Aleksey Kudrin: “İstər siyasətdə, istərsə də iqtisadiyyatda vətəndaşlarımıza sərbəst fəaliyyət göstərmə imkanı verməliyik”
Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin ölkənin iqtisadi böhrandan çıxmasını təmin edə biləcək variantları təklif edib. Onun fikrincə, görülməli olan birinci dərəcəli iş dövlət idarəçiliyi sistemini səmərəli etmək, hakimiyyətlə biznes və ölkə vətəndaşları arasında etimad şəraiti yaratmaqdır.
Kudrinin fikrincə, ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması aşağıdakı addımların atılmasını zəruri edir:
– Pensiya yığımı sistemini bərpa etmək;
– Regionlara əlavə səlahiyyət və maliyyə vəsaitləri vermək;
– Seçkilərdə bərabərhüquqluluğun olmasını təmin etmək
– Vergi qanunvericiliyinə olan dəyişiklikləri dayandırmaq, vergilərin artırılmasına moratorium qoymaq;
– İqtisadiyyatın tənzimlənməsindən əl çəkmək.
Kudrin qeyd edir ki, çox böyük əhəmiyyət kəsb edən məsələ biznesin və cəmiyyətin iqtisadiyyata və hakimiyyətə etimadını bərpa etməkdir.
Kudrin hesab edir ki, iqtisadiyyata münasibətdə populist şüarlar vəziyyətin daha da pisləşməsi ilə nəticələnə bilər.
“Ölkə prezidenti bundan sonra da populist yanaşmalardan əl çəkməsə bu halda iqtisadiyyat daha da zəifləyəcək. Cənubi Koreya, Sinqapur və Çin kimi bəzi şərq ölkələrində siyasi konkurensiyaya yol verməyən avtoritar rejimlər kifayət qədər səmərəli fəaliyyət göstərə biliblər. Bu model Rusiya üçün səmərəsizdir. Sadəcə olaraq ona görə ki, bizim ölkəmiz Avropa mədəniyyətinə daha yaxındır. Bu isə o deməkdir ki, istər siyasətdə, istərsə də iqtisadiyyatda inkişafı təmin etmək üçün vətəndaşlarımıza sərbəst fəaliyyət göstərmə imkanı verməliyik”, – deyə Kudrin vurğulayıb.
azadliq.info