G-20 sammitinin keçirildiyi Avstraliyada Rusiya prezidenti Putinə soyuq münasibət göstərilib. Hava limanında Rusiya prezidentini ikinci dərəcəli məmurlar qarşılayıb. Baxmayaraq ki, digər liderləri ölkənin general-qubernatoru Piter Kosqrouv və Kvislend ştatının baş naziri Kempbell Nyuman qarşılayıb. Qarşılanma zamanı məmurlar nümayişkəranə şəkildə üzlərini yana çeviriblər. Nyuman isə jurnalistlərə açıqlamasında Putinlə üz-üzə gəlmək istəmədiyini deyib.
Putin sammitin keçirildiyi Brisben şəhərində ikinci dərəcəli mehmanxanada yerləşdirilib. Digər ölkələrin nümayəndələrinə seçim imkanı verildiyi halda Rusiya nümayəndə heyətinə belə imkan yaradılmayıb.
Avstraliyanın aparıcı nəşrlərindən olan “Courier Mail” Putnə Malayziya təyyarəsinə görə üzr istəməyi təkli edib. Qəzet həmçinin Putinlə bağlı karikatura da dərc edib. Qəzetdə eyni zamanda baş nazir Toni Ebbotun anti-Rusiya bəyanatlarına da geniş yer verilib.
Almaniya kansleri Angela Merkel və Britaniyanın baş naziri Devid Kameron da oxşar fikirlər səsləndiriblər. Hər iki lider Ukraynada vəziyyət dəyişməyəcəyi təqdirdə sanksiyaların sərtləşdirilməyinin tərəfdarı kimi çıxış edib.
Tədbir zamanı dünyanın aparıcı ölkələrinin liderləri nümayişkəranə şəkildə Putindən uzaq durmağa çalışıb və o, əksər vaxtı tək qalıb. Birgə şəkil çəkilən zaman da Putin kənar yerdə dayanmalı olub. Daha sonra isə Merkel, Olland, Ebbot və Obamanın getdiyi istiqamətin əks tərəfinə dəvət edilib.
azadliq.info