Ermənistanın paytaxtı İrəvanda mitinq keçirilib. Erməni Milli Konqresinin tərəfdarlarının qatıldığı aksiya paytaxtın mərkəzi Azadlıq meydanında olub.
Mitinq Ermənistan iqtidarı ilə müxalifətinin qarşı-qarşıya gəlməsinin 7-ci ildönümü səbəbilə keçirilir. Həmin qarşıdurma nəticəsində rəsmi məlumatlara görə, 8 etirazçı və daxili qoşunların 2 əməkdaşı ölmüşdü.
Tribunada Erməni milli konqresinin rəhbərləri, həmçinin ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan dayanıb. Ermənistan Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan çıxışında 7 il əvvəl baş verən qanlı hadisəni xatırladıb: Bildirib ki, Ermənistan hakimiyyəti silahsız insanlara hücum edib və 2 gün ərzində ölkədə talanlar törədib. Nəticədə 10 adam ölüb, 150-dən çox insan yaralanıb. "Bundan sonra ölkə avtoritar ölkəyə çevrilib. Faciəvi hadisələrin təşkilatçıları və icraçıları hələ də cəzalandırılmayıblar", – deyə o, qeyd edib.
Xatırladaq ki, 2008-ci ilin 19 fevral prezident seçkisindən sonra İrəvanda kütləvi aksiyalar keçirilmişdi. Martın 1-də polisin kütləni silah gücü ilə dağıtması zamanı 10 nəfər öldürülmüş, daha 200 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdı.