Dünən maraqlı bir xəbərlə rastlaşdım. Daha doğrusu, bu, Tovuzun Əlibəyli kəndinin icra nümayəndəsi V.Rzayevin açıqlaması idi.
Sitat: “Ötən ayın sonu ”Azərsu” ASC-nin 10 illik yubileyi ərəfəsində Tovuz rayonunun icra başçısı T.Zeynalov, millət vəkili Q.Paşayeva və “Azərsu” ASC nümayəndəsinin iştirakı ilə kəndimizdə artezian quyusunun rəsmi açılışı oldu. Düzdür, indi su gəlmir. Çünki iş hələ də davam edir”…
Əvvəla, “artezian quyusunun rəsmi açılışı” nə deməkdir? Belə getsə, bir azdan bu ölkədə yeni doğulan körpələrin göbəyini də təmtəraqla, AzTV kameralarının iştirakı ilə kəsəcəklər.
Ikincisi, icra nümayəndəsinin açıqlaması mənim yadıma məşhur bir lətifəni saldı. Bir gün dəli evə məktub yazır: “Ana, ata, burada hər şey yaxşıdır. Burada bizə hovuz da tikiblər. Hələ müdirimiz deyib ki, özümüzü ağıllı aparsaq, ora su da buraxacaqlar”.
Indi lətifəsi Əlibəyli kənd sakinlərindən uzaq, yəqin onlar da özlərini yaxşı aparıb, partiya və hökumətimizin ətrafında daha sıx birləşsələr, həmin artezian quyusundan su da gələcək.
Əslində bu, bütün ölkə üçün xarakterikdir. Indi yaptokratik rejim hamıdan məhz bunu tələb edir: özünü ağıllı aparmağı! Belədə sənə bu torpaqlarda sürünərək də olsa, yaşamaq, bir qarnı ac, bir qarnı tox da olsa, ömür sürmək, başını girləmək imkanı verir. Əks halda, vətən xainisən, xalq düşmənisən, anti-milli ünsürsən, düşmən dəyirmanına su tökürsən, xuliqansan, dələduzsan, narkomansan və s. və i.a.
Təzəlikcə Naxçıvanda dəhşətli bir hadisə yaşandı, Azərbaycandakı anti-demokratik rejim üçün işgəncə laboratoriyası rolunu oynayan Muxtar Respublikada (MR) insan haqlarının müdafiəsi ilə məşğul olan Ilqar Nəsibov ölümcül döyüldü. Çox keçmədən Naxçıvan MR Daxili Işlər Nazirliyi bu qanlı cinayətlə bağlı açıqlama yaydı, olay anında Ilqar bəyin sərxoş olduğunu, bu səbəbdən bir dostu ilə sözünün çəp gəldiyini və həmin dostu tərəfindən döyüldüyünü bəyan etdi. Təəccüblü deyildi. Bəlkə də əksinə – təəccüblü idi. Çünki Ilqar bəyin özü özünü döyüb ölümcül hala saldığını deyib elə onun özünü həbs edə də bilərdilər.
Sözümün canı başqadır. Dörd il əvvəl Naxçıvanın Bənənyar kəndində yaşanan hadisələri xatırlayırsınız. Həmin vaxt oradakı etiraz aksiyası ilə bağlı belə bir rəsmi açıqlama verilmişdi: “Naxçıvan Muxtar Respublikası Culfa rayon Bənənyar kənd sakini Yunis Əliyevin xəstə halından istifadə etmək istəyən Xalq Cəbhəsinin qanunsuz silahlı dəstəsinin üzvü olan Rza Nuriyevin başçılıq etdiyi bir qrup şəxs dekabrın 27-də – Aşura günü onu orta ağır dərəcədə SƏRXOŞ (seçdirmə bizimdir – E.A.) vəziyyətə gətirərək, kənd məktəbinin ərazisində və ətrafında fəaliyyətləri dayandırılan yöndəmsiz köşklərin yenidən açılması üçün qeyri-qanuni hərəkətlərə təşviq edib”.
Bundan başqa, səhv etmirəmsə, iki il əvvəl də Naxçıvanda müxalifət fəalı təzyiqlə qarşılaşmış, çox keçmədən onun da sərxoş olduğu bildirilmiş, hadisədə siyasi motiv qətiyyətlə inkar edilmişdi.
Göründüyü kimi, Naxçıvanda insan haqları fəallarına, siyasi aktivistlərə qarşı “sərxoş” damğası artıq bir ənənəyə çevrilmişdir, yəqin çox keçməz ki, orada uğurla sınaqdan çıxan bu təcrübə tezliklə bütün ölkə üzrə tətbiq edilməyə başlayar, biz də rejimin müxalifləri, tənqidçi insanları cəzalandırmaq üçün tapdığı bu yeni icada Xəyyamın məşhur misraları ilə cavab verərik:
Ey şəhər müftisi, səndən pərgarıq!
Bunca sərxoşluqla səndən huşyarıq.
Biz şərab içirik, sən xalq qanını,
Insaf et, hansımız daha qəddarıq?
Sonda: həbsdəki dəyərli dostumuz Anar Məmmədlinin insan haqları fəallarına verilmək üçün nəzərdə tutulan Vatslav Havel mükafatına namizədliyi irəli sürülüb. Əlbəttə, sevindiricidir. Anar bəy kimi işıqlı, ləyaqətli dostlarımızın xidmətlərinin əsl ödülü isə onların uğrunda mübarizə apardığı dəyərlərin bu ölkədə qələbəsi olacaqdır.
Amma düzünü deyim, mən onun Havel mükafatına namizəd göstərilməsinə ürəkdən sevinmədim. Hətta bir az üzüldüm də.
Kaş elə bir gün gələydi, Havel mükafatına Azərbaycandan namizəd göstərmək mümkün olmayaydı!