Ukrayna xalqına yaradılan problemləri təbliğ etməklə azərbaycanlıları qorxudub azadlıq, demokratiya uğrunda mübarizədən çəkinməyə çağıranlar utandılarmı?
Ukrayna xalqı növbəti sınaqdan da üzüağ çıxdı. Ölkə ərazisinin bir hissəsi işğal altında olsa da, ciddi rəqabət şəraitində demokratik parlament seçkiləri keçirdi. Parlamentdə 6 partiya fraksiyası olacaq. Heç bir partiyanın, o cümlədən prezidentin dəstəklədiyi partiyanın çoxluğu olmayacaq. Hökuməti müxtəlif partiyaların koalisiyası formalaşdıracaq. Seçkidə yarışmış partiyaların hamısı nəticələri tanıyıblar.
Məlumdur ki, Maydan hərəkatının qələbəsindən sonra Ukraynanın zorla cəlb edildiyi müharibə ölkə üçün kifayət qədər ciddi sosial, iqtisadi, təhlükəsizlik problemi yaradıb. Ukrayna xalqı minlərlə övladını şəhid verib, torpaqlarının 8 faizi işğal altındadır. Bütün bunlara baxmayaraq seçkilərin nəticələri nümayiş etdirdi ki, Ukrayna xalqı Maydanda irəli sürdüyü ideyalara sadiq qalıb. Müvəqqəti çətinliklərdən qorxaraq böyük və aqressiv qonşusunun qarşısında ağ bayraq qaldırmayıb. Seçicilərin 90 faizə qədəri məhz Ukraynanın Avropaya inteqrasiyasına tərəfdar olan milli demokratik qüvvələrə səs verib. Bu o deməkdir ki, Ukrayna xalqı azadlıq və demokratiya uğrunda mübarizəsinə görə bu qədər qurban verdikdən, azadlığın bədəlini bu qədər ağır ödədikdən sonra da öz ideyasına sadiq qalıb. Bu o deməkdir ki, nəticələrinin həqiqətən kifayət qədər çətin olduğunu bildikdən sonra da Ukrayna xalqı Maydan inqilabını yenə edərmiş, peşman deyil!
Ukrayna xalqı üçün yaradılan problemləri təbliğ etməklə min kilometrlərlə uzaqda yerləşən azərbaycanlıları qorxudub azadlıq, demokratiya uğrunda mübarizədən çəkinməyə, rejimin qarşısında tərksilah olmağa çağıranlar utandılarmı?
Ukrayna xalqına təşəkkür edirəm. Azadlığın, demokratiyanın, ləyaqətin məsələn, qışda evlərin qızdırılmasından, gündəlik dolanışıqdan, bir az çox qazanmaqdan daha üstün dəyər olduğunu növbəti dəfə bütün dünyanın, o cümlədən bizlərin də yadına saldığı üçün!
Ukrayna öz nümunəsilə bir daha sübut edir ki, həyatda gerçək uğurlar dəyərləri, prinsipləri, strateji seçimləri cari, xırda, merkantil maraqlara qurban verməyənlərindir.