Rusiya prezidenti Yeltsinin taleyini yaşayacaq
Razi Nurullayev: «Putini xilasedici rolunda görən rus xalqı vəziyyətinin ağırlaşdığını görəndə ondan üz döndərəcək»
ABŞ-ın “Stratfor” Beynəlxalq Araşdırmalar Mərkəzi Putinin yürütdüyü siyasətin onu məhvə doğru apardığını yazıb.
Mərkəzin ekspertlərinin iddiasına görə, vaxtilə Kosova problemi gündəmə gələndə keçmiş prezident Boris Yeltsinin hakimiyyətinin sonu olacağı proqnozlaşdırıldı və bu baş verdi. Eyni taleyi Putin də yaşaya bilər. Belə ki, Kosova böhranı ərzində rus siyasətçiləri Serbiyada NATO müdaxiləsinə meydan oxumağa başladı, nəticədə isə Boris Yeltsinin özü təcrid olundu və hakimiyyətdən getdi.
Ukrayna böhranı, Putinin Ukrayna müdaxiləsi müəyyən mənada Yeltsinin Kosova məsələsində yürütdüyü siyasətə bənzəyir. Bu baxımdan hesab etmək olar ki, Putin Yeltsinin taleyini yaşayacaq.
Politoloq Razi Nurullayev Putinin hazırda bütün dünya ilə üz-üzə qaldığını deyir. Lakin Rusiya iqtisadi və siyasi cəhətdən o qədər güclü ölkədir ki, uzun müddət dünya qarşısında təkcə tab gətirə bilsin. Rusiyaya tətbiq olunan sanksiyalar iqtisadiyyatı zəiflətməkdə davam edir. İxrac və idxal qabiliyyətini çox ciddi şəkildə aşağı salır. Bu baxımdan hələ də Putini xilasedici rolunda görən rus xalqı iqtisadi və sosial cəhətdən vəziyyətlərinin ağırlaşdığını görəndən sonra ondan üz döndərməyə meyllənəcək.
Ekspertin sözlərinə görə, Putin indiki siyasətindən əl çəkməsə Rusiya diktaturaya doğru meyllənməkdə davam edəcək. Belə olan halda Rusiya getdikcə daha da qapalı ölkəyə çevriləcək. Əgər vəziyyət belə davam etsə və putin qarşıdurmadan çəkinməsə, yaxın 3 ildə «Stratfor»un dediyi proqnozlar özünü doğrulda bilər.
Fizzə