Obama «soyqırım» demədi, Norveç ermənilərə «yox» dedi
Rusiya, Fransa, Şimali Kipr və Serbiya liderlərindən Sarkisyana birbaşa dəstək gəldi
Qondarma soyqırımın 100-cü ildönümü ilə əlaqədar dünən Yerevandakı “Tsitsernakaberd” memorial kompleksində anım mərasimi keçirilib. Mərasimə Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland, Şimali Kiprin prezidenti Nikos Anastasiadis və Serbiya prezidenti Tomislav Nikoliç də qatılıb.
Ermənistan prezidenti Serc Sarkisyan çıxışı zamanı bildirib ki, “soyqırımla” bağlı kompromissiz beynəlxalq kampaniya xarici siyasətin ayrılmaz hissəsi olmaqda davam edəcək: “Erməni xalqı həmişə insanlığa qarşı törədilən cinayətlərin qurbanlarının yanında olacaq”.
Putin: “Insanlıq tarixinin ən qorxunc faciələrindən biri”
Vladimir Putin isə 1915-ci il olaylarının insanlıq tarixinin ən qorxunc faciələrindən biri olduğunu, rusların erməni xalqının bu kədərini qəlbən bölüşdüyünü bildirib. Onun sözlərinə görə, ruslar bu kütləvi qətliamı öz kədərləri kimi qəbul edirlər. Putin hazırda dünyada rusofobiyanın da geniş yayıldığını da deyib: “Təəssüf ki, indi bir çox regionlarda neofaşistlər baş qaldırıb. Radikal millətçilər hakimiyyətə can atır. Antisemitizm güc toplayır və rusofobiya geniş yayılır. Bunun yaranma səbəbləri və nəticələri haqda düşünmək lazımdır”.
Dumadan “erməni soyqırımı” ilə bağlı bəyanat
Rusiya Dövlət Duması isə dünənki iclasında qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, Duma qardaş erməni xalqına və həmin ərəfədə öldürülən digər millətlərin nümayəndələrinə kədərini və təəssüfünü ifadə edir: “Dünyada sülh və təhlükəsizliyin bərqərar olması üçün tarixin mürəkkəb suallarını və beynəlxalq mübahisələri dinc yollarla, həmçinin diplomatik səylərlə həll etmək lazımdır. Deputatlarımız əmindilər ki, Avrasiya qitəsi mehriban qonşuluq və bərabərtərəfli əməkdaşlıq nümunəsi yaratmaq iqtidarındadır. Bunun yolu Avrasiya Iqtisadi Birliyi, Şanxaydakı əməkdaşlıq təşkilatı kimi, beynəlxalq qurumların sıx fəaliyyətindən asılıdır. Bu təşkilatların hədəfi dayanıqlı inkişaf, millətlərin və humanist ideyaların çiçəklənməsidir”.
Bəyanatın qəbuluna Dumadakı 427 deputatdan cəmi 5-i qarşı çıxıb.
Türkiyədən sərt təpki
Dumanın qərarını şərh edən Türkiyə Xarici Işlər Nazirliyi Ankaranın Rusiya parlamentinin erməni iddialarını dəstəkləyən açıqlamalarına adətkar olduğunu bəyan edib: “Duma bu dəfə də ənənəsinə sadiq qaldı. Bu açıqlamanı qınayırıq. Rusiya prezidenti Putinin Ermənistandakı anım mərasiminə qatılmasını da bu konteksdə dəyərləndiririk. Türkiyənin həssaslığını diqqətə almaq əvəzinə, yanlış mövqedə israr etmələri bölgədə barış və rifaha xidmət etməyəcək”.
Bir neçə gün əvvəl Putin 1915-ci il olaylarını soyqırım adlandırıb. Bunu xatırladan və şiddətlə qınayan Türkiyə XIN bu cür açıqlamaların Ankara üçün yox hökmündə olduğunu qeyd edib: “Putinin olayları soyqırım kimi qiymətləndirməsini rədd edir və qınayırıq. Rusiyanın Qafqazda, Orta Asiyada və Şərqi Avropada yüz il boyunca gerçəkləşdirdiyi qətliamlar, sürgünlər, türk və müsəlman xalqlarına qarşı insanlıqdan uzaq addımlar diqqətə alınarsa, “soyqırımın” nə olduğunu ən yaxşı onların bilməli olduğunu düşünürük”.
Bolqarıstan da erməni qətliamını tanıdı
1915-ci il olayları ilə bağlı daha bir qərar Bolqarıstandan gəlib. Bolqarıstan parlamenti tarixində ilk dəfə olaraq məlum olayları kütləvi qətliam kimi tanıyıb. Qanun səviyyəsində olan qərarda 24 aprel “qurbanları anma günü” kimi göstərilib. 193 deputatın iştirak etdiyi iclasda qərarın lehinə 157 səs verilib. Qərara türklərin təmsil olunduğu Haqq və Azadlıq Partiyasından seçilən deputat Lütvi Mestandan başqa təpki verən olmayıb. Mestan bu qərarın Türkiyə ilə münasibətləri zədələyə biləcəyini bildirib. Qərarın qəbulundan sonra millət vəkillərindən bir dəqiqəlik sükut üçün ayağa qalxmaları istənilib. Bu zaman L.Mestan və partiyasının deputatları etiraz olaraq parlament zalını tərk ediblər.
Məlumatlara görə, qərarla bağlı təşəbbüs Bolqarıstanın ifrat millətçi partiyası ATAKA-dan gəlib. Partiya 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirməyi təklif edib. Lakin baş nazir Boyko Borisov “soyqırım” sözünə etiraz edərək onun “ermənilərin kütləvi qətliamı” ifadəsiylə əvəzlənməsini istəyib.
