Azərbaycanın son illər tarixində heç vaxt həbsxanalar bu qədər dəyərli, ləyaqətli, işıqlı, dürüst insanlarla ağzınacan dolmayıb. Sifarişli həbslər hələ də bir an olsun dayanmır, axşam eyni masa arxasında oturub bir stəkan çay içdiyin adamın səsinin səhər Kürdəxanı təcridxanasından gəlməyəcəyinə heç bir təminatın yoxdur. Əliyevlər rejimi nə tərəqqipərvər bəşəriyyət, nə də bütövlükdə tarix qarşısında heç bir vicdan əzabı çəkmədən, bugünkü qınaqları və gələcək tənələri hesaba almadan insanları öz fərqli fikirlərinə, müxalif mövqelərinə, onlar kimi düşünmədiklərinə görə dəmir barmaqlıqlar arxasına atmağa davam edir.
Başqa cür ola da bilməz. Yaradılışın dörd ünsürü olduğu kimi, irtica rejimlərinin də dörd varlıq səbəbi var: korrupsiya, yalan, yaltaqlıq və repressiya. Bunlar Əliyevlərin tayfa-klan hakimiyyəti üçün hava, od, su, torpaq kimi vacibdir, bunlardan hər hansı biri olmadıqda onun ayaqda qalması xam-xəyaldı, mümkünsüzdü.
Rejimin hüquq və əxlaq sınırlarını asanlıqla aşaraq həyata keçirdiyi bu yüzlərcə həbs içərisində Anar Məmmədlinin həbsi əslində, xüsusi heç nə ilə fərqlənmir. O da digərləri kimi “cinayətsiz cəza”ya məhkum edilib, ona və həmkarı Bəşir Süleymanlıya 2013 seçkisinin başdan-ayağa saxtakarlıq şousundan başqa bir şey olmadığını faktlarla, dəlillərlə, arqumentlərlə ortaya qoyduqlarını bağışlaya bilməzdilər və bağışlamadılar.
Ən dəhşətlisi isə bilirsinizmi nədir?
2013 seçkisinə qoşulan əldəqayırma namizədlərdən, Cəmil Həsənli istisna olmaqla, kim ayaqlarına əziyyət verib onun məhkəməsi önünə təşrif buyurdu? Əlbəttə, söhbət Zahid Orucdan, Balıq Hafizdən, daha doğrusu, Leyla Yunus demiş, Hafiz Balıqdan-zaddan getmir. Bəs digərləri? Məsələn, Ilyas Ismayılov saxta seçkinin nəticələrini tanımadı, təqdirəlayiq haldır. Bəs niyə bir dəfə də Anarın həbsinə etiraz səsi qaldırmadı? Axı Ilyas müəllimin nəticələrini tanımadığı seçkinin anti-demokratik, saxta keçdiyinə ölkə içində və dışında böyük çoxluq qeyd-şərtsiz inanırsa, burada ən böyük pay sahiblərindən biri Anar Məmmədlidir və məntiqlə onun həbsinə qarşı etirazların öncüllərindən biri də Ilyas müəllim olmalı idi.
Yaxud Sərdar Cəlaloğlu – seçkidən sonra o, “həqiqət mərtəbəsinə” çatıb, bütün günü oturub Eynşteynin nisbilik nəzəriyyəsində səhv tutmaqla, Səməd Vurğunu “neprav” çıxarmaqla məşğuldur, amma onun namizəd olduğu seçkinin ədalət mücadiləsini verən adamlardan birini həbs ediblər, dillənmir. Susur. Səsini çıxarmır. Axı bu sükutla, səssizliklə Səməd Vurğunun “Rəhbərə salam”ının arasındakı fərq nədir?
Əlbəttə, Anar öz işini hansısa təşəkkür, təmənna, sabah kiminsə boynuna minnət qoymaq üçün görmürdü. Onu tanıyanlar nə qədər dürüst, peşəkar, əxlaqlı biri olduğunu bilirlər, odur ki, onsuz da ondan həqiqətə, ədalətə xidmətdən başqa heç nə gözləmək olmazdı. Məhz bu səbəbdən də Anarın həbsi təəccüblü deyildi. Təəccüblü, hətta heyrətamiz o olardı ki, Anar yalana, saxtakarlığa don geyindirməyə çalışsın.
Sadəcə, yuxarıdakı giley-güzarı ona görə yazdım ki, ölkədə ədalət, həqiqət, hüquq adına mübarizənin necə ağır şərtlər altında davam etdiyini hələ də anlaya bilməyənlər anlasınlar. Əgər saxta seçkidə səslərinin oğurlandığını deyənlər belə, seçki saxtakarlığını ifşa edənlərə “ya zəlzələdən, ya vəlvələdən” dəstəyi əsirgəyirlərsə, vəziyyətin hansı həddə ağır, dəhşətli, dözülməz olduğunu bilmək, görmək bu qədərmi çətindir?
***
Anar bugünlərdə, həm də ilk dəfə öz ad gününü dəmir barmaqlıqlar ardında qeyd etdi.
Mən onun əlini sıxıb, boynuna sarılıb təbrik edə bilmədiyim üçün çox üzgünəm.
Eyni zamanda da belə əvəzsiz bir dostum olduğuna görə sevincliyəm, xoşbəxtəm.
Anarın bu doğum gününə ən böyük hədiyyə elə onun həbsidir, çünki indi onun çəkdiyi ədalətsiz, sifarişli cəza bu istibdadın yoxoluşu, çöküşü ilə ən qiymətli ödülə çevriləcəkdir.
Bu günün cəzaları sabahın mükafatlarıdır.
O cəzaları kəsənlər də, o cəzaları çəkənlər də bunu belə bilsinlər.