Elxan Şahinoğlu: “Türkiyənin yaxın dövrlərdə Azvropa Birliyinə üzvlüyü inandırıcı görünmür”
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan avqustun 28-də keçirilən andiçmə mərasimində deyib ki, Avropa Birliyinə üzvlük, demokratik islahatlar və kürdlərlə sülh prosesi onun üçün əsas prioritetlər olacaq.O bildirib ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü strateji məqsəddir, o bunu daha qəti şəkildə gerçəkləşdirəcək.
Əslində, Ərdoğanın bu 3 prioriteti yenilik deyil. O həmişə bu məsələlərin önəmindən danışıb və bu istiqamətdə müəyyən addımlar da atılıb. Ancaq, Avropa Birliyinə üzvlük də hələ ki, dalana dirənib.
Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, Türkiyənin Avropa Birliyindən imtina etməyəcək, ancaq yaxın vaxtlarda Avropa Birliyinə üzvlük də real görünmür: “Bir siyasətçinin dediklərinə yox, əməllərinə diqqət etmək lazımdır. Ərdoğan 12 il baş nazir olub və hakimiyyətinin ilk dönəmlərində Avropa Birliyi ilə əməkdaşlığa çox can atırdı. Ancaq Avropa Birliyi sərt şərtlər qoyduğu üçün, Ərdoğan bu qurumdan üzv döndərdi və proses xeyli müddətə dayandırıldı.İndi Türkiyədə belə fikirlər səsləndirilir ki, Avropa Birliyinə ehtiyacımız yoxdur, Avropada iqtisadi tənəzzül var və s. Türkiyə təbii ki, Avropa Birliyindən imitna etməyəcək, amma üzvlük üçün yalvarmayacaq da. Müəyyən tədbirlərə qatılacaqlar, müəyyən əməkdaşlıq olacaq, ancaq yaxın dövrlərdə sıx əməkdaşlıq inandırıcı görünmür”.
Digər məsələlərə gəlincə, ekspert bildirdi ki, siyasi islahatların aparılması real görünmür, ancaq kürd məsələsində yenə də addımlar atıla bilər: “Uzun illərdi hakimiyyət AKP-nin əlindədir və nazirləri də faktiki Ərdoğan təyin edir. Ona görə də siyasi baxımdan islahatlar nəzərə çarpmayacaq, müxalifətin zəif olması da bunu deməyə əsas verir. Ancaq, kürd məsələsində müəyyən addımlar atıldı. Özlərinin məktəbləri, radioları, televiziyaları var və bundan sonra da müəyyən güzəştlər əldə etmələri real görünür. Çünki, Ərdoğan PKK məsələsindən canını qurtarmaq istəyir”.
Ekspert əlavə etdi ki, prioritetlərdən biri də Gülən şəbəkəsinin neytrallaşdırılması olacaq: “ Gülən camaatı Ərdoğana böyük təhlükədir. Ancaq, Ərdoğan bu şəbəkəni müəyyən qədər zəiflədə bildi. Prezidentlik dönəmində də bu mübarizəni davam etdirəcək və mümkündür ki, Gülənə məxsus məktəblər də qapadılsın. Bu şəbəkənin güc mərkəzlərindən biri də Azərbaycandır və Ərdoğanın Bakı səfərində bu məsələ yenidən gündəmə gələcək”.
Akif