Mən həmişə düşünürəm ki, faşizmin məğlubiyyət tarixini 1945-ci ildə axtarmaq bəlkə də doğru olmazdı. Faşizm 1942-ci ildə Stefan Sveyq arvadı ilə birgə müharibəyə və Avropanın düşdüyü fəlakətli duruma etiraz olaraq intihar edəndə artıq məğlub olmuşdu. Bu intihar aktı faşizmin mənəvi məhvi idi, üç il sonra o sadəcə silahını yerə qoymaq məcburiyyətində qaldı.
Hə, bəşər tarixində elə ömürlərlə bərabər, elə ölümlər də var ki, onlar olmasa, biz çoxdan ümumiyyətlə, insanlığın ölümündən danışırdıq. Bəzən insanlığı yaşatmaq üçün özünə qıymaq, ya da özünü qurban vermək lazım gəlir. Sveyq məhz bunu etmişdi, bununla da insanlığın ləyaqətini ucaltmışdı, onun yox olmasına qarşı çıxmışdı.
Nəsimini götürək. Onun edamı dəhşətlidir, eyni zamanda biət kültürünün, saray ədəbiyyatının, yaltaqlıq sənətinin hegemon olduğu Şərq coğrafiyası üçün nadir və fenomenal hadisədir. Bu hadisə mütiliyin carçısına çevrilmiş, şahsevənlik duyğusuna köklənmiş, qaranlığın mədhiyyəçisi kimi çıxış edən ənənəvi Şərq ədəbiyyatının, ənənəçi şərqli təfəkkürünün köksünə saplanmış xəncərdir.
Min illər əvvəl Sokrata qarşı qurulan mühakimənin və onun edamının belə, aradan keçən zaman ərzində insanlığa xidmət etdiyini və bu gün də xidmət etməyə davam etdiyini inkar etmək mümkündürmü? Bu mühakimə və edam örnəyi minillər boyu Şərin qeyd-şərtsiz üstünlük, qaranlığın əzici güc qazanmasına mane oldu. Bəşəriyyətin sadəcə bir yolla – təslimçilik, itaət yolu ilə irəliləməsinin qarşısına keçdi, qolların qandallanmaq, ağızların qıfıllanmaq üçün var olmadığını ortaya qoydu, bütün insanlığa amansız Şərə qarşı dirəniş, müqavimət ruhu aşıladı.
Dediyim odur ki, bəzən bir ölüm (intihar olsun, ya edam, fərq etməz) insanlığın diriliş səbəbinə çevrilir.
Indi bütün bunları niyə yazıram?
Təzəlikcə 15-20 nəfərlik bir məclisdə oturmuşduq. Əksəriyyəti təhsilli adamlar idi, bəziləri öz sahələrində (hüquq, iqtisadiyyat…) yetərincə bilgi, təcrübə sahibləri idilər. Söhbətin ümumi motivini günümüzün ictimai, siyasi, sosial bəlaları təşkil edirdi, əsas giley-güzar mövzusu da cəhalətin ölkədə dərin kök salması ilə bağlı idi. Heç kim inkar etmirdi ki, bu vəziyyəti Azərbaycanda Sistem bilərəkdən yaradıb, çünki yalnız belədə ölkəni istədiyin kimi idarə etmək mümkündür.
Və qəfildən məlum oldu ki, cəmi iki-üç nəfər istisna olmaqla, hamı Seyid Əzim Şirvaninin ölüm səbəbindən xəbərsizdir. Onun məscid qapısının arasında boğularaq öldürüldüyünü ilk dəfə məhz orada, bizdən eşidirlər.
Mən buna həm təəccübləndim (dedim axı, məclisdəkilərin əksəriyyəti az-çox oxumuş adamlar idi), həm təəssüfləndim (axı bizim tariximizdə belə faktlar o qədərmi çoxdur ki, hansısa birindən belə asanlıqla bixəbər olaq?), həm də nə gizlədim, qəzəbləndim. Niyə? Axı necə ola bilər, bir tərəfdən, Azərbaycanın yüzillərdir cəhalət və xürafat bataqlığında boğulmasından ağrı ilə danışırıq, o biri tərəfdən də cəhalətin və xürafatın 150 il öncə bir qələm adamının başına gətirdiyi faciə barədə yenicə xəbər tuturuq.
Sonradan internet üzərindən Seyid Əzim Şirvani ilə bağlı kiçik bir axtarış apardım və heyrətə gəldim. Onun haqqında yazılarda, məlumatlarda ölüm səbəbi barədə, demək olar, bir kəlmə də bəhs edilmir. Axı gizlətməyə çalışdığımız nədir? Bəli, bir söz, fikir adamının bu şəkildə ölümü utancvericidir, amma başqa tərəfdən bundan gen-bol bəhs edilməsi gərəkməzmi? Beləcə, həm cəhalətin, xürafatın necə qorxunc, təhlükəli bir bəla olduğunu, necə dəhşətlər, təhdidlər, bəlalar vəd etdiyini gözlər önünə sərmək, həm də bu faktla nə qədər beyini Şərə, cəhalətə, dini fanatizmə qarşı aydınlatmaq mümkündür. Ki, bir daha eyni acıları, ağrıları yaşamayaq, eyni zamanda sadaladığımız iyrəncliklərin toplumda yenidən güclənməsinə, genişlənməsinə qarşı müqavimət ruhu formalaşdıraq.
Tariximizdə onsuz da ibrətlik ömürlər kimi, ibrətlik ölümlər də çox deyil. Indi durub onlardan biri üzərindən belə dərin sükutla keçməklə, az qala onu heç olmamış kimi saymaqla, gizlətməyə çalışmaqla nə qazanmaq istəyirik? Axı bundan bircə karlı çıxan, qazanan ola bilər, o da Şərdir.
Necə ki, qazanır da.