Natiq Cəfərli: «Təəssüf ki, bu qədər investisiya keyfiyyət dəyişikliyi və tərəqqiyə gətirib çıxarmadı»
Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının 13-cü illik konfransında maraqlı fikirlər səsləndirilib. Konfransda çıxış edən Iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov müstəqillik illəri ərzində Azərbaycan iqtisadiyyatına 190 milyard dollardan artıq sərmayə qoyulduğunu bildirib. O həmçinin ölkənin valyuta ehtiyatlarının 53 milyard dollar səviyyəsində olduğunu qeyd edib.
190 milyard dollar investisiya heç də kiçik rəqəm deyil. Bəs bu rəqəm ölkənin infrastrukturunda görünürmü? Başqa sözlə, ölkəmiz 190 milyardlıq məmləkətə bənzəyirmi?
Iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, həmin investisiyaların böyük bir hissəsi neft-qaz sektoruna yönəlib. “Əsrin müqaviləsi”nin reallaşması üçün təqribən 34 milyard dollara yaxın investisiya qoyulub ki, ondan sonra da hər il bu sektorda investisiyaların artımı olub: “Yəni neft-qaz sektoru bu məsələdə öncül rol oynayıb. Ikinci yerdə dövlət büdcəsindən ayrılmış dövlət investisiyalarıdır. Onlar da əsasən infrastruktur layihələrinə sərf olunub. Dəyişiklik, əlbəttə olub. Yol çəkilişlərinə, fiziki cəhətdən köhnəlmiş infrastrukturların yenilənməsinə, məsələn, məktəblərin, xəstəxanaların təmiri və tikintisinə vəsait ayrılıb. Bugünədək 2900-a yaxın məktəb, 500-ə yaxın xəstəxana və diaqnostika mərkəzi tikilib və ya təmir olunub. Bu investisiyalar çərçivəsində məcburi köçkünlər üçün qəsəbələr salınıb, Bakı-Oğuz-Qəbələ su kəməri çəkilib”.
Ekspert onu da qeyd edir ki, gözlə görüləcək dərəcədə kəmiyyət dəyişiklikləri var. Amma bu investisiyalar kəmiyyət dəyişikliklərindən sonra keyfiyyət dəyişikliklərinə keçidi təmin edə bilməyib. Yəni, məktəblərin tikintisi və təmirinin qarşılığında ali məktəblərə keçid balları xeyli aşağı düşüb. Kəmiyyət dəyişiklikləri keyfiyyət dəyişikliklərinə gətirib çıxarmadı. Bu məqam özünü səhiyyə sahəsində də göstərdi. Vətəndaşlarımız hələ də müayinə və müalicə üçün qonşu ölkələrə getməkdə davam edir. Natiq Cəfərlinin sözlərinə görə, ən təəssüfedici hal odur ki, bu qədər investisiya qoyuluşu və infrastruktur yenilənməsi yalnız fiziki inkişafla nəticələndi: “Bu qədər böyük iş keyfiyyət dəyişikliyi və tərəqqiyə gətirib çıxarmadı. Azərbaycanın bu gün ən həssas yeri tərəqqi mövzusudur. Bu qədər böyük məbləğdə investisiyalar qoyulmasına baxmayaraq, keyfiyyət dəyişikliyi baş vermədi”.
Nigar