YUKOS-un keçmiş rəhbəri, iş adamı Mixail Xodorkovski Bloomberg-ə müsahibəsində bildirib ki, böyük ehtimalla yaxıın 10 ildə Putin hakimiyyətdə qala bilməyəcək. İş adamı Rusiya liderinin «yaxın ətrafının» çevriliş edəcəyini ehtimal edir. Seçkilər isə hakimiyyət dəyişikliyinə səbəb olmayacaq.
«Güman edirəm ki, yaxın ətrafı Putin üçün problem yaradacaq», – deyə YUKOS-un keçmiş rəhbəri bildirib. Onun sözlərinə görə, küçə toqquşmalarındansa, belə variant daha yaxşıdır. Çünki saray çevrilişi zamanı daha az qan töküləcək.
Xodorkovski bu ssenarini az inandırıcı hesab etsə də, belə olacağı təqdirdə Rusiyaya qayıdıb keçid hökumətinə başçılıq edə biləcəyini də deyir. Belə bir hökumət azad və demokratik seçkilərə qədər 2-3 il fəaliyyət göstərə bilər.
Xodorkovskinin fikrincə, maliyyə manevri üçünn Putinin imkanları xeyli azalıb. Ona görə də istənilən səhvin nəticəsi ağır olacaq. Hətta neftin 1 bareli 120 dollara olsa da, Putin idarəçiliyində bu problem yaradır.
YUKOS-un keçmiş rəhbəri qeyd edir ki, Krımın birləşdirilməsindən yaranan eyforiya yaxın illərdə keçib gedəcək və əhali iqtisadi tənəzzülü hisss edəcək.
azadlıq.info