Parlamentdəki Bolqarıstan-Türkiyə Dostluq Qrupunun rəhbəri Şabanəli Əhməd yanlış bir qərara imza atıldığını, bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyini bildirib: “Belə bir qərarın qəbulu yolverilməzdir. Savaşda ölən insanların acılarına biz də hörmət edirik. Amma bir toplumun soyqırıma məruz qaldığı fikrini qətiyyətlə rədd edirik. Bolqarıstanın bu məsələdə tərəf olmasını da qəbul etmirik”.
Obama: “Böyük fəlakətdir”
Roma Papası Fransiskin 1915-ci il olaylarını soyqırım adlandırmasından sonra bütün gözlər Vaşinqtondan gələcək açıqlamada idi. Lakin ABŞ prezidenti Barak Obama ötən il olduğu kimi, bu dəfə də “soyqırım” sözünü işlətmədi. 1915 olaylarının 100-cü ildönümü ilə bağlı açıqlamasında Obama “böyük fəlakət” deməyə üstünlük verdi. ABŞ lideri bildirdi ki, 1915-ci ildən başlayaraq erməni xalqı Osmanlı Imperiyası tərəfindən sürgün və qətl edilib: “Nəticədə ermənilərin tarixi torpaqlarındakı mədəniyyətləri və mirasları məhv edilib. Qorxunc zorakılıq nəticəsində 1.5 milyon erməni həyatını itirib. 1915-ci ilin dəhşətləri məlum olan kimi ABŞ səfiri Henri Morgenthau ABŞ hökumətinə həyəcan siqnalı vermiş, həmçinin Osmanlı liderlərinə qarşı çıxmışdı. Məhz belə səylər nəticəsində böyük fəlakət gerçəyi ictimailəşmişdi”.
Obama 1915-ci il olayları ilə bağlı mövqeyini mütəmadi olaraq ortaya qoyduğunu, fikirlərinin dəyişmədiyini diqqətə çatdırıb: “Həqiqətlərin tam və ədalətli şəkildə qəbul edilməsi hamımızın xeyrinədir. Insanlar və millətlər keçmişin acıları ilə hesablaşaraq, onları qəbul edərək daha çox güclənə, daha ədalətli və xoşməramlı gələcək qura bilərlər. Tarixin bu qaranlıq səhifəsinə işıq tutmağa çalışan Papa Fransiskin, həmçinin türk və erməni tarixçilərin fikirlərini alqışlayırıq”.
100-cü ildönümündə qurbanları anmaq üçün erməni xalqının yanında olduğunu deyən Obama “Acı çəkənləri unutmayacağımıza söz veririk. Bu acı mirasdan dərs çıxarmağa çalışacağıq” – deyə, bildirib.
“Öz keçmişlərinə baxsınlar”
Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan həm Obama, həm də Putini açıqlamalarına görə sərt tənqid edib: “Əvvəlcə öz keçmişlərinə baxsınlar. Keçmişdə başqa millətlərə, öz vətəndaşlarına etdikləri zülmlərin, qətliamların, soyqırımların təsirinə düşüb bu gün “hamı belə edib” ədasıyla cinayətə ortaq axtarırlar. Suriyada yüzminlərlə insan qətl edilib. Kaş ki, Putin bununla bağlı açıqlama verəydi. Əsədi qınayardı. Bunu qınayan, 2 milyon insana qucaq açan bizik. Bu acılar qarşısında səssiz qalanlar keçmişdəki olaylarla bağlı səs-küylü bəyanatlar səsləndirirlər”.
ABŞ liderindən fərqli olaraq Almaniya prezidenti Yoaxim Qauk XX əsrdə ÿermənilərə qarşı baş verənlərin etnik təmizləmə, qırğın, köç və soyqırım nümunəsi olduğunu bildirib. Prezident 1915-ci ildə yüz minlərlə erməninin planlı şəkildə qətlə yetirildiyini deyib.
Norveçdən Türkiyəyə dəstək
Norveçin baş naziri Erna Solberg isə Ermənistan prezidenti Serc Sarkisyanın qondarma soyqırımla bağlı dəvətindən imtina edib. Baş nazir məsələ ilə bağlı açıqlamasında Türkiyə ilə münasibətlərin daha önəmli olduğuna diqqət çəkib. Sobergin bu qərarı ermənipərəst mövqeyi ilə tanınan tarixçilərin tənqidi ilə üzləşib. Tarixçi Baard Larsen bildirib ki, baş nazir qorxaqcasına hərəkət edib: “Səudiyyə Ərəbistanı və Çin kimi ölkələr öz mənfəətlərini düşünüb Türkiyəni tənqid etmirlər. Norveç də eyni cür davrandı. Türkiyəni təxribata çəkməmək üçün hər şey edirlər. Halbuki Norveç anma mərasiminə baş nazir səviyyəsində qatılsaydı, bu təxribat olmayacaqdı”.
Norveç Xarici Işlər Nazirliyi də Türkiyəni dəstəkləyən açıqlama yayıb. Nazirlikdən bildiriblər ki, 1915-ci ildə Osmanlı Imperiyası tərəfindən həyata keçirildiyi iddia olunan sözdə soyqırım iddiaları millətlər arasında mübahisə predmetidir.
Qeyd edək ki, “erməni soyqırımını” ilk dəfə 1965-ci ildə Urquvay tanıyıb. Ardınca bu sıraya 20-yə yaxın ölkə qoşulub. Bu ölkələrin arasında Rusiya, Kanada, Fransa, Britaniya, Almaniya, Braziliya, Argentina, Avstraliya da var. Qondarma soyqırımı Vatikan, Avropa Parlamenti və Ümumdünya Kilsələr Birliyi də tanıyıb.
Gültəkin