“İqtisadiyyatı monopoliyalardan azad etmək, nüfuzlu məmurların və qohumlarının iştahının qabağını kəsmək lazımdır”
Ermənistan iqtisadiyyatı “böyük neqativ gözləntilər zolağına daxil olub”. Bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyada çıxan “Nuhun Gəmisi” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, Ermənistan iqtisaiyyatının indiki vəziyyəti və gələcək perspektivləri haqda optimist düşünməyə nə daxili, nə də xarici səbəblər var. Əksinə, son vaxtlar qlobal iqtisadiyyata yeni təhlükələr çıxıb. Qərbin və Rusiyanın qarşılıqlı sanskiyaları dünya iqtisadiyyatına necə təsir edəcək, buna Rusiya iqtisadiyyatı necə reaksiya verəcək, bütün bunlar nə qədər davam edəcək – bunların təsirini hələ qiymətləndirmək lazımdır.
Köçəryanın sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmağı onun İran və Gürcüstanla ticarətinə necə təsir edəcək, bu da məlum deyil.
“Bəs nə etmək lazımdır?” sualına cavabında Köçəryan deyib ki: “İqtisadiyyatı sağlamlaşdırmaq lazımdır”.
Öz hakimiyyəti dövründə oliqarxların görünməmiş gücləndiyi Köçəryan indi deyir ki, iqtisadiyyatı monopoliyalardan azad etmək, nüfuzlu məmurların və qohumlarının iştahının qabağını kəsmək lazımdır. “Bunsuz mümkün deyil. Cəmiyyətə aydın siqnal verməl lazımdır ki, işgüzarlıq arzu olunandır və dəstəklənəcək. Şəxsi maraqları bir neçə illiyə arxa plana keçirmək lazımdır, bu maraqları unutsalar, lap yaxşıdır”, – deyə o, bildirib (azadliq.org).