Dostlar, babalarımızın da güclü satirası olub ha. “Eybi yox, qoy mənim bir gözüm çıxsın, təki qonşumun da iki gözü çıxsın” söhbətini bilirsiz, yəqin.
Bu deyimi atalarımız içimizdə zaman-zaman baş qaldıran paxıllıq və kin hisslərinə gülmək, bu cür primitiv düşüncəni ələ salmaq üçün yaratdı. Primitiv adamlar da bu öldürücü satiranı anlamayıb, elə bildilər ki, doğrudan da bu sözlər milli mentalitetimizin ifadəsidir. Əsl azərbaycanlı elə belə də olmalıdır. Paxıllıq etdiyi, kin saxladığı adamları iki gözdən məhrum etmək naminə özünün də bir gözünün çıxmasına razılaşmalıdır.
Zaman keçdi və həmin primitiv düşüncəli adamlar Azərbaycanda iqtidar oldular. Kin, nifrət bəslədikləri rəqiblərinə əzab-əziyyət çəkdirmək naminə özlərinin də bütün dünyada rüsvay olmalarını gözə aldılar.
Ölkənin görkəmli hüquq müdafiəçilərini, hüquqşünaslarını, jurnalistlərini, vətəndaş cəmiyyəti fəallarını daha danışmasınlar, tənqid etməsinlər deyə yığıblar həbsxanaya. Nəticəsi nədən ibarətdir? İndi həbs olunmuş azərbaycanlı fəalların əvəzindən dünya ictimaiyyəti danışır.
Başa düşürəm ki, Leyla xanımın “Yüzdən artıq siyasi məhbusun olduğu ölkədə Olimpiada keçirmək olmaz” bəyanatı sizi çox narahat etmişdi. Bəs indi necə, Olimpiadanı boykot etmək çağırışını Avropa Parlamenti deputatının, ABŞ-ın məşhur hüquqşünasının, həm də Leyla xanım kimi “Azadlıq” qəzetində deyil, dünyanın tanınmış KİV-lərində etməsi sizə daha yaxşımı oldu?
Sizə İntiqam Əliyevin, Rəsul Cəfərovun, Emin Hüseynovun “Ölkədə siyasi məhbuslar var və onları azad etmək lazımdır” bəyanatı böyük zərbə idi, yoxsa indi dünyaca məşhur “Freedom House” təşkilatının bütün dünyadan sizə sanksiya tələb etməsi?
“Sərhədsiz Reportyorlar”ın sizi Avropadakı 47 ölkənin ən repressivi elan etməsi daha yaxşımı oldu?
İlham Əliyevin saxta seçkilərlə özünü prezident elan etdiyini Anar Məmmədli və Bəşir Süleymanlının burda bir-iki aztirajlı KİV-də bəyan etməsi sizə böyük zərbə idi, yoxsa “Washington Post”, “Guardian”, “Le Monde”, “Der Standart” kimi dünyanın ən böyük KİV-lərinin, həm də dəfələrlə yada salmağı?
Siyasi məhbusları qanunsuz olaraq həbs etdiyinizə görə sizdən Milli Şuranın izahat tələb etməsindənsə ABŞ, Avropa Birliyi, ATƏT-in, BMT ekspertlərinin izahat tələb etməsi dahamı yaxşı oldu?
Üstəlik heç həbs etdikləriniz də susmayıblar. Onlar onsuz da heç vaxt Rembo olmaq, sizləri fiziki gücləri ilə təhdid etmək fikrində olmayıblar. Onların gücü mənəvi gücdür, şəxsi müsbət nümunələri ilə sadə insanları ruhlandırmalarındadır. Bunu görməmək isə sadəcə mümkün deyil ki, vicdan məhbusları həbs olunduqdan sonra daha böyük, qat-qat artıq mənəvi gücə, mübarizə simvollarına çevrilirlər.
Beləliklə, hökumət bu həbslərlə heç nə qazana bilməyib. Belə çıxır ki, hakimiyyət atalarımızın təsəvvür edə biləcəyindən də primitiv və kinli olduğundan “qonşu”nun, indiki halda demokratik düşərgənin “bir gözünü çıxarmaq” üçün özünün “iki gözünün də çıxmasına” razı olub.
Nə deyək? Özləri seçdi bu uçuruma aparan yolu.