ikisi cahilliyin əlamətidir. Niyə insanlar hüququn, ədalətin, qanunların aliliyinin, hər cür azadlığın, milli iradənin yox edildiyi, korrupsiyanın xirtdəyə çıxdığı ölkədə Zahid Orucun gələcəyimizin çox parlaq olacağı barədə öncəgörmələrinə inanmalıdır, amma Ilham Mirzəyevin açdığı fallara yox?!
Işin ən komik tərəfi bilirsinizmi nədir? Həmin bu Ilham Mirzəyevə Elmlər Akademiyasında hansısa vəzifə veriləndə biz dahi deputatın ağzını açdığını eşitmədik, “elm ocağı hara, falçı hara?!” deyə üsyan etdiyini görmədik, amma indi həbsdədir deyə onu asıb-kəsir, bir növ, yıxılana balta çalır. Yeri gəlmişkən, bu məsələdə Zahid Oruc tək deyil, məsələn, vaxt var idi yaptokratiya mətbuatı Mirzəyevin Heydər Əliyev haqqında yazdığı “Liderlik zirvəsi: siyasətin sosial psixologiyası” adlı kitabını göyün yeddinci qatına qaldırırdı, onu bəh-bəhlə tərif edirdilər, indi isə onu yerdən-yerə vururlar.
Ilham Mirzəyevləri bu topluma dəyər kimi sırıyan Zahid Orucun təmsil etdiyi rejimdən başqası deyil ki? Elgizlər, Ay Zaurlar, canım sizə desin, Səməd Səmədovlar kimin sayəsində bu günkü şöhrətə və sərvətə çatdılar, kulturoloji hadisəyə, milli fenomenə çevrildilər? Xalqı cəhalət bataqlığına gömüb, dəyərsizlərdən dəyər yaradıb sonra da şikayətlənmək hansı məntiqə sığır? Bu səmimiyyətə necə və niyə inanaq axı?!
Aydın, bilgili insanların dışlandığı, xor görüldüyü, basqı altında saxlanıldığı bir ölkədə meydanda falçıların, ələmuçuranların, cinçıxaranların at oynatmasından təbii və məntiqəuyğun nə var?
Ən əsası: bu gün insanların kütləvi şəkildə falçılara, türkəçarələrə üz tutmasının bir səbəbi də Zahid Orucun mədh etdiyi Sistemin yaratdığı problemlər deyilmi. Təhsilin çökdürülməsi, savadsızlaşdırma siyasəti böyük bir cəhalət ordusu yaradıb – bu öz yerində.
Amma unutmayaq ki, Sistemin hüququ xor görməsi, ədalət duyğusunu yox etməsi də insanlara çarəni dövlət idarələrində deyil, falçılarda axtarmaq məcburiyyəti yaradır. Necə ki, yerdən əlini üzənlər, ədaləti yerdə tapacağına inamı qalmayanlar göylərə üz tutur, göylərin mərhəmətinə və ədlalətinə sığınır. Sonra da deyirik ki, bu ölkədə IŞID-çi hardan peyda olur? Hardan peyda olacaq: ədalətsizlikdən, hüquqsuzluqdan, işsizlikdən, pulsuzluqdan…
Bərbad gündə olan səhiyyə nə qədər insanı türkəçarələrə inanmağa, ondan mədət ummağa sürükləyir, pirlərdə, seyid ocaqlarında şəfa tapmağa məcbur edir.
Bax bütün bu mənzərələri Zahid Orucun da təmsil olunduğu rejim yaradıb. Hələ durub şikayətlənirlər də, hətta cəmiyyətə “mədəni inqilab” zərurəti haqqında danışa bilirlər də. Bəli, dahi deputat deyib ki, “mədəni inqilaba ehtiyac cəmiyyətin özündən gəlməlidir”. Bəh, bəh, cəh-cəh, qəh-qəh! Bircə o qalıb ki, desin, “bu mədəni inqilabın Çe Gevarası da Fəzail Ağamalı olmalıdır”.
Əvvəla, hansı cəmiyyətdən söhbət gedir? Qoymusunuz ki, bizdə cəmiyyət qalsın? Onu hüquqsuz, azadlıqlarsız, qeyd-şərtsiz itaət edən kütləyə çevirmisiniz.
Ikincisi, “mədəni inqilab” dərdində olan adam da heç hətta Avropa Insan Haqları Məhkəməsincə təsbit edilən seçki saxtakarlığı nəticəsində cibində deputat mandatı gəzdirməyi özünə rəva görərmi? “Mədəni inqilab” xiffəti çəkən adam heç olmasa, bircə dəfə dönüb soruşmazmı özündən: 1000-2000 manat maaş alanların 200 min manatlıq “inomarka”larda gəzməsinə, milyonluq villalarda kef sürməsinə yaşıl işıq yandırıb ömrünü elmə, mədəniyyətə həsr etmiş adamların 5-10 min manatlıq cərrahiyyə əməliyyatına pul tapa bilməməsinə göz yuman bir Sistemin ədalətindən dəm vurmaq nə qədər insanidir?!
Ümumiyyətlə isə deputat seçkisinə “aylardan müqəddəs Oruc, namizədlərdən Zahid Oruc” şüarı ilə gedib sonra da “mədəni inqilab” dərdində olmaq çox gülməlidir.