Ukraynanın müstəqillik günü münasibətilə Moskvanın mərkəzində, binalardan birinin üstündəki qüllədə beşguşəli ulduzu Ukrayna bayrağının rənginə boyayan, qülləyə isə bayrağın özünü sancan 4 nəfər haqqında cinayət işi açılıb. Onları 7 ilə qədər həbs gözləyir.
Amma avqustun 22-də Ukraynada sosial şəbəkələrdə özünü Qriqoriy (Mustang Wanted) kimi təqdim edən bir Ukrayna vətəndaşı bu əməliyyatı özünün həyata keçirdiyini iddia edib. O, yazıb: «Əziz həmvətənlər, rusiyalılar və Rusiyanın şücaətli hüquq mühafizə əməkdaşları… Mən həmin adamam ki, əsl vətənpərvərlik hissləri ilə Kotelniçeskiy Naberejnıdakı qülləyə dırmanaraq oranı Ukrayna bayrağının rənglərinə boyadım, orada Ukrayna bayrağını asdım. Bunu təsdiqləyəcək foto və video sübutlarım da vardır. Bu proses çox əmək tələb edirdi, mən demək olar ki, bütün gecəni işlədim və səhər saat 6-da yatmağa getdim. İndi hər birini 7 il həbs gözləyən Rusiya vətəndaşlarını isə bütün bu müddət ərzində mən orada görməmişəm və qeyd etməliyəm ki, mən bu adamları heç tanımıram da. Amma bəlli olduğu kimi, Rusiya məhkəməsi dünyada ən ədalətli məhkəmədir! Özümü bu “xuliqanlığa” görə günahkar hesab edirəm. Gözəl və cəsarətli Ukrayna qızı olan Nadejda Savçenkonun əvəzinə sizin məhkəmələrinizin qarşısında durmağa hazıram. O qız heç nədə günahkar deyil, mən isə heç olmasa, sizin ulduzunuzu rəngləmişəm».
Mustang Wanted bəyanatını bu foto ilə yayıb
Rusiyanın hüquq mühafizə orqanları indi bu bəyanatla bağlı dəqiuqləşdirmələrə başlayıblar.