Obama ilə Netanyahu arasında böhran dərinləşir
Amerikalı ekspert: «Münasibətlərin yaxşılaşması üçün hər iki şəxs öz «postundan» getməlidir»
Israilin baş naziri Benyamin Netanyahu Obama Administrasiyasının Iranla nüvə anlaşmasına dair hazırladığı sənədi tənqid atəşinə tutub. Konqresin hər iki Palatasının birgə iclasında çıxış edən Netanyahu ABŞ-ın ünvanına sərt ittihamlar ünvanlayıb.
Baş nazirin Birləşmiş Ştatlara son səfərindən sonra iki ölkə arasında onsuz da gərgin olan münasibətlərin bir az da pisləşdiyi bildirilirdi. ABŞ-ın “Demokratiyanı Müdafiə Fondu”nun eksperti Emmanuel Ottoleng hesab edir ki, bu münasibətlər yalnız Netanyahunun öz postundan gedəcəyi və ya Obamanın prezidentlik səlahiyyətinin başa çatacağı zaman yaxşılaşa bilər.
Konqres Ağ Evə qarşı…
Nümayəndələr Palatasının spikeri, respublikaçı Con Beyner də yaranmış vəziyyətdən narahatlığını ifadə edib. O bildirib ki, Ağ Ev ölkənin daxili siyasətinin önəmli məsələsi ilə bağlı Konqreslə məsləhətləşmir: “Ağ Ev Israil baş nazirini yanvar ayı ərzində üç dəfə ölkəyə – amerikalı parlamentarilər qarşısında çıxış etməyə dəvət edib. Son dəvət də ABŞ-la Iran arasındakı nüvə razılaşması ilə bağlı idi”.
Ekspert hesab edir ki, Beynerin reaksiyası tamamilə normaldır: “Ağ ev bəlkə də, Beyneri bu mövqeyinə görə bağışlayardı. O halda ki, Netanyahu Vaşinqtona Obamanın Iranla bağlı siyasətini təqdir etmək üçün gələrdi. Amma Prezident Administrasiyasında yaxşı bilirdilər ki, Netanyahunun niyyəti heç də xoşməramlı deyil. Baş nazirə ünvanlanan əsas ittiham bu idi ki, o, dəvəti qəbul etməklə Amerikanın daxili siyasətinə dair mübahisələrə kobud şəkildə qarışmış olub. Daha bir ittiham isə bu idi ki, Netanyahu ABŞ-Israil dostluğunu zədələyr. Bu ittihamlar Demokratlar Partiyasındakı yəhudipərəst üzvlər tərəfindən də dilə gətirilir. Demokratların reaksiyasından Netanyahunun Israildəki rəqibləri də yararlanır. Hazırda Israildə gərgin seçki kampaniyası gedir. Martın 17-də Knessetə növbədənkənar seçkilər keçiriləcək. Istefada olan 150-dən artıq yüksəkrütbəli Israil hərbçisi Netanyahunu rəsmi şəkildə ittiham edib ki, baş nazir Irana qarşı barışmaz mövqeyi ilə Israilin əvəzedilməz müttəfiqi olan ABŞ-la münasibətlərini zərbə altına qoyur. Bu ittihamlara cavab olaraq Netanyahu və ətrafı bəyan edib ki, onlar ABŞ-ın əvəzedilməz müttəfiq olduğunu qəbul edirlər. Lakin hesab edirlər ki, müsbət və ya mənfi olmasından asılı olmayaraq, Birləşmiş Ştatların bütün istəklərilə razılaşmaq Israilin suverenliyinə ziddir”.
Qeyd edək ki, Vaşinqtonla Tel-Əviv arasında gərginlik hələ bir neçə il əvvəl də kuliminasiya nöqtəsinə çatmışdı. Həmin vaxt Obama Netanyahuya bildirmişdi ki, əgər Israil Iranın nüvə obyektlərinə hücumla bağlı birtərəfli qərar qəbul etsə, Iraqda olan ABŞ təyyarələri Israil silahlılarını vuracaq. Düzdür, həmin vaxt hər iki ölkə bu xəbəri dərhal təkzib etmişdi.
