Fətullah Gülən tərəfdarları dövlət çevrilişinə cəhddə ittiham edilir
«Samanyolu» telekanalı və «Zaman» qəzetinin rəhbərliyi, serial müəllifləri və rejissorlar da olmaqla, 32 nəfər həbs olunub
Avropa strukturları Ərdoğanın Gülən tərəfdarlarına qarşı əməliyyatına sərt reaksiya verdi
Dünən səhər saatlarında Türkiyədə Fətullah Gülən camaatına qarşı yeni həbs dalğası başlayıb. Polis və təhlükəsizlik əməkdaşları Istanbul və başqa bölgələrdə aralarında jurnalist və serial rejissorları, ssenaristlər də olan 32 nəfəri saxlayıb. Əməliyyat Istanbulda “Zaman” qəzetinin ofisindən başlayıb. Polislər burada gecədən qəzetə dəstək üçün toplanmış minlərlə adamın “Azad mətbuatı susdurmaq olmaz!”, “Zaman”a sahib çıxmanın zamanı!”, “Tarix, bunları da yaz!” şüarları ilə qarşılanıblar.
Qəzetin baş redaktoru Əkrəm Dumanlı kabinetində olub. Bildirib ki, heç yerə qaçıb getmək niyyəti yoxdur. “Bizim heç bir təqsirimiz, cinayətimiz yoxdur, nədən qorxmalıyıq? Cinayəti, günahı olanlar qorxsun.
Haqqımızda istintaq başladığını eşidəndə “Twitter”də bildirdik ki, biz burdayıq, buyurun gəlin. Haqqımda həbs qərarı çıxarmısınız, gəlin, əvvəl bir çayımızı için. Sonra hara gedəcəyiksə, gedək. Allah haqqın yanındadır. Bu günlərimiz də keçər. Demokratiyamıza sahib çıxaq”, – deyə Əkrəm Dumanlı həbsindən əvvəl açıqlamasında bildirib.
Əkrəm Dumanlıya dəstək üçün gələnlər arasında keçmiş futbolçu və millət vəkili Hakan Şükür də olub.
Həbs orderini vəkilə təqdim edən polislər Əkrəm Dumanlını “Zaman”ın redaksiyasından çıxarıb apararkən kütlənin müqavimətilə qarşılaşıb. Redaksiyanın binası önünə toplaşanlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədə demokratiyanı boğduğunu, müstəqil mətbuatı susdurmağa çalışdığını bildiriblər.
Istanbulda “Samanyolu” televiziyasının rəhbəri Hidayət Qaraca da evində həbs edilib. Həbslə əlaqədar Qaraca bunları deyə bilib: “Əgər həbs qərarı varsa, gedərik. Içimiz rahat, alnımız açıq, başımız dikdir. Nə qəm-kədər? Önəmli olan millətə xidmətdir, biz də burda qəlbimiz rahat şəkildə gözləyirik. Amma bu görüntülər Türkiyəyə yaraşan deyil.
Bazar günü istirahət edəcəkləri halda, bizə görə narahat olanlardan üzr istəyirik. Amma nə edək ki, bura Türkiyədir. Demokratiya görə bəzən bədəl (əvəzi) ödənməlidir. Bu bədəldirsə,ÿmillətimizə fəda olsun”.
Qaraca bir neçə ssenari müəllifinin də həbs edilməsinə toxunaraq bildirib ki, ssenarilər müəlliflərin xəyalının məhsuludur: “Deməli, bu nifrət əməliyyatı bir xəyal məhsuludur, çünki ssenarilər xəyal məhsulu olur. Ssenaristlər də xəyal məhsulunu qələmə alırlar. Yazıqlar olsun”.
“Samanyolu TV”nin “Sunqurlar” serialının prodüseri Saleh Asan və rejissoru Engin Koç da Əskişəhərdə keçirilən əməliyyatda saxlanılıblar. Onları şəhər polisinin terrorla mücadilə şöbəsinə aparıblar. Orada ifadələri alındıqdan sonra isə Istanbula göndəriliblər.
Vanda aparılan əməliyyatda isə telekanalda yayımlanan “Tək Türkiyə” serialının ssenari müəllifi Makbule Çam Alemdağ evində həbs olunub.
“14 dekabr” əməliyyatında bir neçə nəfər keçmiş polis rəislərinin də saxlanıldığı bildirilir. Həbs edilənlər arasında Elif Yılmaz adlı bir qadın da var. “Hürriyet”in məlumatına görə, ümumilikdə 32 nəfər saxlanılıb. Onların 2009-cu ildə “Tahşiyeciler” olaraq bilinən qrupa qarşı işdə “cinayət və dəlil uydurduqları”, “saxtakarlığa yol verdikləri” iddia edilir. Xatırladaq ki, 2009-cu ildə “Tahşiyeciler” işi ilə bağlı 100-dən çox adam tutulmuş və qrupun “Əl-Qaidə”yə yaxın olduğu bildirilmişdi.
Əkrəm Dumanlının vəkili Həsən Günaydın da müvəkkilinə qarşı ittihamlardan danışıb: “Türkiyə Cümhuriyyətinin suverenliyini ələ keçirmə məqsədilə basqı, təhdid, təzyiq üsullarından istifadə edərək təşkilatlanmaq və bununla da insanları azadlığından məhrum etmək, saxta sənəd hazırlamaqda ittiham olunur”.
