Onun erməni ictimaiyyətini sakitləşdirmək üçün bölgəyə səfər etməsi güman olunur
Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistana gedir. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Ovik Abramyan bildirib. Onun sözlərinə görə, səfər sentyabrın 8-9-da baş tutacaq. Abramyan bildirib ki, D.Medvedevin avqust-sentyabr aylarında Gürcüstan, Iran və Rusiya baş nazirləri ilə görüşü nəzərdə tutulub. O, görüşlərdə ölkələr arasında ikitərəfli münasibətlərin müzakirə ediləcəyini deyib.
Politoloq Vəfa Quluzadə söyləyir ki, Ermənistan Rusiyadan çox narazıdır və bunu dəfələrlə bəyan edib. Ermənistanın iqtisadiyyatının bərbad vəziyyətdə olmasıyla yanaşı, onun Avropa Birliyinə doğru getməyə Rusiyanın qadağa qoyması, həmçinin, Rusiyanın Ermənistanı Gömrük Ittifaqına girməyə məcbur etməsindən erməni ictimaiyyətinin narazı olması məsələni aktual edib: “Rusiya Azərbaycanla silah satışı sahəsində güclü əməkdaşlıq edir. Bunların hamısı Ermənistanda böyük narazılıq dalğası yaradıb. Ermənistandakı mövcud vəziyyətə görə Medvedev ora səfərə gedir. Bu səfər bir növ onları sakitləşdirmək xarakteri daşıyır”.
V.Quluzadə xatırladır ki, Rusiyada hazırda ağır iqtisadi durum yaşanır. Sanksiyalara görə Rusiya keyfiyyətə tələbi aşağı salıb və onun Ermənistanın məhsullarını almaq ehtimalı da ola bilər. Ermənistanın Rusiyadan ayrılması ehtimalının reallaşmaması, bütün bu məsələləri yoluna qoymaq Medvedevin Ermənistana səfərini zəruri edib.
Informasiya şöbəsi