Iki ölkə arasında gərginlik bu ilin fevral ayı ərzində səngimək bilmədi. Yalnız ABŞ dövlət katibi Con Kerrinin iki ölkə arasında əlaqələrin möhkəm və qırılmaz olduğunu ifadə edən son açıqlamasından sonra münasibətlərdə bir qədər yumşalma müşahidə olundu.
Tel-Əviv nədən narazıdır?
Emmanuel Ottolengin fikrincə, Netanyahunun Konqresdəki çıxışı heç də Ağ Evə xoş gəlmək xarakteri daşımırdı: “Düzdür, o, Obamanın ünvanına komplimentlər səsləndirməyi də unutmadı. Bildirdi ki, Obamaya Israil üçün etdiyi bütün yaxşı və əhəmiyyətli addımlara görə minnatdardır. Mənə elə gəlir ki, o, bu sözlərində səmimi idi. Ağ Ev Netanyahuya xəbərdarlıq etmişdi ki, Iranla danışıqlara dair məxfi məqamları açıqlamasın. Baş nazir də bu xəbərdarlığı nəzərə alaraq ancaq ümumi, açıqlanan məqamlara toxundu. Lakin onun qənaətlərini dinləmək Ağ Ev üçün o qədər də xoş olmadı. Baş nazirin gəldiyi qənaətlərdən biri belə idi ki, anlaşmanın davam etdiyi müddətdə ? bu 10 il də ola bilər, 20 il də ? Iran genişmiqyaslı nüvə potensialını qoruyub saxlayacaq. Və müddət başa çatanda bu potensial indikindən də təsirli olacaq”.
Obamaya sərt mesaj: “Tarixdə qalmaq istəyirsinizsə…”
E.Ottolenginin sözlərinə görə, Konqresin spikeri çıxışı zamanı öz hədəfinə çatıb və Obamaya dəqiq mesaj göndərib: “Beynerin doğru və yanlış addım atdığını mübahisələndirə bilərik. Amma bu da faktdır ki, Beyner Konqresin müstəqil və Ağ evlə eyni səlahiyyətə sahib qurum olduğunu göstərdi. Onu da göstərdi ki, qurum icazə istəmədən istədiyi şəxsi dəvət etməkdə sərbəstdir. Beyner ona da eyham vurdu ki, əgər Obama bu məsələdə Konqresə lazımi rolu verməsə, hər iki Palatada çoxluq təşkil edən respublikaçılar Irana qarşı sanksiyaların ləğvi və ya dayandırılmasına səs verməyəcək. Üstəlik, Konqres bu anlaşmanı ümumiyyətlə ləğv də edə bilər. Beyner faktiki olaraq Obamaya bu fikri çatdırır – əgər göstərdiyiniz səylərin tarixdə qalmasını istəyirsinizsə, yolunuz Konqresdən keçsin”.
Ottolenge hesab edir ki, Obamanın prezidentlik müddəti ABŞ-la Israil arasında dialoqu sağlamlaşdırmağa çətin ki bəs edə: “Belə ehtimallar da var ki, aprelin ortasında – Israildə növbəti koalisyon hakimiyət formalaşandan sonra Netanyahu yəqin ki, artıq baş nazir olmayacaq və bununla da iki ölkə arasında yaranmış gərginlik öz-özünə həllini tapacaq. Netanyahunun ABŞ-la açıq konfrantasiyaya gedərək seçkidəki şansını riskə atmasına gəlincə, ekspert bildirir ki, bu, Israil hökumətinin narahatlığından irəli gəlir. Belə ki, rəsmi Tel-Əviv ABŞ-ın Tehranla məlum nüvə anlaşmasından və Iran reciminə qarşı mövqeynin yumşalmasından ehtiyat edir”.
Ekspertin fikrincə, əks halda Netanyahu siyasi karyerasını riskə ataraq Konqres kimi bir tribunadan ABŞ-ı bu şəkildə tənqid etməzdi.
Gültəkin