Təhlilçilər Türkiyədə baş verənləri Ərdoğanın Fətullah Gülənin “Hizmet” təşkilatına qarşı yeni hücumu kimi dəyərləndirir. Bu əməliyyatların ən diqqət çəkən məqamlarından biri ötən il Türkiyədə baş verən korrupsiya qalmaqalının ildönümü ərəfəsində həyata keçirilməsidir. Xatırladaq ki, ötən ilin 17 dekabrında Türkiyənin iki ən böyük şəhərində – Istanbul və Ankarada korrupsiya ilə bağlı əməliyyat keçirilmiş, o vaxtkıÿ daxili işlər, iqtisadiyyat, ətraf mühitin qorunması və şəhər salma işləri üzrə nazirlərin oğulları, tanınmış iş adamları həbs olunmuşdu.
Türkiyə mediası həbs olunanların sayının ümumilikdə, ən azı 84 olduğunu yazırdı.
“Böyük Rüşvət” əməliyyatında həmin dövrdə baş nazir, hazırda isə prezident olan Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın, həmçinin onun Idarə Heyətinin üzvü olduğu “Türkiyə Gənclik və Təhsilə Xidmət Fondu”nun da adı hallanırdı. Hətta Bilal Ərdoğana məxsus olduğu iddia edilən gizli səs yazısı yayılmışdı ki, həmin danışıqda o, atası ilə topladıqları sərvətin gizlətmək yolları haqda danışırdı.
O zaman Ərdoğan baş verənlərə görə, Fətullah Güləni “paralel dövlət” yaratmaq cəhdində ittiham etmiş, həbsləri həyata keçirən, gizli səs yazılarını lentə alan polis, prokurorluq əməkdaşları vəzifələrindən azad edilmiş, ardınca da Gülən tərəfdarlarına qarşı əks-hücum start verilmişdi. O vaxtdan bəri Ərdoğan rəqiblərinə qarşı kampaniyanı bir an da dayandırmayıb və hazırkı həbslər ona müxalif olanlar üzərinə hücumun ikinci mərhələsi kimi qiymətləndirilir.
Lakin beynəlxalq aləm Ərdoğanın son addımlarına kəskin reaksiya verib. Son həbslər beynəlxalq miqyasda azad media üzərinə hücum kimi qiymətləndirilib.
Avropa Birliyi Türkiyədəki həbslərə sərt reaksiya verib. Təşkilat adından yayılan bəyanatda bildirilir ki, Avropa Birliyinə üzv olmaq istəyən ölkədə demokratiyanın təməl prinsipi olan söz azadlığına hücum yolverilməzdir: “Avropa Birliyinə üzvlük üçün təməl prinsiplər hüququn aliliyi və insan haqlarına hörmətdir”.
“Bu əməliyyat Avropa dəyərlərinə və standartlarına qarşı yönəlib”, – deyə Avropa Birliyinin xarici əlaqələr xidmətinin rəhbəri Federika Mogerini və Genişlənmə siyasəti üzrə komissar Yohannes Xanın birgə bəyanatında vurğulanıb.
Türkiyədə baş verənlərin Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin toplantısında müzakirəsi gözlənilir.
Avropa Parlamentinin sədri Martin Şults da Türkiyədəki olayları pisləyib. Şult Avropa Birliyinə üzvlük üçün söz azadlığına sayğının əsas şərtlərdən biri olduğunu qeyd edib.
Avropa Şurasının baş katibi Torbörn Yaqland bildirib ki, yanvar ayında Ankaraya səfəri zamanı mətbuat azadlığıyla bağlı məsələni ciddi şəkildə müzakirə edəcəyini bildirib.
Türkiyə ana müxalifətinin lideri, CHP sədri Kamal Kılıcdaroğlu son həbsləri “dövlət çevrilişinə” bənzədib: “Yaşadığımız hadisələr sağlam demokratik ölkələrdə baş verəcək hadisə kimi qəbul oluna bilməz. Bu gün baş verənlər Türkiyə demokratiyasına qarşı böyük bir zərbədir. Biz hər zaman məzlumun yanında olacağıq. Bunu hər kəsin bilməyini istəyirəm”.
Fətullah Gülənə yaxınlğını gizlətməyənÿ Hakan Şükür də 14 dekabr əməliyyatında saxlanılanlara dəstəyini ifadə edib. O, özünün “Twitter” hesabında yazıb: “Nə qədər böyük bir rüşvət iddiası var ki, ”rüşvət həftəsi”ndə gündəm dəyişdimək üçün insanları uydurma əməliyyatlarla həbs edirlər; Türkiyə Cümhuriyyəti mətbuat azadlığına zərbəylə oyandı. Həm də zərbə dövrlərini aratmayan bir zərbə ilə…; 4-14 dekabr türk mediyası tarixinə qara gün kimi keçəcək. Tarix bunu yazacaq”.
Həbslərə baş nazir Əhməd Davudoğlu da münasibət bildirib. Hamının öz hərəkətlərinə görə cavab verəcəyini deyən baş nazir, müxalifət lideri Kamal Kılıçdaroğlunu da dövlətə qarşı fəaliyyətdə ittiham edib.
Davudoğlunun sözlərinə görə, o, paralel qurumların dili ilə Milli Kəşfiyyat Təşkilatına hücumlar edir: “Eyni dillə Türkiyə Cümhuriyyətini, hökumətimizi və demokratiyanı yıxmağa çalışır. Bu gün imtahan günüdür. Hər kəs etdiklərinin və bu ölkədə demokratiyaya qarşı fəaliyyətiinin hesabını verəcək, demokratiyanın yanında yer alarsa mükafatını da görəcək”.
İnformasiya şöbəsi