Vəfa Quluzadə: «Kremlin atdığı addımlar, verilən bəyanatlar tamamilə reallıqdan uzaqdır»
Rusiya baş naziri Dmitri Medvedev ötən gün Ukraynanın Avropa yolunu seçməsindən danışarkən Türkiyənin də ünvanına bir sıra mesajlar verib. Türkiyənin AB-yə üzvlük perspektivinin olmadığını deyən Medvedev vurğulayıb ki, Ukraynanı da eyni aqibət gözləyir: “Ukrayna nə zaman Avropa Birliyinə (AB) girəcək? Türkiyədən sonra. Türkiyə nə zaman AB üzvü olacaq? Heç bir zaman”.
“Nezavisimaya” qəzeti üçün məqalə yazan Medvedev qeyd edib ki, bir il əvvəl Rusiya ilə Ukraynanın bir-birinə düşmən olacaqlarını biri mənə söyləsəydi, qətiyyən inanmazdım. Amma bu oldu. “Əsrlik birliyimiz bir ildən qısa müddətdə düşmənçiliyə çevrildi. Ukrayna bu işdən qazanclı çıxacaqmı? Xeyr. Avropa yolunu seçdiyini xalqına elan edən indiki Kiyev hakimiyyətinə AB kürsü vermədiyi kimi, heç kənarda oturmaq üçün kətil belə təklif etmir. Ukraynaya baxanda ağlıma Türkiyə gəlir. Türkiyə ilə AB arasında ortaqlıq razılaşması 51 il əvvəl imzalanıb. Nəticə olaraq nə görürük? Türkiyə hələ Avropa qapısının astanasında gözləyir. Bir zaman Rusiyanın baş naziri olmuş Viktor Çernomırdinin məsələ ilə bağlı etdiyi zarafat yadıma düşür”, deyə Medvedev vurğulayıb.
Rusiyanın hazırkı iqtidarının baş verənlər üzündən aqoniya vəziyyətində olduğunu deyən politoloq Vəfa Quluzadə hesab edir ki, Kremlin atdığı addımlar, verilən bəyanatlar tamamilə reallıqdan uzaqdır. Rusiyanın Ukraynaya qarşı apardığı siyasətin tamamilə iflasa uğradığını deyən V.Quluzadə bildirdi ki, Ukrayna olduqca güclü addımlarla Avropaya inteqrasiya kursunu seçib: “Ukraynanın Avropa Birliyinə üzv qəbul olunması Rusiya üçün böyük təhlükədir. Rusiyadakı rejim çürük rejimdir. Bu hakimiyyət Rusiyanı inkişafa apara bilməz. Ukraynanın isə Avropaya inteqrasiya edərək dövləti inkişaf etdirməsi Rusiya ilə müqayisədə müsbət məqamları ortaya qoycaq”.
Amma Türkiyə ilə Avropa Birliyinin münasibətlərinə gəlincə, V.Quluzadə bildirdi ki, Ankaranın son zamanlar yürütdüyü siyasət bu əlaqələri xeyli soyudub: “Türkiyə gərək özünü Avropa standartlarına çatdırsın ki, onu Avropa Birliyinə qəbul etsinlər. Ukrayna Avropa Birliyinə qəbul ediləcək. Birincisi, Türkiyədən fərqli olaraq Ukrayna xristian ölkəsidir. Amma Türkiyə atdığı addımlarla Osmanlı imperiyasına doğru qayıtmaq istəyir. Türkiyə Osmanlı imperiyasını yarada bilməyəcək. Əgər Türkiyə Osmanlı imperiyasının siyasətini tətbiq etmək istəsə, o zaman ölkə yüz il geri gedəcək”.
Xəyal